
“Yeni klinikanın Sümük İliyinin Transplantasiyası Mərkəzi 22 palatadan ibarətdir.”
Metbuat.az xəbər verir ki, bu sözləri Yeni Robotik Reabilitasiya Mərkəzi və Hematologiya–Sümük İliyi Transplantasiyası Mərkəzinin açılışı zamanı Hematologiya və Sümük İliyi Transplantasiya Mərkəzinin şöbə müdiri Sevil Cəlilova deyib:
“Bilirik ki, Azərbaycanda leykoz , limfoma, mieloma, talassemiya, aplastik anemiya və immun çatışmazlığı diaqnozu olan xəstəliklər kifayət qədərdir. Bu xəstələrin müalicəsinin davamı olaraq 70-80% qismində sümük iliyi transplantasiyası şərtdir. Sümük iliyi transplantasiyası beynəlxalq protokollara əsasən xüsusi hepafiltrasiya sistemi ilə təchiz olunmuş mərkəzdə həyata keçirilməlidir.
Qeyd etdiyim kimi, şöbəmiz 22 palatadan ibarətdir və hepafiltrasiya sistemi ilə tam təchiz edilmişdir. Xüsusi boksallar vardır ki, xəstələr transplantasiya olunan gündən əvvəlki mənfi günlərdə, sıfırıncı gün və müsbət günlərdə tam steril otaqda müalicələrini davam etdirə biləcəklər. Burada həm böyüklər, həm uşaqlar müalicə alacaqlar.
Burada autogen transplantasiya limfoma və mieloma xəstələrində, allogen transplantasiya isə talassemiya, aplastik anemiya, xüsusilə sümük iliyinin xərçəngi, leykoz xəstəlikləri və immun defisitli xəstələrdə icra olunacaq”.
Sevinc İbrahimzadə / Metbuat.az

