Mikayıl Cabbarov Azərbaycan–İsrail Birgə Komissiyasının 4-cü iclasında iştirak edib (FOTO) (YENİLƏNİB)

Baş səhifə

Bakı. Trend:

İsraildə keçirilən Azərbaycan Respublikası Hökuməti ilə İsrail
Dövləti Hökuməti arasında Birgə Komissiyanın 4-cü iclasında enerji,
ticarət, investisiya, kənd təsərrüfatı və qarşılıqlı maraq doğuran
digər istiqamətlər üzrə əməkdaşlığa dair müzakirələr aparılıb.

Trend xəbər verir ki,
iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə
heyətinin İsrailə işgüzar səfəri çərçivəsində Azərbaycan
Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə
Komissiyanın 4-cü iclası keçirilib.

İclasda iqtisadiyyat naziri, Birgə Komissiyanın həmsədri Mikayıl
Cabbarov vurğulayıb ki, Azərbaycan İsraillə əməkdaşlığı strateji
baxımdan mühüm hesab edir və əlaqələrin daha da
genişləndirilməsində maraqlıdır. İqtisadi, mədəni, humanitar və
digər sahələrdə əlaqələrimiz son üç onillikdə dinamik inkişaf
edib.

Qeyd olunub ki, Birgə Komissiya əməkdaşlığı daha da
dərinləşdirmək üçün mühüm platformadır. İsraillə iqtisadi-ticarət
əlaqələri də genişlənir. Ölkələrimiz arasında səmərəli investisiya
tərəfdaşlığı mövcuddur. Hazırda Azərbaycanda sənaye, kənd
təsərrüfatı, tikinti, ticarət və xidmət sahələri üzrə 125 İsrail
kapitallı kommersiya qurumu fəaliyyət göstərir. Azərbaycan və
İsrail şirkətləri maliyyə və qida texnologiyaları, kənd təsərrüfatı
və səhiyyə sahələrində fəal iş həyata keçirir. Bu da Azərbaycan
iqtisadiyyatının şaxələndirilməsi və texnoloji inkişafı baxımından
əhəmiyyətlidir. Kənd təsərrüfatı, qida, su və enerji
texnologiyaları, dərman sənayesi, biotexnologiya və digər sahələrdə
fəaliyyətin genişləndirilməsi üçün böyük potensial mövcuddur.

İqtisadiyyat naziri Azərbaycanda sərmayədarlar üçün yaradılan
imkanlar, birbaşa xarici investisiyaların cəlbi istiqamətində
görülən işlər və əldə edilən nəticələr barədə məlumat verib.

İsrailin Maliyyə Nazirliyində nazir, Birgə Komissiyanın həmsədri
Zeev Elkin iki ölkə arasındakı əlaqələrin daha da gücləndirilməsi,
yeni sahələrdə fəaliyyət imkanlarının araşdırılması baxımından
tədbirin vacibliyini vurğulayıb. Qeyd olunub ki, Birgə Komissiya
çərçivəsində müzakirələr müxtəlif sahələrdə qarşılıqlı faydalı
nəticələr əldə olunmasında əhəmiyyət kəsb edir.

İclasda ikitərəfli əlaqələr, enerji, ticarət, investisiya, kənd
təsərrüfatı, nəqliyyat, rəqəmsallaşma və qarşılıqlı maraq doğuran
digər istiqamətlər üzrə əməkdaşlığa dair müzakirələr aparılıb.




Yekunda Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti
Hökuməti arasında Birgə Komissiyanın Dördüncü İclasının Protokolu
imzalanıb.

XXX

19:49

İqtisadiyyat naziri Mikayıl Cabbarov İsraildə Azərbaycan–İsrail
Birgə Komissiyasının 4-cü iclasında iştirak edib.

Trend xəbər
verir ki, nazir bununla bağlı özünün “X” hesabında paylaşım edib.

“İsrail dövlətinə işgüzar səfərimiz çərçivəsində həmkarlarla
birlikdə Azərbaycan – İsrail Birgə Komissiyasının 4-cü iclasında
iştirak etdik. Ölkələrimizin işgüzar dairələri arasında əlaqələrin
təşviqini vurğulayaraq ticarət, investisiya, enerji, kənd
təsərrüfatı, nəqliyyat, rəqəmsallaşma, turizm və digər sahələrdə
birgə fəaliyyətin gücləndirilməsi imkanlarını dəyərləndirdik.

Bu addımlar iqtisadi əməkdaşlığın şaxələndirilməsinə və biznes
tərəfdaşlığımızın möhkəmləndirilməsinə dair ortaq hədəflərimizi əks
etdirir”, – deyə nazirin paylaşımında qeyd olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir