
Rəsmi Moskva Ermənistanın rusiyalı hərbi jurnalist Dmitri Seleznyovu ölkəyə buraxmamasına münasibət bildirib.
APA-nın Moskva bürosu xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə təmsil etdiyi qurumun Seleznyova Ermənistana girişə qadağa qoyulmasına diqqət yetirdiyini söyləyib.
Hazırki Ermənistan hakimiyyəti söz azadlığı, plüralizm, şəffaflıq, öz fikirinə sərbəst ifadə etmə dalğası fonunda hakimiyyətə gəlmişdi. Baxın, bütün bunlar nəyə gətirib çıxardı. Seleznyova qarşı qadağanın müddəti, jurnalistin Ermənistan ərazisində hansısa cinayətdə ittiham olunması və onun bu qadağanın ləğv edilib edilməməsinə necə ümid edə bilməsi barədə məlumatın olmaması faktı həyəcan doğurur. Yaxşı məlumdur ki, Dmitri Seleznyov 2020-ci ildə Qarabağ münaqişəsində reportyorluq edib. Amma onun orada nəyi düzgün etməməsi anlaşılan deyil. İrəvandakı səfirliyimiz xətti ilə Seleznyova qarşı qoyulan qadağanın səbəbini soruşmuşuq. Ümid edirik ki, bu, Seleznyovun jurnalist fəaliyyəti ilə bağlı deyil”.
Rusiya XİN sözçüsü rəsmi İrəvanın bu addımının Ermənistan Respublikasının hüquqi-demokratik obrazı ilə uyğun gəlmədiyini vurğulayıb.

