
Bakı.Trend:
Noyabrın 21-də respublikamızın hakim və avanqard siyasi
təşkilatı olan Yeni Azərbaycan Partiyasının yaranmasının 33-cü ili
tamam olur. Son dərəcə ağır və gərgin, Azərbaycanın tarixin
sınaqlarına məruz qaldığı bir dövrdə xalqımızın Ümummilli Lideri
Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan şəhərində YAP-ın təsis
olunması dövlətimizin xilasına xidmət edən böyük siyasi hadisəyə
çevrildi.
Heydər Əliyevin liderliyi ilə yeni siyasi partiyanın yaranmasına
dair təşəbbüslər, 1992-ci ilin oktyabr ayında ziyalıların bununla
bağlı Ulu Öndərə müraciət etmələri hakimiyyət orqanlarını narahat
edirdi. Həmin dövrdə hakimiyyətdə olanlar Heydər Əliyevə müraciət
edən, Naxçıvana Ulu Öndərlə görüşməyə gedən şəxsləri hədəfə
götürmüşdülər. Hətta Heydər Əliyevlə bağlı yazıların qəzetlərdə
dərc olunmasını da qadağan etmişdilər. Lakin nə qədər əngəllər
yaratsalar da, müxtəlif təzyiq metodlarından istifadə etsələr də,
təsis konfransının keçirilməsinə maneçilik törətməyə çalışsalar da,
YAP-ın yaranmasının qarşısını ala bilmədilər.
1992-ci il noyabrın 21-də keçirilən təsis konfransı YAP-ın
yaradılması haqqında qərarı, partiyanın nizamnaməsini və proqramını
qəbul etdi. Konfransda Ulu Öndər Heydər Əliyev yekdilliklə
partiyanın sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə
Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil
Azərbaycanın tarixində öz üzərinə böyük missiya götürən Yeni
Azərbaycan Partiyası yarandı.
YAP müxalifət partiyası kimi siyasi meydana çıxdı. Lakin YAP
bəzi qaragüruh qruplar kimi dövlətə, xalqa və milli maraqlara qarşı
müxalifətdə deyildi. YAP o dövrdə respublikamızı uçuruma və xaosa
sürükləyən, qanlar bahasına qazanılmış müstəqilliyimizi məhvə
aparan avantürist hakimiyyətə qarşı müxalifətdə idi. Təsadüfi deyil
ki, yaranmasından qısa müddət sonra partiyanın sıralarında on
minlərlə insan birləşmişdi. Bu Ulu Öndər Heydər Əliyevə olan
ümumxalq inamının göstəricisi idi.
YAP-ın yaranmasından qısa müddət sonra Heydər Əliyevin
respublikamızda siyasi rəhbərliyə gəlişi və Azərbaycan Prezidenti
seçilməsi xalqımızın Ulu Öndərə olan dərin inam və etimadının
təcəssümü kimi tarixə düşdü. Məhz Heydər Əliyevin siyasi
hakimiyyətə gəlişi ilə Azərbaycan bütün təhlükələrdən xilas oldu.
Respublikamızın uğurlarının fonunda tariximizə ekskurs edəndə bir
daha görürük ki, əgər Heydər Əliyevin rəhbərliyi ilə Yeni
Azərbaycan Partiyası siyasi arenaya daxil olmasaydı, daha sonra Ulu
Öndər 1993-cü ilin kritik günlərində siyasi hakimiyyətə
qayıtmasaydı bugünkü güclü Azərbaycan barəsində də bəhs edə
bilməzdik. Prezident İlham Əliyevin 3 il öncə YAP-ın 30 illik
yubileyində qeyd etdiyi kimi əgər o vaxt Azərbaycan xalqı Heydər
Əliyevə müraciət edib onu hakimiyyətə dəvət etməsəydi, ölkəmiz daha
böyük fəlakətlə üzləşə bilərdi.
Qeyd edək ki, Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi ilə
YAP-ın da statusu dəyişdi. Hakim partiyaya çevrilən YAP proqram və
nizamnaməsində öz əksini tapan vəzifə və məqsədlərin yerinə
yetirilməsi istiqamətində uğurlu fəaliyyət ortaya qoydu, Ulu Öndər
Heydər Əliyevin başlatdığı islahatlara, dövlət quruculuğu prosesinə
özünün layiqli töhfələrini verdi. YAP respublikamızın siyasi
həyatına yeni nəfəs gətirdi, siyasi mübarizənin sivil çərçivədə
aparılmasının nümunəsini yaratdı. YAP öz fəaliyyəti ilə
azərbaycançılıq ideyasının möhkəmlənməsinə xidmət etdi,
cəmiyyətimizdə milli həmrəyliyin güclənməsinə layiqli töhfələr
verdi.
2003-cü ilin oktyabr ayında, Prezident seçkilərindən öncə
Azərbaycan xalqına müraciət edən Ulu Öndər Heydər Əliyev
demişdi:
«Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan
Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz
ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və
xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki,
mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları,
işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra
biləcək».
2003-cü ilin seçkilərində İlham Əliyevin Azərbaycan Prezidenti
seçilməsi YAP-a etimadın növbəti təcəssümü kimi tarixə düşdü. Ötən
22 ildə Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu fəaliyyət
Azərbaycanın sosial-iqtisadi inkişafını, həm də YAP-ın nüfuzunu
artırıb, siyasi-ictimai dayaqlarını daha da möhkəmləndirib. Bütün
bunların nəticəsi kimi YAP üzvlərinin sayı da ildən ilə artıb. Bu
gün YAP öz sıralarında 744 min nəfərdən artıq vətəndaşımızı
birləşdirir. Azərbaycanın ən böyük siyasi təşkilatı olan YAP həm də
beynəlxalq səviyyədə respublikamızı layiqincə təmsil edir.
Qeyd edək ki, YAP-ın bütün qurultayları partiya fəaliyyətində
yeni mərhələnin əsasını qoyub. YAP-ın qurultayları həm də yalnız
partiya daxilində deyil, ölkəmizin siyasi həyatında mühüm hadisyə
çevrilib. Hər bir qurultayda qarşıya qoyulan vəzifələrin icrası
müzakirə edilib, yeni qərarlar qəbul olunub Bu sırada 2005-ci ilin
mart ayında keçirilən III qurultayda Prezident İlham Əliyevin Yeni
Azərbaycan Partiyasının Sədri seçilməsi nəinki YAP üzvləri, bütün
ölkə ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanan hadisə oldu.
Dövlət başçısı İlham Əliyevin Yeni Azərbaycan Partiyasının Sədri
seçilməsi YAP-ın fəaliyyətində yeni uğurlarla müşayiət olundu.
Onu da xüsusi vurğulamalıyıq ki, respublikamızda 1993-cü ildən
bəri keçirilən bütün seçkilərdə YAP-ın namizədləri qalib gəliblər.
Bu siyasi reallıq da YAP-ın Azərbaycan cəmiyyətindəki böyük
nüfuzundan, partiyanın siyasi-ideoloji xəttinin xalqımız tərəfindən
dəstəklənməsindən xəbər verir. Azərbaycan Prezidenti, Yeni
Azərbaycan Partiyasının Sədri İlham Əliyevin qeyd etdiyi kimi, bu
gün Azərbaycanda YAP-a rəqib ola biləcək hər hansı bir siyasi qüvvə
mövcud deyil:
«Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq
partiyasıdır. Əminəm ki, növbəti illərdə də partiyamız liderlik
qabiliyyətini özündə saxlayacaqdır. Bu gün partiyamız Cənubi
Qafqazın ən böyük siyasi qüvvəsidir. 1990-cı illərin əvvəllərində
isə vəziyyət yenə də demək istəyirəm ki, çox ağır idi. Partiyamızın
iqtidara gəlməsi zəruri və labüd idi. Ancaq biz onu da yaxşı
xatırlayırıq ki, Yeni Azərbaycan Partiyası müxalifət partiyası kimi
yaradılmışdı. Ancaq özünü müxalifət adlandıran indiki qüvvələrdən
fərqli olaraq heç vaxt öz dövlətinə, xalqına müxalifətdə
olmamışdır. Bizim partiyamız və onun üzvləri bütün dövrlərdə
dövlətçiliyə sadiq olmuşdur».
Bu gün Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan dövləti
öz tarixinin ən şərəfli və şöhrətli günlərini yaşayır. Çünki artıq
torpaqlarımız işğaldan azad edilib, ərazi bütövlüyümüz bərpa
olunub. Ermənistanın təcavüzü nəticəsində məcburi köçkünə çevrilmiş
soydaşlarımız da öz doğma evlərinə qayıdırlar. Bütün bunlar
xalqımızın arzularının həyata vəsiqə alması, o cümlədən YAP-ın
bəyan etdiyi məqsədlərin reallaşmasıdır.
Torpaqlarımızın işğaldan azad edilməsindən sonra Azərbaycan öz
tarixinin yeni mərhələsinə qədəm qoyub. Bu mərhələnin də geridə
qalan dövrünün reallıqları göstərir ki, Prezidentimiz İlham Əliyev
cənablarının rəhbərliyi ilə ölkəmiz yeni inkişaf göstəricilərinə
imza atır, yeni uğurlarını dünyaya təqdim edir. Hər zaman siyasi
proseslərin önündə olan YAP tariximizin yeni mərhələsində də
fəallıq nümayiş etdirir, ictimai-siyasi proseslərə layiqli töhfələr
verir.
Xanlar Fətiyev,
Milli Məclisin deputatı

