
Bakı. Trend:
Vergi dövlət büdcəsinin ən təbii və sabit gəlir mənbəyidir.
Dövlət büdcəsi gəlirlərinin böyük hissəsinin vergi hesabına
formalaşması, iqtisadi siyasətdə mühüm nəticə sayılmalıdır.
Trend xəbər
verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili parlamentin bugünkü
plenar iclasında Vergi Məcəlləsi və bir sıra qanunlarda dəyişiklik
edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, hazırda Azərbaycanda büdcə gəlirlərinin hər
100 manatından 44 manatı verginin, 18 manatı isə gömrük rüsumları
hesabına formalaşır:
“Gürcüstan dövlət büdcəsində büdcə gəlirlərinin hər 100 manatın
78 manatı vergi hesabına formalaşır, Türkiyədə isə hər 100 manatın
86 manatı vergi hesabına formalaşır. Bu onu göstərir ki,
Azərbaycanda vergi siyasəti yumşaqdır və yük digər ölkələrlə
müqayisədə aşağıdır”.
Deputat vurğulayıb ki, hazırda büdcə gəlirlərinin 7.3 milyard
manatı vergi və gömrük azadolmalarıdır:
“Onlardan 3.5 milyard manatı gömrük, 3.8 milyard manatı
sahibkarlıqla bağlıdır. Bu da təxminən 20%-ə bərabərdir”.

