
Bakı. Trend:
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən İslam
Həmrəyliyi Oyunlarında güləş yarışı davam edir.
Trend xəbər verir ki, bu gün
sərbəst güləşdə 2, qadın güləşi üzrə isə 3 çəkidə mübarizə baş
tutub.
Sərbəst güləş
İslam Bazarqanov (57 kq) ilk görüşündə iranlı Ali Momenijujadehə
4:2 hesabıyla, daha sonra isə əfqanıstanlı Sayed Zazayı tam
üstünlüklə (11:0) məğlub edərək finala yüksəlib. O, həlledici
görüşdə qırğızıstanlı Abdumalik Karaçova 3:9 hesabıyla məğlub olub
və gümüş medalı boynundan asıb.
Əli Rəhimzadə (65 kq) debütdə türkiyəli Ahmet Dumana 5:1
hesabıyla qalib gəldikdən sonra misirli Səid Elqaşa heç bir şans
tanımayıb – 10:2. Yarımfinalda iranlı 2 qat dünya çempionu və
olimpiya mükafatçısı Rəhman Amuzada (0:7) uduzan həmyerlimiz bürünc
medal uğrunda özbəkistanlı Ümidcan Cəlalovla güləşib və məğlub olub
– 3:8.
Qadın güləşi
Ruzanna Məmmədova (62 kq) finaladək çeviklik və yüksək güləş
texnikası nümayiş etdirib. O, ilk qarşılaşmasında fələstinli Ayla
Mayalini vaxtından əvvəl (10:0) xalçadan məyus yola salıb. Daha
sonra isə özbəkistanlı Nigina Sabirova üzərində inamlı qələbə
qazanıb – 6:0. Ruzanna həlledici görüşdə nigeriyalı Ester Kolavole
ilə üz-üzə gəlib. Məmmədova təcrübəli rəqiblə görüşdə əzmkar güləş
sərgiləsə də, son saniyələrdə qələbəni əldən verib və debüt etdiyi
İslamiadanı gümüş medalla başa vurub.
Nigar Mirzəzadə (68 kq) yarışa inamlı start verib. O,
indoneziyalı Desi Sintaya 12:7 hesabıyla qalib gələrək yarımfinala
yüksəlsə də, qırğızıstanlı Meerim Jumanazarovayla bacarmayıb –
1:12. Nigar bürünc medal uğrunda banqladeşli Həlimə Akterlə
qarşılacaq.
Zəhra Kərimzadə (76 kq) startda özbəkistanlı Sevincçoy Polvonovanı
mübarizədən kənarlaşdırıb – 5:0. Gənc güləşçimiz 1/4 finalda
kamerunlu Vilita Pelaqiyeyə uduzub – 0:10. Banqladeşli Həlimə Akter
bürünc medal görüşünə çıxmadığı üçün Mirzəzadə fəxri kürsünün
üçüncü pilləsinə yüksəlib.
Sabah son 4 sərbəst güləşçimiz mübarizə aparacaq.

