
Bakı. Trend:
Bu gün Səudiyyə Ərəbsitanının Ər-Riyad şəhərində keçirilən 6-cı
İslam Həmrəyliyi Oyunlarında qılıncoynatma yarışlarna yekun
vurulub.
Trend xəbər verir ki, son
yarış günündə sablya növü üzrə qadınların komanda yarışında
qaliblər müəyyənləşib. Yarımfinalda Türkiyə millisinə 45:32 hesabı
ilə qalib gələn Zərifə Hüseynova, Səbinə Kərimova və Palina
Kaspiaroviçdən ibarət komandamız gərgin keçən final qarşılaşmasnda
Özbəkistan yığmasını 45:43 hesab ilə məğlub edib.
Xədicə Həsənli, Aynur Quliyeva və Nazilə Rəhimovadan ibarət
qılıncoynatmanın şpaqa növü üzrə qadınlardan ibarət millimiz isə
komanda yarışında 1/4 finalda BƏƏ yığmasına 45:29 hesabı ilə qalib
gəlib. Gərgin keçən yarımfinal görüşündə Özbəkistan komandasına
38:39 hesabı ilə uduzan qadın şpaqaçılarımız bürünc medal
qazanıb.
Daha öncə Vahab Fətullayev kişi şpaqaçıların şəxsi və Palina
Kaspiaroviç qadın sablyaçıların şəxsi yarışında bürünc medal
qazanmışdı.

