YAP Azərbaycan dövlətçiliyinin dayaqlarından birinə çevrilib – Afət Həsənova

Baş səhifə

Bakı.Trend:

Yeni Azərbaycan Partiyası ümumxalq siyasi təşkilatı kimi
formalaşaraq ölkənin siyasi sistemində xalqın milli maraqlarını,
dövlətçilik mənafeyini və strateji hədəflərini ifadə edən etibarlı
və güclü partiya statusu qazanıb.

Bunu Trend
açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, Yeni Azərbaycan Partiyası Azərbaycan
dövlətçiliyinin son dərəcə həssas və təhlükəli mərhələsində –
ölkənin dərin siyasi böhran, xaos və parçalanma təhlükəsi ilə
üzləşdiyi bir dövrdə xalqın sözünü deməyə qadir ziyalıların
təşəbbüsü ilə meydana gəlib.

Onun sözlərinə görə, YAP-ın yaranması təsadüfi deyil, tarixi
zərurətdən doğan milli bir missiya idi.

“Partiyanın yaranması o dövrün ağır reallıqlarından irəli
gəlirdi. Azərbaycanın müstəqilliyini itirmək təhlükəsi artıq
reallığa çevrilmişdi, ölkədə siyasi hakimiyyət böhranı yaşanırdı,
qeyri-qanuni silahlı dəstələr özbaşınalıq edirdi, iqtisadiyyat isə
tamamilə çökmüş vəziyyətə düşmüşdü. Bu şəraitdə xalqı vahid ideya –
azərbaycançılıq ideologiyası ətrafında birləşdirəcək, ölkəni
uçurumdan çəkib çıxara biləcək güclü siyasi təşkilatın yaradılması
həyati zərurət idi. Məhz belə bir məqamda ölkənin taleyini düşünən
ziyalılar və ictimai-siyasi xadimlər Azərbaycanın xilası üçün yeni
siyasi güc yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə
xalqın etimad göstərdiyi dahi lider Heydər Əliyevin ətrafında
birləşdilər”, – deyə A.Həsənova qeyd edib.

Deputatın sözlərinə görə, həmin dövrdə Azərbaycanın qarşısında
duran problemlər yalnız peşəkar liderlik və aydın strateji
hədəflərlə həll oluna bilərdi:

“Ölkədə siyasi anarxiyanı aradan qaldırmaq, separatçı qüvvələrin
qarşısını almaq, sosial-iqtisadi böhranı dəf etmək, Azərbaycanın
beynəlxalq aləmdə mövqelərini möhkəmləndirmək və ən əsası – erməni
təcavüzünü dayandıraraq dövlətçiliyi qorumaq üçün güclü və
sarsılmaz iradəyə malik təşkilat lazım idi”.

“Məhz bu obyektiv zərurət Yeni Azərbaycan Partiyasının
yaranmasına gətirib çıxardı. 1992-ci il noyabrın 21-də Naxçıvanda
ölkənin bütün bölgələrini təmsil edən 550 nəfərlik təşəbbüs
qrupunun iştirakı ilə YAP-ın təsis konfransı keçirildi və Ulu Öndər
Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Onun rəhbərliyi
ilə YAP qısa müddətdə təşkilatlanaraq geniş xalq kütlələrinin
etimadını qazandı. 1993-cü ildə xalqın tələbi ilə Heydər Əliyevin
yenidən hakimiyyətə qayıdışı müstəqilliyin möhkəmlənməsi,
dövlətçiliyin bərpası və ölkənin yeni inkişaf mərhələsinə qədəm
qoyması ilə nəticələndi. Həmin dövrdə həyata keçirilən qətiyyətli
addımlar sayəsində ölkədə ictimai-siyasi sabitlik təmin edildi,
qanunsuz silahlı dəstələr zərərsizləşdirildi, dövlət çevrilişi
cəhdlərinin qarşısı alındı və müharibədə uzunmüddətli atəşkəsə nail
olundu”, – deputat bildirib.

A.Həsənova əlavə edib ki, Yeni Azərbaycan Partiyasının 2005-ci
il 26 mart tarixində keçirilən III qurultayında partiyanın yeni
sədri kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
seçildi.

“Prezident İlham Əliyev partiyanın fəaliyyətinə yeni dinamizm,
yeni siyasi yanaşma və müasir idarəçilik ruhu gətirdi. Bu gün YAP
təkcə Azərbaycanın deyil, bütün Cənubi Qafqazın ən böyük və nüfuzlu
siyasi partiyasıdır. 2021-ci ilin martında keçirilmiş VII
qurultayda partiyanın yeni Nizamnaməsi qəbul olundu, İdarə
Heyətinin 40 nəfərlik tərkibi, 13 nəfərlik Təftiş Komissiyası və
yeni yaradılan YAP Veteranlar Şurası təsdiq edildi”.

Deputat vurğulayıb ki, YAP-ın fəaliyyətində növbəti mərhələ
artıq ölkənin bütün sahələrdə modernləşməsi ilə bağlıdır:

“Partiyamızın yaranmasının 33 illiyi tamam olur. Bu illər
ərzində YAP Ümummilli Lider Heydər Əliyevin ideyalarından
qaynaqlanan zəngin siyasi məktəbin daşıyıcısı kimi möhtəşəm inkişaf
yolu keçib. Bu gün Yeni Azərbaycan Partiyası öz fəaliyyətini
Prezident İlham Əliyevin müəyyən etdiyi strateji kursa uyğun
şəkildə qurur, müasir dövrün çağırışlarını diqqətdə saxlayır və
ölkənin gələcək inkişafına ciddi töhfələr verir”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir