
Bakı.Trend:
Yeni Azərbaycan Partiyasının adı ulu öndər Heydər Əliyevin adı
ilə bağlıdır. Partiya Heydər Əliyevin ətrafında yaradılmışdır, onun
siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər,
Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz
xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun
ətrafında birləşdirdi. Dövlət başçısı İlham Əliyev tarixi
Zəfərimizin reallıqları fonunda keçirilən Yeni Azərbaycan
Partiyasının VII qurultayında “Yeni Azərbaycan Partiyasının
yaradılması zərurət idi” çağırışını səsləndirərək bunu əsaslı
şəkildə diqqətə çatdırmışdır. Bildirmişdir ki, o vaxt cəsarətli,
qorxmaz insanlar açıq-aydın görürdülər ki, təzə-təzə müstəqilliyə
qovuşmuş gənc ölkəmiz böyük fəlakətlə üz-üzədir və artıq ölkədə
gedən proseslər idarəolunmaz xarakter almışdır. Hərbi məğlubiyyət,
eyni zamanda, daxili böhranla tamamlanır. Ölkə daxilində gedən
xoşagəlməz proseslər, siyasi çəkişmələr, hakimiyyət uğrunda
mübarizə ölkəmizin müstəqil yaşamasını sual altına qoymuşdu.
Ümidsizlik, cəmiyyətdə hökm sürən total apatiya, depressiya, heç
bir siyasi qüvvəyə inamın olmaması, iqtidara inamın olmaması,
müxalifətə inamın olmaması, bax, bu idi o vaxt gənc müstəqil
Azərbaycanın mənzərəsi. Belə olan vəziyyətdə ölkə necə inkişaf edə
bilərdi?! Bizim torpaqlarımız əldən gedirdi, ərazi bütövlüyümüz
pozulmuşdu, Ermənistandan 300 mindən çox azərbaycanlı qovulmuşdu.
Şuşa və Laçın işğal altına düşmüşdü, Dağlıq Qarabağla Ermənistan
arasında coğrafi bağlantı yaranmışdı, qaçqınlar, köçkünlər
yaranmışdı və gələcək üçün, bu vəziyyəti dəyişdirmək üçün heç bir
əsas yox idi. Kim bu vəziyyəti dəyişdirəcəkdi? O vaxt hakimiyyətdə
olan AXC-Müsavat cütlüyü ancaq öz maraqlarını güdürdü.
Ölkəmizin həyatında, bu gün xalqın partiyası kimi nüfuz qazanan
Yeni Azərbaycan Partiyasının yaradılmasında dönüş nöqtəsi olan,
məşhur “91-lər”in müraciəti kimi tarixə yazılan “Azərbaycan Sizin
sözünüzü gözləyir” müraciətini imzalayan şəxslərdən biri kimi həmin
dövrün reallıqlarının şahidiyəm. Təbii ki, zaman hadisələrin düzgün
təhlilində və dəyərləndirilməsində zəngin mənbə rolunu oynayır.
Bugünümüzdən dünənimizə baxanda bu əminlik ifadə edilir ki,
müraciəti ünvanlayan məşhur “91-lər” öz tarixi missiyalarını
şərəflə yerinə yetiriblər. Müasir müstəqil Azərbaycan dövlətinin
qurucusu, Prezident İlham Əliyev daim bu çağırışı edir ki,
“91-lər”i Azərbaycan xalqı unutmamalıdır: “Prezident kimi hər zaman
onların fəaliyyətini yüksək qiymətləndirirəm. Təkcə ona görə yox
ki, Heydər Əliyevə müraciət ediblər. Ona görə ki, qorxmadılar,
çəkinmədilər, ölkə maraqlarını öz şəxsi maraqlarından üstün
tutdular”. Dövlətimizin başçısı İlham Əliyevin bu fikirləri
Ümummilli Lider Heydər Əliyevin Yeni Azərbaycan Partiyasının 10
illiyinə həsr olunan yubiley mərasimində səsləndirdiyi “91-lər,
onlar artıq dillərdə əzbər olublar. Mən 91-lərin hamısına həmişə
böyük hörmət və ehtiram bəsləmişəm. Ona görə yox ki, “91-lər”in
müraciəti mənim həyatımda böyük bir dönüş rolu oynadı. Yox.
Partiyanı yaradandan 7 ay sonra xalq, o cümlədən o vaxt iqtidarda
olanlar, artıq qaçıb dağılmaqda olan insanlar məni Azərbaycana
dəvət etməyə məcbur oldular. Yəni “91-lər”in müraciəti olsaydı da,
olmasaydı da, 1993-cü ildə Azərbaycana gələcəkdim. Ancaq o vaxt
müraciətin altına imzasını qoyan insanların hər biri Azərbaycanın
gələcəyinə görə böyük cəsarət, qəhrəmanlıq göstərib. Biz onları
partiyamızın əsasını qoyan veteranlar kimi öz sıralarımızda daim
saxlayacağıq” fikirlərinin davamıdır.
Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil
olmuş sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi.
Xalqın istəyini nəzərə alaraq Ulu Öndərə müraciət edən məşhur
“91-lər”in cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin
qarşısı alındı. Azərbaycanın görkəmli ziyalılarının, tanınmış
insanlarının və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları müraciətdə
Ulu Öndər Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya
rəhbərlik etmək xahiş olunurdu. Dahi şəxsiyyət Heydər Əliyev həmin
müraciətə “Yeni müstəqil Azərbaycan uğrunda” cavabında bu məqamı
xüsusi qeyd etmişdir ki, güman edirəm ki, müstəqil Azərbaycan
dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən
demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə
göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv
zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai
həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin
möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər.
Qeyd etdiyimiz kimi, “91-lər”in müraciəti ölkəmizin həyatında
dönüş nöqtəsi oldu. Beləliklə, 1992-ci ilin 21 noyabr tarixində
müxətlif bölgələrdən 550 nümayəndənin iştirakı ilə Naxçıvanda
partiyanın təsis konfransı keçirildi. Dövlət başçısı İlham Əliyev
Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə
keçirilən tədbirdə təsis konfransının məhz Naçıvanda keçirilməsinin
səbəbini bir daha ictimaiyyətin diqqətinə çatdırdı. Bildirdi ki,
Yeni Azərbaycan Partiyasının Naxçıvanda keçirilmiş birinci təsis
konfransı tarixi hadisə idi. Ulu Öndərin sədrliyi ilə keçirilmiş bu
konfransdan sonra ölkəmizdə yeni siyasi qüvvə yaranmışdı. Yeni
Azərbaycan Partiyası yarananda müxalifət partiyası kimi yaranmışdır
və dövlətin ağır problemlərinin, yükünün bir hissəsini öz üzərinə
götürmək böyük məsuliyyət tələb edən addım idi: “Çünki o vaxt, bir
daha demək istəyirəm, ölkədə gedən proseslər çox narahatedici idi
və Azərbaycanın görkəmli nümayəndələrinin məhz Heydər Əliyevə
müraciət etməsi bu zərurətdən doğurdu. Çünki ölkə artıq
idarəolunmaz vəziyyətə düşmüşdü, bir il ərzində dövlətçiliyin
əsasları qoyulmamışdı, demokratik inkişaf ləng gedirdi, əslində,
geriyə addımlar atılırdı. Biz təkcə senzuranın tətbiq edilməsini
yada salsaq, demək kifayətdir ki, o vaxt demokratik mühitdən söhbət
gedə bilməzdi. Yeni Azərbaycan Partiyasının təsis konfransının məhz
Naxçıvanda keçirilməsi də buna bağlı idi. O vaxt Bakıda bu
konfransın keçirilməsinə icazə verilməmişdi. Yəni, demokratik
dəyərlər elan olunsa da, Azərbaycan xalqı faktiki olaraq həyatda
bunun əksini görürdü.”
1992-ci ilin noyabr ayında Yeni Azərbaycan Partiyasının
yaradılması gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı.
Partiya yaranandan 7 ay sonra Ümummilli Lider Heydər Əliyev xalqın
təkidli tələbi ilə hakimiyyətə qayıtdı. 1993-cü il iyunun 15-də Ulu
Öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri,
oktyabr ayında isə xalqın mütləq əksəriyyətinin dəstəyi ilə
Prezident seçildi və ölkəmizin böhrandan çıxma prosesi başladı.
Müstəqilliyimizin bərpasının ilk illərində ölkəyə rəhbərlik
edənlərin yarıtmaz siyasəti, idarəçilik qabiliyyətlrinin yoxluğu,
şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmalarının
Azərbaycanı hansı problemlərlə üz-üzə qoyduğu daim tariximizin
qaranlıq səhifəsi kimi vərəqlənməli, indiki və gələcək nəsillərə
çatdırılmalıdır. Bu gün müasir müstəqil, qalib, bütövləşən
Azərbaycanın uğurlarından, Zəfərlərindən böyük qürurla bəhs
ediriksə, hər bir Azərbaycan vətəndaşı, gənci bilməlidir ki, bunlar
böyük səylərin, qətiyyətin nəticəsidir. O dövrü yaşamayanlar bunu
öyrənməlidirlər. Dövlətimizin başçısı İlham Əliyevin çağırışlarında
bu məqam xüsusi qeyd edilir ki, dərsliklərdə bu tarixlə bağlı geniş
məlumat verilməlidir. O tarixin canlı şahidləri öz xatirələrini
bölüşməlidirlər ki, bu tarix əbədi yaşasın. Bu müstəqillik
tariximiz məhz ondan başladı, 1991-ci ilin oktyabrından yox. Təbii
ki, o dövrü yaşamayan bugünkü gənc nəsil bilməlidir ki, nəyin
bahasına biz müstəqilliyi qoruyub saxlaya bilmişik. Kimə biz
borcluyuq. Əgər Ulu Öndər Heydər Əliyev o vaxt hakimiyyətə
gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında
bir oyuncaq dövlət, yarımmüstəmləkə kimi yaşaya bilərdi.
Artıq o vaxtdan 33 il keçir. Əbəs yerə deyilmir ki, zaman hakim,
tarix isə yaddaşdır. Tarixə söykənərək böyük qürur hissi ilə
Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizin 1993-cü
ildən başlanan inkişaf, tərəqqi yolunun uğurlarından bəhs edirik.
Azərbaycanın müstəqillik tarixinin bəldəçisi olan Yeni Azərbaycvan
Partiyası bu uğurlara verdiyi böyük töhfələri ilə qürurludur. Ulu
Öndər Heydər Əliyev ilk gündən partiyanın gələcəyinə böyük inam
bəslədi və bunu “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır”
fikri ilə təsdiqlədi. Ümummilli Liderin bu çağırışı ötən 33 ildə
partiyanın fəaliyyətinin əsas prinsipinə çevrildi. Partiya bu
çağırışının məsuliyyətinin böyüklüyünü dərk edərək bunu atdığı
addımları ilə doğrultdu. Yarandığı gündən xalqın partiyası imicini
qazandı, sıralarını daha da zənginləşdirdi. Təsis konfransını 550
nümayəndənin iştirakı ilə keçirən Yeni Azərbaycan Partiyası
sıralarında bu gün 800 minə yaxın üzvü birləşdirir. Hər zaman qeyd
olunduğu kimi, bu, yalnız statistika deyil, xalqın Yeni Azərbaycan
Partiyasının gələcəyinə inamının göstəricisidir. Sözlə əməl
birliyi, tutduğu yola sadiqliyi YAP-ın cəmiyyətdə nüfuzunun
artmasında əhəmiyyətli rol oynayır. Xalqın bu partiyaya inamı
sonsuzdur. Bunu ölkəmizdə keçirilən seçki prosesləri də
təsdiqləyir. Zəngin seçki təcrübəsinə malik olan Yeni Azərbaycan
Partiyası bütün seçki kampaniyalarından uğurla çıxaraq adını
tariximizə zəfərlər partiyası kimi yazdırıb. Ümummilli Lider Heydər
Əliyevin yaradıcsı olduğu, bu gün Prezident İlham Əliyevin
rəhbərlik etdiyi partiyanın gələcəyinə inam sonsuzdur. Hər bir
ölkənin inkişafında əsas faktor olan Lider və düşünülmüş siyasət
amillərini nəzərə alsaq, bu gün hər bir Azərbaycan vətəndaşının
harada yaşamasından asılı olmayaraq özünü xoşbəxt hiss etdiyini
əminliklə deyə bilərik. Daim ölkəsinin, xalqının gələcəyini
düşünən, Azərbaycanın dünyaya Günəş kimi doğmasını təmin edən
Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən
Prezident İlham Əliyev çıxışlarında bildirir ki, uğurlarımızın əsas
mənbəyi Azərbaycan xalqıdır, Azərbaycan vətəndaşıdır.
Xalq-Prezident birliyinin, həmrəyliyinin uğurlu nəticələri
Azərbaycanın bugünkü reallıqlarında özünün aydın ifadəsini tapır.
Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf
strategiyası bugünümüz və gələcəyimiz üçün istiqamət oldu. 2003-cü
ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən
İlham Əliyevin andiçmə mərasimində səsləndirdiyi aşağıdakı fikirlər
müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin
istər hakimiyyətinin birinci, istərsə də ikinci dövründə xalqımız,
dövlətimiz naminə gördüyü işlərin, göstərdiyi xidmətlərin aydın
ifadəsidir: “Heydər Əliyevin siyasəti Azərbaycana böyük uğurlar
gətiribdir. Bütün sahələrdə Azərbaycan inkişaf edir, uğurlar
qazanıb. Azərbaycan beynəlxalq aləmdə özünəlayiq yerini tuta
bilibdir, Azərbaycanın nüfuzu artıbdır. İndi Azərbaycanla
hesablaşırlar, Azərbaycana hörmət edirlər. Regionda bütün
beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı ilə, onun
milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.”
Dövlətimizin başçısı İlham Əliyevin ötən ilin yanvarında yerli
televiziya kanallarına müsahibəsində “Biz bu 20 ildə haradan haraya
gəlmişik” sualını cavablandırarkən bildirmişdir ki, müstəqil
tariximizin ən həlledici məqamı məhz 2003-cü il idi. Çünki o vaxt
ölkəmizin gələcəyi ilə bağlı konseptual yanaşma tam özünü
təsdiqləmişdi, yəni, Heydər Əliyev siyasəti davam etdirildi. Əgər
tarix başqa istiqamətdə getsəydi, bilmək olmaz, xalqımız,
dövlətimiz hansı bəlalar, faciələrlə üzləşə bilərdi. Hər halda,
müstəqilliyimizin ilk iki ili əyani şəkildə göstərir ki, güclü
lider olmadan və düşünülmüş siyasət olmadan istənilən ölkə,
xüsusilə gənc müstəqil ölkə çox ciddi təhlükələrlə üzləşə bilər.
2003-cü ildə əsası 1993-cü ildə qoyulmuş siyasətə bir daha dəstək
verildi: “Hesab edirəm ki, bugünkü reallıqları biz 2003-cü illə
yox, 1993-cü illə müqayisə etməliyik, çünki məhz o tarixdən
başlayaraq Azərbaycan inkişaf yoluna qədəm qoydu, sabitlik təmin
edildi, vətəndaş müharibəsinə son qoyuldu və ölkəmiz beynəlxalq
təcriddən çıxdı. 1993-2003-cü illərin hadisələrinə nəzər salsaq
görərik ki, məhz bu illər ərzində bugünkü dövlətçilik prinsipləri
bərqərar olundu və Azərbaycanda vətəndaş cəmiyyəti yaradıldı, eyni
zamanda, xalq-iqtidar birliyi artıq önəmli bir amilə çevrildi.”
Azərbaycan qısa müddətdə sabitlik diyarına çevrildi. 1994-cü il
sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın etibarlı
tərəfdaş kimi tanınmasını şərtləndirdi. Məhz bu təmələ əsaslanaraq
bu gün Azərbaycan çoxtərəfli əməkdaşlığın əsas iştirakçısı və
təşəbbüsçüsü kimi çıxış edir. Ölkəmiz əməkdaşlıq məkanı kimi
tanınır. Sabitliyin və əlverişli iqtisadi mühitin yaradılması ilə
Azərbaycan böyük investisiyalar məkanına çevrildi. Bu gün ölkə
iqtisadiyyatına yatırılan investisiyaların həcminin 350 milyard
dollara gəlib çatması təbii ki, həmin dövrdə yaradılan möhkəm
təməlin nəticəsidir. Ümummilli Lider Heydər Əliyev iqtisadiyyatın
inkişafında neft amilinə xüsusi önəm verməklə Azərbaycanın bu günü
üçün iöhkəm təməl yaratdı. «Əsrin müqaviləsi»nin ardınca, 2017-ci
ildə “Yeni əsrin müqaviləsi”nin imzalanması da Azərbaycanın artan
nüfuzunun, möhkəmlənən mövqeyinin göstəricisidir. 2014-cü ildə,
“Əsrin müqaviləsi”nin 20 illiyində Cənub Qaz Dəhlizinin təməli
qoyuldu. 2020-ci ilin sonunda layihə tam tərkibdə reallığa
çevrildi. Regional çərçivədə qurulan əməkdaşlığın coğrafiyası zaman
keçdikcə genişlənirsə, bu, Azərbaycanın bugününə və gələcəyinə
inamın göstəricisidir. Bu gün Azərbaycanın iştirakı ilə həyata
keçirilən enerji layihələri dünyanın enerji xəritəsini yenidən
tərtib edir. Hazırda Azərbaycan 14 ölkəyə qaz ixrac edir. Dünyanın
enerji təhlükəsizliyinin təminatında ölkəmizin rolu günbəgün artır.
Bu gün Azərbaycan yaşıl enerjiyə keçid mərhələsini uğurları ilə
zənginləşdirir. Ölkəmizin ötən il dünyanı Bakıya toplayan COP29
tədbirinə ev sahibliyi bütün çağırışları özündə ehtiva edir.
Azərbaycan qlobal prbolemlərin həllinə verdiyi davamlı töhfələri
ilə diqqətdədir.
İqtisadi tərəqqi bütün sahələrdə uğurların əsasıdır. Bu gün
Azərbaycana hansı sahədən baxsaq sürətli inkişafın, tərəqqinin
şahidi olarıq. Ölkəmizdə iqtisadi tərəqqi güclü sosial siyasətlə
tamamlanır. Ümummilli Lider Heydər Əliyev hələ 1999-cu ildə Dövlət
Neft Fondunun yaradılması ilə bağlı Fərman imzalayanda bu çağırışı
xüsusi qeyd etmişdi ki, neft xalqın sərvəti olub yalnız indiki
deyil, gələcək nəsillərə məxsusdur.
Neft gəlirlərinin istifadə olunmasında şəffaflıq kriteriyalarını
qoruyan Dövlət Neft Fondunun vəsaitləri hesabına həyata keçirilən
layihələr Azərbaycanın hərtərəfli inkişafında əhəmiyyətli rol
oynayır. Müqayisəli təhlili əsasında bu reallıq daim önə çəkilir
ki, neftlə zəngin çox ölkələr var. Lakin bu resurslar onlara heç də
uğur gətirmir. Əhali arasında təbəqələşmə prosesi gedir. Lakin
Azərbaycan iqtisadiyyatının düzgün əsaslar üzərində qurulması bu
problemi yaşamamasına səbəb olur. Ölkəmizdə əksinə, neft
gəlirlərinin ədalət prinsipi əsasında bölgüsü əhalinin sosial
müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımların
atılması ilə müşayiət olunur. Bu il sayca beşinci sosial paketin
icrası ölkəmizdə ədalət prinsipinin yüksək səviyyədə təmin
edildiyini, ən əsası vətəndaş məmnunluğunun dövlətin siyasətində
prioritet olduğunu bir daha təsdiqlədi.
İqtisadi tərəqqi müstəqilliyimizin, suverenliyimizin qarantı
olan ordu quruculuğu sahəsində də mühüm addımların atılmasını
şərtləndirdi. Bu gün Azərbaycan Ordusunun keçdiyi inkişaf yolunun
bələdçisi təbii ki, tarixi Zəfərimiz və suverenliyimizin tam bərpa
edilməsidir. Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu
sırasında qərarlaşıb. Baxmayaraq ki, torpaqlarımız işğaldan azad
edilib, Qarabağımız və Şərqi Zəngəzurumuz dirçəlir, əsas
prioritetlərdən biri yenə də ordunun maddi-texniki bazasının
möhkəmləndirilməsidir.
İqtisadi müstəqiliyimiz siyasi mövqeyimizin
möhkəmləndirilməsində əsas faktordur. Bu gün Azərbaycanın
beynəlxalq münasibətlər sistemində yeri və rolunun artması
diqqətdən kənarda qalmır. Ümummilli Lider Heydər Əliyev hələ
1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdanda
müstəqillik yolunda ilk addımlarını atan dövlətin qarşısında
dayanan vəzifələrdən bəhs edərkən bu məqamı xüsusi bildirmişdi ki,
bunun üçün ilk növbədə beynəlxalq təqdimat əsasdır. Müxtəlif
dövlətlərlə ikitərəfli və beynəlxalq təşkilatlar daxilində
əlaqələrin qurulması, inkişaf etdirilməsi, diaspor quruculuğu əsas
məsələ kimi qarşıda dayandı. 2001-ci ildə Ümummilli Liderin
təşəbbüsü və Sərəncamı ilə Dünya Azərbaycanlılarının I Qurultayının
keçirilməsi ilə müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın birliyi,
həmrəyliyi daha da möhkəmləndi. Bu birlik 2020-ci ildə 44 günlük
İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdə öz sözünü dedi.
Dünya azərbaycanlıları 30 ildən sonra Qarabağın tacı Şuşada bir
araya gələrək V Zəfər Qurultayını keçirdilər. Təbii ki,
uğurlarımızın miqyası o qədər genişdir ki, onları sıralamaq belə
mümkünsüzdür. Çünki Azərbaycan daim irəli baxmağı, qazandığı
uğurlarla kifayətlənməməyi bir prinsip kimi öndə saxlayıb. Dövlət
başçısı İlham Əliyevin Zəfərimizin reallıqları əsasında keçirilən
Yeni Azərbaycan Partiyasının VII qurultayında qeyd etdiyi kimi, hər
dövrün öz tələbləri var. Biz 1990-cı illərin tələbləri ilə XXI
əsrdə yaşaya bilmərik. Hətta bu gün müharibədən sonra yeni dövr
başlayır. Əvvəlki dövrlərdə əldə edilmiş bütün uğurları biz kənara
qoymalıyıq. Bəli, bu, bizim üçün fundament yaratdı, baza yaratdı,
imkan yaratdı ki, biz əsas məqsədimizə çataq. Ancaq əgər biz oturub
bütün günü o dövr haqqında danışsaq, gələcək haqqında düşünməsək,
onda nə olacaq. Biz gələcək haqqında düşünməliyik. Biz zamanı
qabaqlamalıyıq. Ölkənin gələcəyini elə planlaşdırmalıyıq ki,
uzunmüddətli dayanıqlı inkişaf təmin edilsin, müstəqillik əbədi
olsun, ölkəmizin qüdrəti artsın, təsir imkanlarımız artsın və daim
Azərbaycan xalqı təhlükəsizlik şəraitində öz dədə-baba torpağında
yaşasın.
Onu da qeyd edək ki, tarixi Zəfərimizin reallıqları fonunda
yeniləşmə, təkmilləşmə siyasi partiyaların da fəaliyyətinə öz
müsbət təsirini göstərdi, onların həyatında təkmilləşməyə yol açdı.
2021-ci ilin 5 mart tarixində keçirilmiş YAP-ın VII qurultayında
qəbul edilmiş qərar əsasında Yeni Azərbaycan Partiyasının yeni
Nizamnaməsi, 40 nəfər tərkibdə İdarə Heyəti, 13 nəfərdən ibarət
Təftiş Komissiyası və yeni qurum olaraq YAP-ın Veteranlar Şurasının
35 nəfərlik tərkibi təsdiq edildi. Yeni Azərbaycan Partiyasının
yeni Nizamnaməsinə uyğun olaraq, partiyanın Sədri, Prezident İlham
Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci ilin 5 mart tarixində
Mehriban xanım Əliyeva partiya Sədrinin birinci müavini təyin
edildi. Sözügedən təyinat yüksək etimadın təcəssümüdür. Mehriban
xanım Əliyevanın timsalında Azərbaycan qadınının fəal
ictimai-siyasi, vətəndaş və peşəkar dövlət xadimi obrazı
formalaşıb. Mehriban xanım Əliyeva ictimai-siyasi həyatda, davamlı
xarakter alan islahatlar prosesində fəal iştirakı ilə müasir
müstəqil, qalib Azərbaycanın yeni-yeni hədəflərinin reallığa
çevrilməsinə böyük töhfələr verir.
Şübhəsiz, bugünkü uğurlarımız 1993-2003-cü illərdə yaradılan
möhkəm təməlin, eyni zamanda, Ulu Öndərin xalqa 2003-cü il 1
oktyabr tarixli müraciətində növbəti inamın ünvanının düzgün
müəyyənləşdirilməsidir. Həmin müracitəində “Mən öz mənalı həyatımın
düz 60 ilini xalqımın bu günü və sabahı ilə yaşamışam. Bunun son on
ili müstəqil Azərbaycan dövlətinə xidmətdə keçib. Bu sahədə görülən
işlər Sizə məlumdur, lakin mənim hələ tamamlanmamış çox
perspektivli planlarım var” söyləyən Ulu Öndər Heydər Əliyev onu da
bildirmişdi ki, üzümü Sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn
prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim,
Yeni Azərbaycan Partiyası Sədrinin I müavini İlham Əliyevi
dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli,
müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və
təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham
Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın
ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan
dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər
görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü
məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham
Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və
gələcəyinə böyük ümidlər bəsləyirəm.
Prezident İlham Əliyev son 22 ildə bu inamı real addımları ilə
doğrultdu. Ən əsası adını tariximizə torpaqlarımızın xilaskarı kimi
qızıl hərflərlə yazdırdı. Azərbaycan hər bir sahədə gücləndi,
yeni-yeni hədəflərə doğru inamla addımladı. Artıq beş ildir ki,
tarixi Zəfərimizin sevincini yaşayırıq. Azərbaycan yaratdığı yeni
reallıqlar fonunda qarşıya qoyduğu hədəflərə doğru inamla
addımlayır. Tarixi Zəfərimiz və suverenliyimizin tam bərpası ilə
Prezident İlham Əliyev 2003-cü ildə keçirilən prezident
seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində
Ümummilli Lider Heydər Əliyevə müraciətində əksini tapan vədini
doğrultdu. Prezident İlham Əliyev həmin vaxt bu vədi vermişdi ki,
əsəriniz olan müasir müstəqil Azərbaycanı möhkəmləndirəcəyik,
zənginləşdirəcəyik, zəfərlərə doğru aparacağıq. Həmin vədindən 17
il sonra , 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində
tarixi Zəfərə imza atdıq. Dövlətimizin başçısı, Müzəffər Ali Baş
Komandan İlham Əliyev Ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü
xoşbəxt hiss etdiyini bildirdi. Zəfərimizdən üç il sonra isə
2023-cü ilin sentyabrında həyata keçirilən birgünlük antiterror
tədbirləri nəticəsində suverenliyimiz tam bərpa olundu. Bununla da
Azərbaycanın həyatında yeni dövr başladı. Yeni dövrün yeni
hədəfləri müəyyənləşdirildi.
Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müasir müstəqil
Azərbaycanın keçdiyi inkişaf yoluna baxış Yeni Azərbaycan
Partiyasının 33 ilik yolunun aydın mənzərəsidir. Çünki bu illər
ərzində Yeni Azərbaycan Partiyasının ölkədə keçirilən seçki
proseslərində müəyyənləşdirdiyi şüarlar partiyanın hədəflərini
özündə ehtiva edir. Bu hədəfləri şərtləndirən isə təbii ki,
Azərbaycanın uğurlarıdır. Bu baxımdan dövlətimizin, onun Liderinin
siyasəti Yeni Azərbaycan Partiyasının siyasəti olmaqla yanaşı,
uğurlarımız partiyanın hər bir seçki prosesində dəstəyini,
qələbəsini təmin edib. Yeni Azərbaycan Partiyası yarananda “Yeni
müstəqil Azərbaycan uğrunda!” şüarını seçdi və təsdiqlənən
Proqramında bu hədəfə nail olmağın mexanizmləri öz əksini tapdı.
Artıq tarixi Zəfərimizdən sonra partiyanın yeni Proqramının
təsdiqinə böyük zərurət yarandı. Dövlət başçısı İlham Əliyev
partiyanın VII qurultayındakı çıxışında bununla bağlı tapşırığını
verdi. Bildirdi ki, bu proqram yeni dövrlə bağlı bütün məsələləri
özündə ehtiva etməlidir.
Partiyanın VII qurultayında yeni qərarların qəbulu, yeni
tərkibin formalaşması qarşıdakı dövr üçün görüləcək işlərin aydın
mənzərəsini yaratdı. Partiyanın yeni Proqramı YAP İdarə Heyətinin
2021-ci il 29 dekabr tarixli iclasında təsdiq edilmişdir.
Partiyanın yeni Proqramı 5 fəsildən ibarətdir. Partiyanın inkişafı
və uğurları, Siyasi dəyərlər və prinsiplər, Partiyadaxili
münasibətlərin və partiyanın fəaliyyətinin əsasları, Partiyanın
əsas hədəfləri və Müzəffər Liderlə Azərbaycanı yeni zirvələrə
aparan güclü partiya. Proqramda Yeni Azərbaycan Partiyasının siyasi
dəyərlər və prinsiplər sistemində 10 strateji istiqamət müəyyən
olunub. Bunlar Heydər Əliyev yolu, müstəqillik, azərbaycançılıq,
dövlətçilik, qanunun aliliyi, varislik və təkamül, konstruktiv
əməkdaşlıq və dialoq, sosial ədalət və insan amili, multikultural
cəmiyyət, demokratik ənənələrin inkişafı. Partiyadaxili
münasibətləri xarakterizə edən əsas meyarlar isə peşəkarlıq,
işgüzar münasibətlər, şəxsi inkişaf, sağlam rəqabət, etik davranış
və milli dəyərlər, innovativ inkişaf və kreativlik, müasirlik.
Partiyanın 11 strateji hədəfi var: Ulu Öndər Heydər Əliyev irsinin
təbliği və təşviqi; Güclü iqtisadiyyat və davamlı inkişaf; İnklüziv
cəmiyyət, ədalətli sosial təminat və insan kapitalının inkişafı;
Şəffaflığın artırılması; Vətəndaş cəmiyyətinin inkişafı; Azərbaycan
dili və dünya azərbaycanılılarının həmrəyliyi; Mədəni irsin və
milli-mənəvi dəyərlərin qorunması; Vətəndaş həmrəyliyinin təminatı;
Milli maraqlar və xarici siyasət; Ordu quruculuğu; İşğaldan azad
olunmuş ərazilərə Böyük Qayıdış.
Yeni dövrə qədəm qoyan Azərbaycan dövləti ötən il müstəqillik
tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazilsində prezident və
parlament, bu ilin yanvarında isə bələdiyyə seçkilərini keçirdi. Bu
seçkilər Yeni Azərbaycan Partiyasının cəmiyyətdə nüfuzunun bir daha
təqdimatı oldu. 2024-cü ildə “Qalib xalqın qalib Lideri!” çağırışı
ilə 7 fevral prezident seçkilərinə, “Yeni dövrə yeni Azərbaycanla!”
şüarı ilə 1 sentyabr parlament seçkilərinə qatılan Yeni Azərbaycan
Partiyası tarixinə növbəti qələbə səhifələrini yazdı. Dövlət
başçısı İlham Əliyev yerli televiziya kanallarına yuxarıda qeyd
etdiyimiz müsahibəsində növbədənkənar prezident seçkilərinin
keçirilməsi ilə bağlı ünvanlanan “Cənab Prezident, belə bir addımın
atılmasını şərtləndirən əsas amillər nədən ibarətdir” sualını
cavablandırarkən bildirmişdir ki, birinci səbəb təbii ki,
suverenliyimizin tam bərpasıdır, çünki seçkilər bir dövrə yekun
vurur. 2023-cü ilin sentyabr ayında biz elə bir dövrə yekun
vurmuşuq ki, bu, epoxal bir hadisədir. Yəni, Azərbaycanın çoxəsrlik
tarixində buna oxşar Zəfər olmamışdır. Bütün amilləri – siyasi,
hərbi və 30 illik işğalı, ərazinin relyefini, müdafiə xətlərinin
çox olmasını nəzərə alsaq bu, xalqımızın, dövlətimizin ən parlaq
Qələbəsidir. Təbii ki, bu yeni dövr başlayarkən, əlbəttə, prezident
seçkiləri də bu yeni dövrün başlanğıcı olmalıdır. Çünki hər bir
dövr bir zaman kəsiyidir və 30 il ərzində işğal altında olmuş
ərazilərin işğaldan azad edilməsi və suverenliyi tam bərpa
etməyimiz yeni dövrün başlanğıcı idi. İkinci səbəb ondan ibarətdir
ki, ilk dəfə olaraq müstəqil həyatımızda seçkilər ərazilərimizin
hər bir yerində keçiriləcək. Prezident seçkiləri bütün digər
seçkilərlə müqayisədə ən vacib seçkilər olduğu üçün mən hesab etdim
ki, birinci bütün ərazilərdə keçiriləcək seçkilər prezident
seçkiləri olmalıdır. Digər səbəb isə ondan ibarətdir ki, Prezident
kimi fəaliyyətimin 20 ili tamamlandı. Bu da bir dövrdür və bunu da
biz bir yekun kimi qəbul etməliyik və 20 ildən sonra yenidən
prezident seçkilərinin keçirilməsi təbii ki, bu xronoloji dövrü də
əsaslandırmış olur. O da qeyd edilmişdir ki, yeni dövrün yeni
hədəfləri olmalıdır. Yeni dövrə köhnə hədəflərlə gedə bilmərik,
çünki o hədəflər artıq əldə edildi.
Yeni hədəflər Yeni Azərbaycan Partiyasının yeni Proqramında öz
əksini tapıb. Göründüyü kimi, Yeni Azərbaycan Partiyası
uğurlarımıza bələdçilik etməklə dövrün, zamanın tələblərinə uyğun
olaraq daim yeniləşməyə maraq göstərir, yeni-yeni hədəflərin
reallığa çevrilməsi istiqamətində davamlı addımlar atır. 33 ilin
zəngin təcrübəsi, uğurları Yeni Azərbaycan Partiyasının qarşısında
böyük imkanlar açır. Dövlət başçısı İlham Əliyev məhz partiyanın
yarandığı gündən tutduğu yola sadiqliyini, Azərbaycanın uğurlu
gələcəyini düşünərək qəbul etdiyi qərarları, irəli sürdüyü
təşəbbüsləri önə çəkərək bu çağırışı etmişdir ki, Yeni Azərbaycan
Partiyası bundan sonra da ölkəmizdə gedən bütün proseslərin
mərkəzində olacaq.
Ötən 33 il zaman baxımından az olsa da, partiyanın qazandığı
uğurların miqyasının genişliyi fonunda sanki 100 ilə bərabər bir
dövr kimi xaraterizə edilir. Çətin və şərəfli yol keçən partiyanın
tarixinə yazılan 33 il bir daha təsdiqlədi ki, uğurların açarı
qətiyyət, böyük səylər, özünəinam hissi, qarşıya qoyulan hədəfə
nail olmaq üçün mövcud imkanlardan maksimum istifadə etmək
bacarığıdır. Təbii ki, burada xalqın sevgisi, inamı xüsusi yer
tutur. YAP yarandığı gündən xalqın partiyasıdır.
Vüqar Rəhimzadə,
Milli Məclisin deputatı

