
Mərkəzi Asiya ölkələri ilə kiberdələduzluq hallarına qarşı məlumat mübadiləsi planlaşdırılır.
“APA-Economics” xəbər verir ki, bunu IX Beynəlxalq Bankçılıq Forumunda çıxışı zamanı Azərbaycan Mərkəzi Bankının sədrinin müşaviri Akif Bağırov bildirib.
O deyib ki, maliyyə sektoru üzrə mərkəzləşdirilmiş kibertəhlükəsizlik insidentlərinin idarə olunması sistemi – FinCERT fəaliyyətə başlayıb. FinCERT-in funksiyalarına maliyyə təşkilatlarına dəymiş ziyanın hesablanması, dələduzluq insidentlərinin tarixi məlumat bazasının formalaşdırılması və bu informasiyaların vahid platformada paylaşılması daxildir.
A. Bağırov qeyd edib ki, FinCERT-in işə düşməsi həm ölkə daxilində kibertəhlükəsizlik üzrə koordinasiyanı gücləndirir, həm də regional əməkdaşlıq üçün yeni imkanlar yaradır. O vurğulayıb ki, Azərbaycan Mərkəzi Asiya ölkələri, o cümlədən Qırğızıstan ilə kiberdələduzluq hallarına dair məlumat mübadiləsinin qurulmasını planlaşdırır və bu istiqamətdə ilkin addımlar artıq atılıb.

