Yeni Azərbaycan Partiyasının 33 illik Qalibiyyət Salnaməsi

Baş səhifə

Bu gün müasir, müstəqil Azərbaycanın banisi və Ümummilli Lideri Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının yaranmasından 33 il keçir. Bu 33 illik yol ölkəmizin ən taleyüklü mərhələləri ilə səciyyələnir. Müstəqilliyin itirilməsi təhlükəsinin yarandığı bir dövrdə YAP-ın təsis edilməsi Azərbaycan dövlətçiliyini xilas edən, xalqın gələcək inkişafına yol açan tarixi dönüş nöqtəsi oldu. Partiyanın sonrakı fəaliyyəti isə ölkəmizin siyasi sabitliyinin möhkəmlənməsində, iqtisadi gücünün artmasında, milli birliyin təminində və nəhayət, Zəfər zirvəsinə yüksəlməsində mühüm rol oynadı.

YAP bu gün də Azərbaycanın inkişaf strategiyasına istiqamət verən, dövlətçilik ideyalarına xidmət edən aparıcı siyasi qüvvə olaraq fəaliyyətini uğurla davam etdirir. Azərbaycanın müstəqillik qazandığı ilk illər ölkəmiz üçün həm böyük ümidlər, həm də son dərəcə ciddi sınaqlarla yadda qaldı. Dövlətçiliyin təməlləri sarsılır, siyasi meydanda pərakəndəlik hökm sürür, ölkə daxili və xarici təhdidlərin təzyiqi altında çətin günlər yaşayırdı. Məhz belə bir həssas dövrdə xalqın xilası naminə tarixi bir çağırış meydana çıxdı. Bu çağırış Yeni Azərbaycan Partiyasının yaranmasına və nəticə etibarilə ölkəmizin müasir mərhələyə qədəm qoymasına səbəb oldu.

1992-ci ildə ziyalılar, elm adamları, ictimai-siyasi xadimlər tərəfindən imzalanan məşhur “91-lərin müraciəti” Azərbaycan cəmiyyətində böyük dönüş nöqtəsinə çevrildi. Ulu Öndər Heydər Əliyevə müraciət olunaraq ölkənin siyasi idarəçiliyinə, sabitlik və inkişaf yoluna rəhbərlik etməsi xahiş edildi. Bu müraciət təkcə siyasi sənəd deyil, xalqın nicat istəyinin, ümummilli iradəsinin təcəssümü idi. Ulu Öndər Heydər Əliyevin bu çağırışa cavab olaraq Yeni Azərbaycan Partiyasının yaradılmasına razılıq verməsi Azərbaycan tarixinin yönünü dəyişən strateji qərar oldu. 1992-ci il 21 noyabrda Naxçıvan şəhərində keçirilmiş təsis konfransı ilə YAP-ın rəsmi şəkildə formalaşması müasir dövlət quruculuğumuzun mühüm mərhələsini başlatdı. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Yeni Azərbaycan Partiyasının tarixi missiyasının reallaşması demək idi. Yeni Azərbaycan Partiyasın yaranması, inkişafı və bugünkü mövqeyi Ulu Öndər Heydər Əliyevin müdrik dövlətçilik fəlsəfəsi və ideoloji xətti ilə bilavasitə bağlıdır. Ulu Öndər Heydər Əliyevin müdrik siyasi uzaqgörənliyi, dövlətçilik təcrübəsi və xalqa bağlılığı YAP-ı qısa zamanda geniş ictimai dəstək qazanan qüvvəyə çevirdi. Yeni Azərbaycan Partiyası bu gün ölkənin ən böyük siyasi təşkilatı olaraq cəmiyyətin siyasi həyatında aparıcı mövqeyə malikdir.

Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında partiya öz ideoloji xəttini müasir dövrün tələblərinə uyğunlaşdıraraq daha da güclənmiş, fəaliyyət istiqamətlərini genişləndirmişdir. Son onilliklər ərzində Azərbaycanın əldə etdiyi böyük nailiyyətlər — siyasi sabitlik, davamlı iqtisadi inkişaf, ordu quruculuğu, beynəlxalq aləmdə nüfuzun artması YAP-ın siyasətində əks olunan dövlətçilik kursunun nəticəsidir. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə bu siyasətin ən mühüm göstəricisidir. Azərbaycan ərazi bütövlüyünü təmin etməklə təkcə regionda deyil, beynəlxalq miqyasda öz gücünü nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan bu Qələbə Yeni Azərbaycan Partiyasının dövlətçilik fəlsəfəsinə, milli həmrəyliyə və Lider-xalq birliyinə əsaslanan ideoloji dayaqlarının parlaq təzahürüdür. Bu gün YAP ölkənin sosial, iqtisadi və mədəni inkişafında fəal iştirak edir, dövlət idarəçiliyinə, parlament proseslərinə, siyasi sistemə və cəmiyyət həyatına mühüm töhfələr verir.

Yeni Azərbaycan Partiyasının gələcəyə hesablanmış strategiyası müasir inkişaf konsepsiyası ilə sıx bağlıdır. Partiyanın hədəfləri ölkəmizin uzunmüddətli inkişafına xidmət edir və geniş istiqamətləri əhatə edir: Azad olunmuş ərazilərin bərpası, Böyük Qayıdış proqramı,  Qarabağ və Şərqi Zəngəzurda aparılan geniş quruculuq işləri ölkənin yeni inkişaf mərhələsinin əsas prioritetidir. Bu proses təkcə infrastrukturun deyil, həm də iqtisadi həyatın, sosial xidmətlərin və mədəni dəyərlərin bərpasını özündə birləşdirir. Yeni dövrdə ölkənin iqtisadi siyasətində texnoloji inkişaf, innovasiyalar və rəqəmsallaşma əsas yer tutur. YAP bu istiqamətdə modern iqtisadi strategiyanın siyasi dayağını formalaşdırır.

Gələcəyin Azərbaycanı savadlı, vətənpərvər, milli-mənəvi dəyərlərə bağlı, dövlətçilik düşüncəsinə sahib gənclər üzərində qurulacaq. YAP gənclərin idarəetmədə, ictimai proseslərdə və siyasi qərarlarda iştirakını sistemli şəkildə dəstəkləyir. Azərbaycançılıq ideologiyası YAP-ın əsas xəttidir. Prezident İlham Əliyevin “Ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz” fikri ölkənin milli maraqlarının, dövlətçilik prinsip və hədəflərinin hər kəs üçün ortaq dəyər olduğunu vurğulayır. Bu çağırış cəmiyyətdə birlik və həmrəyliyin gücləndirilməsinə, dövlətin təhlükəsizliyi, ərazi bütövlüyü və inkişafı kimi fundamental mövzularda vahid mövqenin qorunmasına xidmət edir. Liderin bu mesajı həm də onu göstərir ki, ümummilli məsələlərdə dialog, əməkdaşlıq və milli iradənin birliyi ölkənin daha güclü gələcəyinin əsas şərtidir.  YAP dünənin çətinliklərindən yüksələrək bu günün güclü Azərbaycanın qurucusuna çevrilib. Bu gün partiyanın qarşısında daha böyük hədəflər, daha geniş perspektivlər dayanır.Ümummilli Liderimizin böyük inamla söylədiyi fikirlər bu gün reallıqda öz əksini tapır.

YAP yaranandan bəri xalqın partiyası kimi fəaliyyət göstərərək dövlət və xalqa xidmət prinsipini əsas tutub. 33 il ərzində Yeni Azərbaycan Partiyasının fəaliyyəti xalqa, dövlətə və dövlətçiliyə xidmətlə səciyyələnir. Bu gün ölkəmiz dünya miqyasında hörmətli və güclü dövlət kimi tanınır. 33 il ərzində partiya daim xalqın yanında olmuş, dövlətçiliyin möhkəmlənməsinə və ölkəmizin inkişafına böyük töhfələr vermişdir. YAP yalnız siyasi fəaliyyətlə məhdudlaşmayaraq, təhsil, səhiyyə, sosial müdafiə və iqtisadi sahələrdə də önəmli layihələrin təşəbbüskarı olmuşdur. Bu gün YAP həm Azərbaycanın, həm də regionun ən nüfuzlu siyasi qüvvələrindən biridir. 

Prezident İlham Əliyevin YAP-ın VII qurultayındakı tarixi çıxışı, Yeni Azərbaycan Partiyasının gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsində mühüm strateji xətt formalaşdırdı. Ölkəmizin ictimai-siyasi həyatında xüsusi əhəmiyyət kəsb edən bu qurultayda dövlət başçısı YAP-ın son 30 ildə Cənubi Qafqazın ən böyük və nüfuzlu siyasi partiyasına çevrildiyini, hazırda 730 mindən çox üzvü ilə geniş xalq dəstəyinə malik olduğunu vurğuladı.

Prezident İlham Əliyev qeyd etdi ki, Yeni Azərbaycan Partiyası təkcə ölkənin deyil, bütövlükdə regionun ən güclü siyasi qüvvəsidir və bundan sonra da ölkəmizdə gedən proseslərin mərkəzində olaraq inkişafı, sabitliyi və dövlətçilik kursunu təmin edəcək. Bu strateji vizyon YAP-ın qarşıdakı dövrdə milli maraqlara söykənən siyasətini daha da gücləndirir, onun dövlət idarəçiliyində aparıcı rolunu möhkəmləndirir. Yeni Azərbaycan Partiyanın VII qurultayı isə dövlətimizin ictimai-siyasi həyatında mühüm mərhələ kimi yadda qalıb. Şübhəsiz ki, bu uğurlar Ulu Öndər Heydər Əliyevin yaratdığı düşünülmüş və məqsədyönlü siyasətin nəticəsi olmaqla yanaşı, son 22 ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi xəttin məhsuludur.

Yeni Azərbaycan Partiyası keçmişin möhkəm təməli, bu günün dinamik inkişaf gücü və gələcəyin daha qüdrətli Azərbaycanın təminatıdır.

YAP-ın əsası qoyulduğu gün təkcə bir partiyanın deyil, sabit və güclü Azərbaycanın siyasi təməlinin qoyulduğu gün oldu.

Həbib Misirov

YAP Kəlbəcər rayon təşkilatının sədri

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir