
Bakı.Trend:
Bakı Şəhər İcra Hakimiyyətinin tapşırıqlara uyğun olaraq
paytaxtda qarlı havalara hazırlığın vəziyyəti ilə bağlı şəhərin
rayonlarında kommunal, təsərrüfat xidmətləri, idarə və
təşkilatlarının, təhsil müəssisələrinin, özəl sektorun
nümayəndələrinin iştirakı ilə müşavirələr keçirilir.
Trend xəbər
verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyəti məlumat yayıb.
Bildirilib ki, müşavirələrin əsas məqsədi rayon xidmətlərinin
soyuq qışa, xüsusilə güclü qar yağmasına hazırlığın vəziyyətinin
araşdırılması, bu zaman görülməsi zəruri olan işlər
müzakirəsidir.
Növbəti müşavirələr paytaxtın Xəzər, Pirallahı və Qaradağ
rayonlarında keçirilib. Müşavirələrdə qeyd edilib ki, rayon İcra
Hakimiyyətlərində qışa hazırlıqla bağlı yaradılan qərargahlar,
kommunal və təsərrüfat xidmətləri və aidiyyəti təşkilatların
rəhbərləri qarlı günlərdə üzərilərinə düşən vəzifələrin tam şəkildə
yerinə yetirilməsi üçün hazır olmalıdırlar. Hər bir quruma qarın
təmizlənməsi üçün lazımi qədər alət, inventarın (bel, kürək, ling
və s.) toplanması, duz ehtiyatı yaradılması, xüsusi texnikaların
vəziyyətinin yoxlanılması ilə bağlı tapşırıqlar verilib. Rayondakı
küçə və məhəllələrin qardan təmizlənməsinə cavabdeh şəxslərin
siyahıları hazırlanıb, bu işlərə kommunal qurumların texnikası ilə
yanaşı idarə, təşkilat, bələdiyyə və özəl qurumların da mövcud
texnikalarının cəlb edilməsi qərara alınıb.
Həmçinin rayonlardakı idarə, təşkilat və özəl qurumlar,
bələdiyyələr, o cümlədən ictimai iaşə müəssisələrinin rəhbərlərinə
özlərinə aid ərazilərin təmizlənməsində yaxından iştirak etməyə
cağırış edilib.

