
Bakı.Trend:
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin müşahidə kameraları
vasitəsilə məktəbətrafı yollarda aparılan təhlillər göstərir ki,
bəzi valideynlərin məsuliyyətsiz davranışı azyaşlıların yollarda
təhlükəsizliyinə mənfi təsir göstərir.
Trend xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual
İdarəetmə Mərkəzinin valideynlərə müraciətində deyilir.
Bildirilir ki, övladlarını məktəbə aparmaqla vəzifələrinin
bitdiyini zənn edən bir qisim valideynlər bəzən qaydalara məhəl
qoymadan övladları ilə birgə yolu keçərək məktəblilərdə yanlış
nümunə formalaşdırırlar. Bu cür davranışlar azyaşlıların tək
olduqları zaman da eyni qayda pozuntularını təkrarlamasına və
nəticədə təhlükəli situasiyaların yaranmasına, yol-nəqliyyat
hadisələrinin baş verməsinə səbəb olur.
Belə halların qarşısını almaq üçün valideynlərdən xahiş olunur
ki, övladlarına yollarda təhlükəsiz davranış qaydalarını izah etsin
və gündəlik həyatda bu qaydalara əməl etmələri üçün onlara nümunə
olsunlar. Xüsusilə, piyada keçidlərindən düzgün istifadə, svetofor
siqnallarına riayət və yolu keçərkən ətrafı diqqətlə müşahidə
etməyin əhəmiyyəti azyaşlılara aydın formada çatdırılmalıdır.
Unutmayaq ki, uşaqlar ilk növbədə valideynlərinin davranışını
təkrarlayırlar. Qaydalara uyğun hərəkət etmək isə onların
təhlükəsizliyinin və sağlam gələcəyinin təmin olunması
deməkdir.

