
Bakı.Trend:
Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəisi polkovnik Mirzə
Cəlilovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX)
başlanılmış cinayət işi üzrə məhkəmənin hökmündən verilmiş
apellyasiya şikayətinə baxılıb.
Trend xəbər
verir ki, Naxçıvan Ali Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi
ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, hökm dəyişdirilib. Onun cəzası 6 ay
azaldılıb.
Qeyd edək ki, Naxçıvan Hərbi Məhkəməsinin hökmü ilə Mirzə
Cəlilov 10 il müddətinə azadlıqdan məhrum olunub.
Mirzə Cəlilov DTX tərəfindən həbs edilib. O, AR Cinayət
Məcəlləsinin 311.3.1-ci (Rüşvət alma, qabaqcadan əlbir olan bir
qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə),
311.3.2-ci (Rüşvət alma, təkrar törədildikdə), 311.3.3-cü (Rüşvət
alma, külli miqdarda törədildikdə), 32.5, 321.1-ci (Qanuni əsas
olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və
ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma cinayətində iştirak)
və 341.1-ci (rəisin və ya vəzifəli şəxsin xidməti vəzifələrinin
icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük
əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə
qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb
etdiyi halda istifadə etməməsi və ya xidməti səlahiyyətlərinin
hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi
fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə,
yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm
zərər vurduqda) maddələri ilə təqsirləndirilir.
İttihama görə, M.Cəlilov Səfərbərlik və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət Xidmətinin rəisi kimi çalışdığı dövrdə 1159 nəfərdən
ayrı-ayrılıqda hərbi xidmətə yararsız və ya möhlət verilməsi üçün
ümumilikdə 2 milyon 464 min manat rüşvət alıb. Bununla yanaşı, o,
rəis kimi 10 nəfərdən qanunsuz olaraq rüşvət alaraq onları işlə
təmin edib və ya iş yerlərini dəyişib.
Bu minvalla M.Cəlilov vətəndaşlardan 122 min manatdan çox rüşvət
alıb.

