
Bakı. Trend:
İşsizlikdən Sığorta Fondunun 2026-cı il üzrə gəlirləri 238,3
milyon manat həcmində nəzərdə tutulur ki, bu da 2025-ci ilin təsdiq
edilmiş göstəricisindən 31,9 milyon manat, yaxud 15,5% çoxdur.
Trend xəbər
verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev
Milli Məclisin bugünkü plenar iclasında “Dövlət sosial müdafiə
fondunun 2026-cı il büdcəsi haqqında” və “İşsizlikdən sığorta
fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihələrinin
müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, İşsizlikdən Sığorta Fondunun gəlirlərinin
236,6 milyon manatı, yaxud 99,3%-i işsizlikdən sığorta haqları üzrə
yığım hesabına formalaşacaq ki, bu da 2025-ci ilin təsdiq edilmiş
müvafiq göstəricisindən 30,3 milyon manat və ya 15% çoxdur.
Büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 51,9 milyon
manat, qeyri-büdcə təşkilatları üzrə isə 184,7 milyon manat
proqnozlaşdırılır.
Sığorta haqları üzrə yığımın 78%-i qeyri-büdcə sektorunun payına
düşəcəkdir ki, bu da cari ilə nisbətən 28,1 milyon manat
çoxdur.
Ümumilikdə, 2025-ci ilin təsdiq edilmiş göstəriciləri ilə
müqayisədə 2026-cı il üçün büdcədən maliyyələşən təşkilatlar üzrə
daxilolmalar 4,3%, qeyri-büdcə sektoru üzrə daxilolmalar isə 18%
artımla proqnozlaşdırılmışdır.
Fondun maliyyə mənbəyinin 28,1 milyon manatlıq və ya 10,5%-lik
hissəsini əvvəlki illərdə yaradılmış ehtiyatından 2026-cı ilin
xərclərinin maliyyələşdirilməsinə yönəldilən vəsait təşkil
edəcəkdir.

