Beş ildə beş onilliyin işləri: Azad edilmiş ərazilərdə intibah

Baş səhifə

Bakı. Trend:

2020-ci il Vətən müharibəsi regionun siyasi-coğrafi
reallıqlarında fundamental dəyişiklik yaratdı və Azərbaycan Qarabağ
və Şərqi Zəngəzur üzərində tam suverenliyini bərpa edərək yeni
tarixi mərhələyə postmünaqişə quruculuğu və reinteqrasiya dövrünə
daxil oldu. Son beş il ərzində dövlət siyasətinin əsas istiqamətini
təhlükəsizlik arxitekturasının möhkəmləndirilməsi, bərpa və
yenidənqurma, məcburi köçkünlərin geri qayıtması və regionun tam
iqtisadi inteqrasiyası təşkil edir.

Bu dövr Azərbaycanın milli inkişaf konsepsiyasında yeni ideoloji
xətt “Böyük Qayıdış”, “Ağıllı kənd”, “Yaşıl enerji zonası” kimi
strateji prioritetlərin formalaşması ilə səciyyələnir. 2020-ci il
müharibəsi Cənubi Qafqazda güc balansını dəyişdi və Azərbaycan
regionun aparıcı hərbi-siyasi aktoruna çevrildi.

2023-cü ilin sentyabr antiterror tədbirləri ilə Azərbaycan
ərazisində separatçılıq tam aradan qaldırıldı və ölkənin
konstitusion bütövlüyü bərpa olundu.

44 günlük müharibədən sonra, Prezident İlham Əliyevin rəhbərliyi
ilə işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” Proqramının
gerçəkləşdirilməsinə başlanıldı. Bu proqram Azərbaycanın
postmünaqişə dövründə həyata keçirdiyi ən genişmiqyaslı strateji
dövlət layihəsidir və məqsədi Qarabağ və Şərqi Zəngəzurun tam
bərpası, bölgənin sosial-iqtisadi canlandırılması, məcburi
köçkünlərin doğma yurdlarına mərhələli, təhlükəsiz və ləyaqətli
şəkildə qayıdışını təmin etməkdir. “Böyük Qayıdış” təkcə
infrastrukturun yenidən qurulması deyil, həm də insanların
həyatının bərpası, regionun uzun illər davam etmiş dağıntılardan
çıxarılması və Azərbaycanın vahid milli inkişaf modelinə
inteqrasiyası deməkdir.

Proqram çərçivəsində yollar, körpülər, kommunikasiyalar, su və
enerji xətləri, məktəblər, xəstəxanalar, yaşayış kompleksləri
sürətlə inşa edilir.

Beş il əslində böyük rəqəm deyil. Lakin azad edilmiş
ərazilərimizdə bu illər ərzində görülən işlərin miqyasına nəzər
salsaq necə böyük işlərin görüldüyünün şahidi olarıq.

Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilər üzrə 569
tədbirdə iştirak edib, müxtəlif təyinatlı 177 layihənin təməlini
qoyub, 167 obyektin və infrastruktur layihəsinin açılışını edib.
Böyük Qayıdışın inteqrasiyalı yanaşma ilə təmin olunmasının real
nəticələr verdiyi və artıq “İşğaldan azad edilmiş ərazilərin Ümumi
Planı”nın, 8 şəhərin Baş planının, 3 şəhərin isə Müfəssəl planının
təsdiqləndiyi, Xankəndi, Xocalı, Ağdərə və Xocavənd şəhərlərinin
Baş planlarının işlənilmə mərhələsində olduğu diqqətə
çatdırılıb.

“Böyük Qayıdış” Proqramının həyata keçirilməsi üçün ən vacib ilkin
şərt işğaldan azad edilmiş ərazilərin minalardan və partlamamış
hərbi sursatlardan təmizlənməsidir. Çünki mina təhlükəsi təkcə
insanların həyatı üçün birbaşa risk yaratmır, həm də regionun
bərpasını, iqtisadi layihələrin icrasını, infrastruktur
quruculuğunu və məcburi köçkünlərin geri qayıdışını ləngidən əsas
maneələrdən biridir. Lakin Azərbaycan hökuməti müharibə bitən kimi
ərazilərimizi minalardan və partlamamış hərbi sursatlardan
təmizlənməsi işilərinə başladı.

Beş il ərzində Qarabağda və Şərqi Zəngəzurda aidiyyəti dövlət
qurumları və yerli şirkətlər tərəfindən aparılan minatəmizləmə
fəaliyyəti nəticəsində 240 min hektardan çox ərazi mina və
partlamamış hərbi sursatdan təmizlənib. Bu proses bərpa və
yenidənqurma layihələrinin başlanması üçün əsas hüquqi-texniki
zəmini yaradır.




Beş il ərzində azad edilmiş ərazilərdə 3 beynəlxalq hava limanı
istifadəyə verilib, tikintisi nəzərdə tutulmuş ümumi uzunluğu
3501,6 kilometr olan avtomobil yolları üzrə 60 layihədən 16-sı tam,
1-i isə qismən icra edilib.

Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışı baş tutub.
Avtomobil yolları üzərində 28 tuneldə qazma işləri, 392 körpü və 9
viadukun tikintisi artıq başa çatıb. Dəmir yollarının tikintisi ilə
bağlı 49 körpünün tikintisi planlaşdırılıb, onlardan 42 körpünün
inşası başa çatıb, 3 körpü istismara verilib. Qarabağda və Şərqi
Zəngəzurda 38 su elektrik stansiyası, 4 su anbarı, 14 elektrik
yarımstansiyası istismara buraxılıb, 6 magistral qaz xətti, 1000
kilometrdən artıq yüksək gərginlikli elektrik verilişi xətləri
çəkilib, 8 şəhərə, 20 kəndə və 1 qəsəbəyə qazın verilməsi təmin
olunub. Bölgədə 1 xəstəxana, 19 ümumi, 7 məktəbəqədər təhsil
müəssisəsi istifadəyə verilib. Bundan əlavə, Xankəndi şəhərində
Qarabağ Universiteti fəaliyyətə başlayıb.

İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgələrinin
iqtisadi dirçəlişi Azərbaycan dövlətinin qarşısında dayanan ən
mühüm strateji vəzifələrdən biridir. Bu ərazilərin 30 ilə yaxın
davam etmiş dağıntı və talandan sonra qısa müddətdə sürətli inkişaf
xəttinə çıxarılması dövlətin planlı, ardıcıl və çoxşaxəli
siyasətinin nəticəsidir.

İşğaldan azad olunmuş ərazilərin iqtisadi dirçəlişində əsas rol
oynayan Ağdam və Cəbrayıl rayonundakı “Araz Vadisi İqtisadi Zonası”
sənaye parkları salınıb. Hər iki parkda 50 müəssisə rezident, 7
müəssisə isə qeyri-rezident kimi qeydiyyata alınıb. Ümumi dəyəri
454 milyon manat olan layihələrin icrası çərçivəsində 185 milyon
manat həcmində investisiya yatırılıb və 1057 yeni iş yeri
yaradılıb. Parklarda fəaliyyətə başlamış rezidentlər tərəfindən
949,4 milyon manat məbləğində məhsul istehsal olunub. Ağdam Sənaye
Parkı rezidentləri tərəfindən istehsal olunmuş məhsulların 39,5
milyon manatlıq hissəsi ixrac edilib.

Dirçəliş prosesi yalnız fiziki bərpa yox, həm də yeni iqtisadi
modelin qurulması, regionun ölkə iqtisadiyyatına reinteqrasiyası və
uzunmüddətli dayanıqlı inkişaf hədəflərinin reallaşdırılması
deməkdir.

Görülən işlər artıq real nəticələr doğurur. Hazırda dövlət və
özəl sektorlarda çalışanlar, təhsil alanlar və müxtəlif sahələrdə
fəaliyyət göstərənlər daxil olmaqla, bölgədə 62 mindən çox insanın
yaşaması regionun sosial-iqtisadi canlanmasının bariz
göstəricisidir.

Zəngəzur dəhlizində avtomobil və dəmir yolu xətlərinin inşası bu
bölgənin strateji əhəmiyyətini bir daha önə çıxarır.

Araz çayı üzərindəki Ağbənd-Kəlalə körpüsü, Horadiz–Ağbənd
yolunun İranla bağlantısı və gömrük infrastrukturunun yaradılması
barədə məlumatlar göstərir ki, bu dəhliz təkcə Azərbaycanın daxili
iqtisadi inkişafına deyil, həm də regionun geosiyasi və ticarət
xəritəsinə ciddi təsir göstərəcək. Dəhlizin formalaşması ölkəmizi
yeni qlobal tranzit mərkəzinə çevirə biləcək strateji üstünlüklər
yaradır.

Bir sözlə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və
inkişaf layihələri Azərbaycan dövlətinin strateji iradəsini və
uzunmüddətli milli inkişaf vizyonunu əyani şəkildə nümayiş
etdirir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir