
Bakı. Trend:
Müasir baytarlıq elmi və aqrar xidmətlərin inkişafı diaqnostika,
profilaktika və müalicə proseslərinin daha dəqiq, daha operativ və
maksimal effektivliklə həyata keçirilməsinə imkan yaradır. Bu
inkişaf xüsusilə heyvandarlığın dayanıqlı inkişafı və heyvan
sağlamlığının təmin olunması baxımından strateji əhəmiyyət
daşıyır.
Trend xəbər
verir ki, bu sözləri Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar
Hacıyev “Heyvan xəstəliklərinin diaqnostikasında və müalicəsində
yeni yanaşmalar” konfransında bildirib.
Agentlik sədri qeyd edib ki, respublika üzrə baytarlıq
xidmətlərinin əlçatanlığının və keyfiyyətinin artırılması, rəqəmsal
həllərin tətbiqi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi
istiqamətində ardıcıl addımlar atılır:
“Müasir dövrdə xəstəliklərə yanaşma təkcə müalicə ilə
məhdudlaşmır – risklərin erkən aşkarlanması, təsərrüfatların
biotəhlükəsizlik səviyyəsinin artırılması, epizootik sabitliyin
qorunması və zoonoz xəstəliklərlə mübarizədə qabaqlayıcı
tədbirlərin gücləndirilməsi əsas hədəflərimiz sırasındadır. Hazırda
baytarlıq sisteminin təkmilləşdirilməsi, rəqəmsallaşdırılması, kadr
potensialının gücləndirilməsi və baytar mütəxəssislərin peşə
bacarıqlarının artırılması istiqamətində işlər ardıcıl şəkildə
davam etdirilir.”
S. Hacıyev görülən işlərin regionlarda, xüsusilə də ucqar
kəndlərdə operativ xidmət göstərmək, xəstəliklərin vaxtında
aşkarlanmasını təmin etmək və təsərrüfatlarda biotəhlükəsizliyi
daha da gücləndirmək baxımından böyük əhəmiyyət daşıyacağını qeyd
edib.
Qeyd edək ki, Aqrar Xidmətlər Agentliyi və “Bayramlı Group”
MMC-nin birgə təşkilatçılığı ilə “Heyvan xəstəliklərinin
diaqnostikasında və müalicəsində yeni yanaşmalar” mövzusunda
konfrans keçirilir. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin, Aqrar
Xidmətlər Agentliyinin rəhbərliyi, elmi-tədqiqat institutunun
alimləri, özəl və dövlət qurumlarının nümayəndələri iştirak
edirlər.

