
Bakı. Trend:
“AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Hava Yolları”
QSC “Dubai Airshow 2025” çərçivəsində uçuşların təhlükəsizliyi üzrə
ən yüksək beynəlxalq standartlara sadiqliyini təsdiqləyərək həm
texnoloji modernizasiya, həm də qlobal təhlükəsizlik baxımından
növbəti mərhələyə keçid edib.
AZAL İtaliyanın müdafiə və aerokosmik sənayesinin aparıcı
istehsalçısı “Leonardo” ilə yeni nəsil meteoroloji radar
sistemlərinin alınması və inteqrasiyası üzrə müqavilə
imzalayıb.
2006-cı ildən etibarən iki şirkət arasında tərəfdaşlıq
mühəndislik, təchizat və aviasiya layihələri üzrə ardıcıl uğurlarla
genişlənərək Azərbaycanın aviasiya infrastrukturunun Avropa
texnologiyaları əsasında modernizasiyasına möhkəm baza
formalaşdırıb.
Yeni nəsil METEOR 735 C-Band radar sistemi:
- Dolu, leysan, turbulentlik və külək kəsimləri kimi ekstremal
hava hadisələrini real vaxtda yüksək dəqiqliklə aşkar edir; - 200 km-lik müşahidə diapazonu, maqnetron tipli ötürücü və
yüksək rezolyusiyalı “3D/WEB” vizuallaşdırma platforması atmosfer
proseslərinin dəqiq təhlilini təmin edir; - Doppler və dual-polarizasiya texnologiyaları sayəsində operativ
qərarverməni gücləndirir.
Bu radar sistemləri hava limanlarında enmə və qalxma
əməliyyatlarının fasiləsiz monitorinqinə, dəyişən hava
proseslərinin əvvəlcədən modelləşdirilməsinə və təhlükəli atmosfer
hadisələrinin vaxtında aşkarlanmasına imkan yaradaraq uçuşların
təhlükəsizliyi və davamlılığını əhəmiyyətli dərəcədə artıracaq.
Texnoloji modernizasiya ilə yanaşı, AZAL qlobal uçuşların
təhlükəsizliyi üzrə ən nüfuzlu qurumlardan biri olan Uçuş
Təhlükəsizliyi Fondunun (Flight Safety Foundation – FSF)
strateji tərəfdaşları sırasına qoşularaq Fondun ən yüksək üzvlük
səviyyələrindən biri olan “Benefactor Member”
statusunu əldə edib.
FSF-in proqramlarında tamhüquqlu iştirak AZAL
üçün:
- Bilik və təcrübə mübadiləsi;
- Risklərin analizi və qabaqcıl sənaye həllərinin tətbiqi;
- Uçuş təhlükəsizliyinin idarəetmə sistemlərinin inkişafı;
- Təhlükəsizlik mədəniyyətinin gücləndirilməsi;
- Aviasiya sənayesinin regionda və beynəlxalq miqyasda
səmərəliliyin artırılmasına xidmət edən strateji imkanlar
yaradır.
“Benefactor Member” statusu Fondun əsas təşəbbüslərini
dəstəkləyən və qlobal aviasiya təhlükəsizliyi standartlarının
formalaşdırılmasına töhfə verən aparıcı təşkilatlara təqdim olunur.
Bu statusa malik qurumlar beynəlxalq aviasiya sektorunun aparıcı
aviaşirkətləri, istehsalçıları və sənaye innovatorları arasında
xüsusi yer tutur.
Bu təşəbbüslər “Azərbaycan Hava Yolları” QSC-nin uçuşların
təhlükəsizliyinə dair qlobal öhdəliklərini yeni səviyyəyə daşıyır
və ölkəmizin hava nəqliyyatı sisteminin gələcəyə yönəlmiş
modernizasiyasını sürətləndirir.

