Əlilliyi olan şəxslərin dərman preparatları ilə təmin olunması qaydasında dəyişiklik edilib

Baş səhifə

Bakı. Trend:

“Əlilliyi olan şəxslərin dərman preparatları, tibbi xidmət və
ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə təmin
olunması Qaydası”nda dəyişiklik edilib.

Trend xəbər
verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar
imzalayıb.

Sənədə əsasən, təqsirkar işəgötürən yenidən təşkil edildiyi
halda əlilliyi olan şəxslər onun hüquqi varisi tərəfindən
sanatoriya-kurort putyovkası (yollayışı) ilə təmin olunacaqlar.

Növbə çatdıqda Xidmətlər Agentliyinin yerli qurumu və ya Təminat
Agentliyinin müvafiq “DOST” mərkəzi tərəfindən sanatoriya-kurort
müəssisəsi və sanatoriya-kurort putyovkasının (yollayışının) vaxtı
barədə əlilliyi olan şəxsin, əlilliyi olan uşaqlara münasibətdə
onların qanuni nümayəndələrinin əlaqə vasitələrindən birinə
sanatoriya-kurort müəssisəsinə getmə vaxtından ən azı 7 (yeddi) iş
günü əvvəl məlumat göndərilir və həmin şəxslər ən azı 3 (üç) iş
günü əvvəl sanatoriya-kurort putyovkası 2 (yollayışı) ilə təmin
olunurlar. Əlilliyi olan şəxs (qanuni nümayəndə) məlumatı aldıqdan
sonra 3 (üç) iş günü ərzində sanatoriya-kurort müəssisəsinə
gedib-getməyəcəyi barədə yazılı, şifahi və ya elektron formada
Xidmətlər Agentliyinin yerli qurumunu və ya Təminat Agentliyinin
müvafiq “DOST” mərkəzini məlumatlandırmalıdır.

Əlilliyi olan şəxs (qanuni nümayəndə) sanatoriya-kurort
putyovkası (yollayışı) ilə təmin olunması təsdiq edildikdən sonra
il ərzində iki dəfədən çox olmayaraq sanatoriya-kurort müəssisəsinə
getməyəcəyi barədə Xidmətlər Agentliyinin yerli qurumunu və ya
Təminat Agentliyinin müvafiq “DOST” mərkəzini bu Qaydanın 4.6-1-ci
bəndində nəzərdə tutulan müddətdə məlumatlandırmadıqda və (və ya)
təklif olunan sanatoriya-kurort putyovkasından (yollayışından)
imtina etdikdə növbədən çıxarılır və əlilliyi olan şəxsin (qanuni
nümayəndənin) əlaqə vasitələrindən birinə bu barədə məlumat
göndərilir.




Növbədən çıxarılmış əlilliyi olan şəxs (qanuni nümayəndə)
növbədən çıxarıldığı gündən 5 (beş) iş günü sonra yenidən növbəyə
götürülmək üçün Xidmətlər Agentliyinin yerli qurumuna və ya Təminat
Agentliyinin “DOST” mərkəzinə müraciət edə bilər.

Orqanizmin funksiyasının 81-100 faiz pozulmasına görə əlilliyi
müəyyən edilmiş şəxsin, həmçinin əlilliyi olan uşağın müşayiətçiyə
ehtiyacı olduqda, Fərdi Reabilitasiya Proqramının tibbi
reabilitasiya bölməsində bu barədə qeyd aparılır. Orqanizmin
funksiyasının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş
şəxsi və ya əlilliyi olan uşağı müşayiət edən şəxslər
sanatoriya-kurort putyovkası (yollayışı) ilə həmin şəxslərin
sanatoriya-kurort putyovkası (yollayışı) ilə təmin olunduqları
qurum tərəfindən təmin olunurlar.

Əlilliyi olan uşağın müşayiətçisi qismində uşağın valideynləri,
digər qanuni nümayəndələri (qəyyumları, övladlığa götürənləri,
himayəçiləri) və ya valideynin icazəsi ilə etibarnamə verilmiş
digər şəxslər də müəyyən oluna bilərlər. Əlilliyi olan uşağın
valideyninin (digər qanuni nümayəndəsinin) və ya orqanizmin
funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən
edilmiş şəxsin Xidmətlər Agentliyinin yerli qurumları və ya Təminat
Agentliyinin “DOST” mərkəzlərinə yazılı və ya elektron müraciəti
əsasında müşayiətçinin sanatoriya-kurort putyovkası (yollayışı) ilə
təmin olunduğu müddət ərzində bir dəfədən çox olmayaraq
dəyişdirilməsinə yol verilir.

Sanatoriya-kurort müəssisələri əlilliyi olan şəxsin
sanatoriya-kurort müəssisəsinə qəbul olunduğu və həmin müəssisədən
buraxıldığı tarix, habelə aparılmış müalicələrin nəticələri barədə
məlumatları və “Geri qayıtma” talonunu müalicə başa çatdıqdan sonra
30 (otuz) gün müddətində aidiyyəti quruma təqdim edir. Xidmətlər
Agentliyinin yerli qurumu və ya Təminat Agentliyinin “DOST” mərkəzi
daxil olmuş məlumatları 3 (üç) iş günü müddətində MEİS-in
“Sanatoriya-kurort” altsisteminə daxil edir və həmin məlumatlar
avtomatik olaraq Fərdi Reabilitasiya Proqramının yerinə yetirilməsi
barədə hesabatda əks olunur və onun putyovkanın (yollayışın)
istifadəsini təsdiq edən sənəd kimi saxlanılması təmin olunur.
İşləyən əlilliyi olan şəxslərə münasibətdə isə “Geri qayıtma”
talonunun qeydiyyatının aparılması və onun saxlanılması məsələləri
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr
tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət
sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti
itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən
müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 141-ci
bəndinə uyğun təmin edilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir