
Azərbaycan Prezidenti İlham Əliyevin 21 sentyabr 2025-ci il tarixində Bakıda keçirilmiş “Terrorçu hücumlar və silahlı münaqişələr zamanı humanitar böhranların və qlobal xarakterli texnogen fəlakətlərin qarşısının alınmasında təhlükəsizlik orqanlarının qarşılıqlı fəaliyyəti” mövzusunda Bakı Təhlükəsizlik Forumunun üçüncü iclasının iştirakçılarına müraciəti və Forumun Bəyannaməsi BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədləri kimi yayılıb.
APA xəbər verir ki, məlumata əsasən, müasir dünyanın artan beynəlxalq və regional çağırışlar və təhdidlərlə üzləşdiyi bir şəraitdə beynəlxalq təhlükəsizliyin, sabitliyin və dayanıqlı inkişafın təmin edilməsinin dövlətlər arasında konstruktiv dialoq, qarşılıqlı anlaşma və əməkdaşlıq tələb etdiyinə diqqət çəkilib.
Eyni zamanda, sənəddə deyilir ki, iştirakçılar Azərbaycan Respublikasının Bakı Təhlükəsizlik Forumunu kəşfiyyat və təhlükəsizlik qurumları arasında müntəzəm dialoq, qarşılıqlı etimad və praktiki əməkdaşlıq platforması kimi təşkil etmək təşəbbüsünü alqışlayır, forum çərçivəsində terrorizmlə mübarizədə kəşfiyyat və təhlükəsizlik qurumları arasında çoxtərəfli koordinasiyanı və 7/24 operativ məlumat mübadiləsini təmin etmək üçün Terrorçuluğa qarşı İnformasiya Mübadiləsi Sistemi və digər effektiv beynəlxalq informasiya mübadiləsi sistemlərinin yaradılması təşəbbüsünü dəstəkləyir.
Sənəddə o da bildirilib ki, iştirakçılar forumun beynəlxalq təhlükəsizlik sistemi üçün aktuallığını və əhəmiyyətini nəzərə alaraq, onun hər il ənənəvi qaydada keçirilməsi və fasiləsiz fəaliyyətinin təmin olunması məqsədilə Bakı Təhlükəsizlik Forumunun Əsasnaməsini qəbul ediblər.
Azərbaycan dövlət başçısı müraciətində bildirib ki, qlobal arenada kəskinləşən geosiyasi ziddiyyətlər fonunda beynəlxalq təhlükəsizlik sisteminin qorunub saxlanılmasında vacib rolu olan təhlükəsizlik və kəşfiyyat qurumlarını bir araya gətirən Bakı Təhlükəsizlik Forumunun davam etdirilməsi mühüm əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyev Bakı Təhlükəsizlik Forumunun qlobal və regional təhdid və risklərin müəyyənləşdirilməsi, onların neytrallaşdırılması yollarının araşdırılması baxımından unikal formata malik beynəlxalq tədbir olduğunu vurğulayıb.
Dünyanın sürətlə dəyişdiyini qeyd edən Azərbaycan lideri bildirib ki, hər gün yeni çağırışlar, yeni təhdidlər özünü büruzə verir. Müxtəlif bölgələrdə silahlı toqquşmaların baş verməsi humanitar böhranlara, texnogen qəzalara, ekoloji fəlakətlərə zəmin yaradır. Eyni zamanda beynəlxalq müstəvidə münaqişələrin alovlanması, terrorçu təşkilatların yenidən fəallaşması, eləcə də kibertəhdidlərin artması müşahidə olunur. Bütün bunlar dövlətləri qlobal xarakter daşıyan təhdidlərlə üz-üzə qoyur. Bu kontekstdə dini ekstremizm, separatçılıq, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, qeyri-qanuni miqrasiya və silah qaçaqmalçılığı kimi hüquqazidd əməllərin beynəlxalq təhlükəsizlik sistemini sarsıtması ciddi narahatlıq doğurur.
Dövlət başçısı müraciətində Azərbaycan Respublikasının müstəqillik qazandığı ilk gündən etibarən bütün sahələrdə beynəlxalq əməkdaşlığın gücləndirilməsini daim dəstəklədiyini, Azərbaycanın yerləşdiyi bölgədə – Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsi üçün konstruktiv addımlar atdığını bəyan edib, 2025-ci ilin avqust ayının 8-də Vaşinqtonda ABŞ-ın şahidliyi ilə Azərbaycan ilə Ermənistan arasında Birgə Bəyannamənin imzalandığını xatırladıb.
Prezident İlham Əliyev Cənubi Qafqazda əmin-amanlığın tam təmin olunması təkcə bizim region üçün deyil, eləcə də Mərkəzi Asiya, Yaxın Şərq və Avropa üçün yeni əməkdaşlıq imkanları yaradacağını diqqətə çatdırıb.
Qeyd edək ki, 2025-ci il sentyabrın 21-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı və 90-a yaxın ölkənin xüsusi xidmət orqanlarının rəhbərlərinin və yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə “Terror aktları və silahlı münaqişələr zamanı humanitar böhranların və qlobal texnogen fəlakətlərin qarşısının alınmasında təhlükəsizlik orqanlarının birgə fəaliyyəti” mövzusunda III Bakı Təhlükəsizlik Forumu keçirilib.

