İşğal zamanı Ağdam böyük dağıntılara məruz qalmışdı – Kamaləddin Qafarov

Baş səhifə

Bakı. Trend:

Torpaqlarımızın 20%-ni işğal altında saxladıqları 30 ilə yaxın
müddət ərzində erməni vandalları zəbt etdikləri bütün şəhər və
kəndlərimizdə olmazın dağıntılar törətmiş, tarixi-mədəni
abidələrimizi məhv etmiş, ölkəmizin təbii sərvətlərini talayaraq
Ermənistana daşımışlar. Lakin bütün bunlara rəğmən, məhz Ağdam
şəhəri daha böyük miqyasda dağıntılara məruz qoyulmağı ilə diqqəti
xüsusi olaraq cəlb edir.

Bunu Trend-ə 20 noyabr Ağdam
Şəhəri Günü ilə bağlı mətbuata verdiyi açıqlamasında Milli Məclisin
deputatı Kamaləddin Qafarov deyib.

O bildirib ki, Vətən müharibəsindən sonra, artıq azad edilmiş
Ağdama gələn xarici jurnalistlər buranı “Qafqazın Xirosiması”
adlandırmışlar. “Hətta təxmini hesablamalara görə Erməni işğalı
nəticəsində Ağdama 13 milyard 135 milyon ABŞ dolları məbləğində
ziyan dəyib. Ağdam şəhəri, onun qədim keçmişin şahidi olan çox
sayda tarixi abidələri, mədəniyyət, memarlıq nümunələri düşmən
tərəfindən vəhşicəsinə dağıdılıb.”

Millət vəkili ermənilərin zəbt etdikləri ərazilərdə beynəlxalq
konvensiyaların prinsiplərinə zidd əməllər törətmələrindən də bəhs
edib: “Nə qədər qəribə səslənsə də, Ağdamın işğal faktı ilə bağlı
dünya ictimaiyyəti ilk baxışda yekdil mövqe ifadə etmişdi. ATƏT-in
Minsk qrupunun 9 ölkəsi adından bu “hücum qətiyyətlə pislənmiş”,
“işğal olunmuş ərazilərdən qoşunların çıxarılmasına çağırış
edilmişdi”. BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü il 29 iyul
tarixində qəbul etdiyi 853 saylı qətnamədə isə “işğalçı qüvvələrin
Ağdam rayonu və digər işğal edilmiş Azərbaycan ərazilərindən
dərhal, tam və qeyd-şərtsiz çıxarılması” tələb edilirdi. Lakin
bütün bu tələblər sadəcə kağız üzərində idi. Reallıqda isə,
Ermənistan tərəfi beynəlxalq qanunlara tabe olmaqdan yayınır,
beynəlxalq təşkilatlar da rəsmi İrəvanı buna məcbur etmirdilər.
Cəzasızlıq mühitindən arxayınlaşan Ermənistan Cenevrə
Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini də kobud şəkildə
pozaraq, Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı
mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi
qeyri-qanuni əməllər törədirdi. Bütün bunlara baxmayaraq,
beynəlxalq təşkilatlar bu cinayətlərin qarşının alınması üçün uzun
illər ərzində bircə əməli addım belə atmadılar. Sonda Azərbaycan
özü 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəsi ilə
həm torpaqlarının işğalına son qoydu, həm də BMT Qətnamələrinin
icrasını təmin etdi. O cümlədən, 10 noyabr 2020-ci il tarixində
imzalanmış üçtərəfli Bəyanatın şərtlərinə uyğun olaraq 2020-ci il
noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana
təhvil verildi. Bununla da əsaslı şəkildə insan tələfatının qarşısı
alındı. Bu gün isə Ağdam digər azad olunmuş şəhərlərimiz kimi,
yenidən qurulur və özünün əsl sahiblərini yenidən qarşılamağa
hazırlaşır”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir