
Bakı.Trend:
Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Hərbi İnstitutunda
Hərbi Prokurorluğun rəhbərliyinin iştirakı ilə müasir təhlükəsizlik
baxışlarının yenilənməsi və hərbi sahədə elmi-innovativ
yanaşmaların rolunun dərinləşdirilməsinə həsr olunmuş geniş
tərkibli dəyirmi masa keçirilib.
Hərbi Prokurorluqdan Trend-ə verilən məlumata görə, tədbirdən əvvəl
Ümummilli Lider Heydər Əliyevin büstünün və Şəhid abidəsinin önünə
gül dəstələri qoyulub.
Azərbaycan Respublikası Baş prokurorunun müavini – Hərbi
prokuror Bəhruz Əhmədov tədbirdə çıxışı zamanı günümüzdə müasir
elmi-texnoloji inkişaf fonunda ölkəmizin müdafiə konsepsiyasında
bilik, texnologiya və intellektual resursların tətbiqinin
sevindirici hal olmasını, bu sahəyə diqqəti daha da artırmağın
vacibliyini qeyd etməklə, “Elm və innovasiyanın çağdaş hərbi gücün
əsaslarından birinə çevrilməsi” mövzusunda təşkil olunan tədbirin
xüsusi əhəmiyyətini qeyd edib.
Çıxış zamanı Vətən müharibəsində Azərbaycan Respublikasının
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanının rəhbərliyi ilə
Azərbaycan Silahlı Qüvvələrinin uğurla tətbiq etdiyi müasir
innovasiyalar və döyüş strategiyasına diqqət ayrılmaqla, son
dövrlərdə aparılan müharibələrin taleyinin yalnız ənənəvi döyüş
texnikalarından deyil, saniyələr ərzində qərar verə bilən süni
intellekt sistemlərindən, yeni nəsil hərbi silahlardan, yüksək
dəqiqlikli zərbə vasitələrindən, pilotsuz uçuş aparatlarından,
kiberəməliyyatlar və rəqəmsal müşahidə texnologiyalarından asılı
olmasını, bu mənada elmi-nəzəri biliklərlə müasir innovasiyaların
vəhdətinin zəruriliyi vurğulanıb.
Daxili işlər nazirinin müavini – Daxili Qoşunların komandanı,
general-leytenant Şahin Məmmədov bu kimi tədbirlərin keçirilməsində
Hərbi Prokurorluğun təşəbbüsü və iştirakını müsbət qiymətləndirib,
habelə tədbirin gedişində Hərbi İnstitutun zabit və müəllim heyəti
ilə PUA sistemlərinin inkişaf tendensiyaları, rəqəmsal döyüş
idarəçiliyinin tətbiqi, kibermüdafiə imkanlarının
genişləndirilməsi, əməliyyat məlumatlarının süni intellekt
vasitəsilə emalı və risklərin qabaqcadan proqnozlaşdırılması
mövzularında müzakirələr aparılıb, iştirakçıların bu istiqamətlərdə
təklifləri dinlənilib.
Tədbirin sonunda təhsildə fərqlənmiş kursantlara hədiyyələr
təqdim edilib.

