Azərbaycanın qızıl bazarında vəziyyət necədir? – AÇIQLAMA

Baş səhifə

Bakı.Trend:

Hazırda həm qlobal, həm də yerli qızıl bazarında dalğalanmalar
davam edir. Dünyada baş verən iqtisadi proseslər – ABŞ Federal
Ehtiyat Sisteminin (FED) faiz siyasətinə dair gözləntilər, dollar
indeksinin möhkəmlənməsi, iri həcmli qısamüddətli satış
əməliyyatları və geosiyasi risklərdəki dəyişikliklər qızılın
qiymətinə birbaşa təsir göstərir.

Dünyada gedən iqtisadi proseslər Azərbaycanda qızıl-zinət
əşyalarının alıcılıq qabiliyyətinə və qiymətinə necə təsir
edib?

Məsələylə bağlı Azərbaycan Zərgərlər Assosiasiyası İdarə
Heyətinin sədrinin müavini, iqtisadçı Rövşən Əmircanov Trend-ə açıqlamasında
bildirib ki, qızılın dünya birjalarında qiyməti son aylarda tarixi
maksimuma yaxınlaşıb, daha sonra isə korrektə mərhələsinə daxil
olub.

“Hazırkı eniş qısamüddətli xarakter daşıyır və bazarın əsas
trendlərini dəyişmir. Bu, mərkəzi bankların qızıl ehtiyatlarını
artırmağa davam etməsi, qlobal inflyasiya risklərinin qalması və
maliyyə bazarlarındakı qeyri-müəyyənliyin davam etməsi ilə
bağlıdır. Qızıl bu səbəbdən hələ də təhlükəsiz aktiv kimi yüksək
tələbatda qalır.

Azərbaycan bazarında qiymətlər beynəlxalq birjalardakı
dinamikanı izləyir və məzənnə, logistika və digər xərclər nəzərə
alınmaqla formalaşır. Bu səbəbdən həm zərrə, həm külçə, həm də
zərgərlik məmulatlarının qiymətində gündəlik dəyişikliklər müşahidə
olunur”.

İqtisadçı qeyd edib ki, Azərbaycanda qızılın qiyməti mağazaya,
brendə, dizayna, çəkisinə və işçiliyin səviyyəsinə görə
dəyişir.

R.Əmircanov hazırda bazarda müşahidə olunan orta göstəriciləri
də açıqlayıb.

O, bildirib ki, hazırda dünya birjalarında qızılın 1 unsiyası 4
000 ABŞ dollarından yuxarı ticarət olunur.

“Azərbaycan bazarında 999 əyarlı (safi) qızıl: metal dəyəri
təqribən 221 AZN, məmulat satışı 250–270 AZN aralığındadır. 750
əyarlı (18K) qızıl: metal dəyəri təqribən 167 AZN, məmulat satışı
200–240 AZN təşkil edir. 585 əyarlı (14K) qızıl: metal dəyəri
təqribən 130 AZN, məmulat satışı 160–190 AZN intervalında
dəyişir”.

İqtisadçı vurğulayıb ki, bu qiymətlər real bazar göstəricilərinə
əsaslanır və beynəlxalq qızıl dəyərindəki dəyişikliklərə uyğun
olaraq gündəlik yenilənir.

O dəyişən qiymətlər fonunda alıcılıq qabiliyyətinin dəyişməsi
məsələsinə də aydınlıq gətirib:

Zərgərlik bazarında mövsümi dinamika çox mühümdür. Payız və yaz
ayları ən yüksək satış dövrü hesab olunur. Son aylarda müəyyən
yumşalma hiss olunsa da, ümumi alıcılıq qabiliyyətində ciddi azalma
yoxdur.




Toy və ailə mərasimləri bazarda satışları sabit saxlayan əsas
amildir. Bundan başqa, qızıl yalnız bəzək əşyası deyil, həm də
investisiya vasitəsidir. Bu səbəbdən külçə və sikkə qızıl üzrə
satışlarda müəyyən artım müşahidə edilir.

İqtisadçı bildirib ki, qiymətli daşlar seqmentində satışlar
büdcə qruplarına görə dəyişsə də, ümumi dinamika sabitdir.

“Qiymətli daşlar bazarı daha stabil fəaliyyət göstərir.
Azərbaycanda almaz və digər qiymətli daşların qiymətləri əsasən
Belçika (Antverpen), İsrail, Hindistan və BƏƏ kimi mərkəzlərdə
tətbiq olunan qiymət siyahılarına uyğun olaraq formalaşır.
Hesablama əsasən Rapaport qiymət cədvəlləri üzərindən aparılır.
Həmçinin son illər laboratoriyada yetişdirilən (süni) almazlara da
tələbat artmaqdadır.

Daşların qiyməti karat ağırlığına, rəng göstəricisinə, təmizlik
dərəcəsinə və kəsim keyfiyyətinə əsasən müəyyən edilir”.

R.Əmircanov qiymətli daşların Azərbaycan bazarında satış
qiymətlərini də açıqlayıb:

“Hazırda 0.30–0.50 karatlıq brilyant daşlara tələbat daha
yüksəkdir və bu seqment orta büdcəli alıcılar üçün daha əlverişli
hesab olunur.1 karat və yuxarı daşlar isə həm investisiya, həm də
xüsusi hədiyyə kimi geniş üstünlük təşkil edir. Safir, yaqut və
zümrüd kimi daşlarda müəyyən azalma müşahidə edilsə də, ümumi bazar
aktivliyi qorunur və satışlar davam edir.

Ümumilikdə, ölkəmizdə ən çox satılan məmulatlar brilyant qaşlı
zərgərlik məhsullarıdır. Digər qiymətli və yarıqiymətli daşlara da
tələbat sabitdir və bu kateqoriyaların öz alıcı auditoriyası
mövcuddur”.

İqtisadçı qeyd edib ki, hazırda qızıl bazarında qiymətlər daha
çox qlobal birjalardakı dəyişikliklərin təsiri ilə formalaşır.

“Azərbaycan bazarında 585 və 750 əyarlı qızıl üzrə alıcılıq
sabitdir. Külçə və sikkə qızıl investorlar arasında daha çox
populyarlıq qazanır. Qiymətli daş bazarında ciddi dalğalanma yoxdur
və satışlar stabil davam edir. Ümumilikdə, alıcı davranışında
kəskin azalma qeydə alınmır, yalnız seqmentlər üzrə dəyişikliklər
müşahidə olunur.

Mövcud tendensiyalar fonunda ilin sonuna doğru qızılın 1
unsiyasının 4 200–4 400 ABŞ dolları intervalında ticarət olunması
ehtimal olunur”,-deyə o əlavə edib.

O tövsiyə edib ki, alış zamanı vətəndaşlar yalnız etibarlı
mağazalara üstünlük versinlər və mütləq şəkildə rəsmi sertifikat
tələb etsinlər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir