“Böyük Qayıdış”a sağlamlıq dəstəyi – Səhiyyə Nazirliyinin ikigünlük səyyar oftalmoloji aksiyası Xocalıda (FOTO)

Baş səhifə

Bakı. Trend:

“Böyük Qayıdış”a sağlamlıq dəstəyi – Səhiyyə Nazirliyinin
ikigünlük səyyar oftalmoloji aksiyası Xocalıda

Trend xəbər verir ki, bu
barədə Səhiyyə Nazirliyi məluma yayıb.

Bildirilir ki, işğaldan azad olunan ərazilərə “Böyük Qayıdış”
proqramı çərçivəsində Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə 20-21
noyabr tarixlərində nazirliyin akademik Zərifə Əliyeva adına Milli
Oftalmologiya Mərkəzinin Səyyar Klinikası tərəfindən Xocalı
rayonunda əhali üçün oftalmoloji tibbi müayinələr aparılıb.

İkigünlük səyyar oftalmoloji müayinələrin başlıca məqsədi
operativ şəkildə vətəndaşların müayinəsi, görmə qabiliyyətinin
zəifləməsinin qarşısının alınması, görmə patologiyasının erkən
diaqnostikasının aşkarlanması və müalicələrin təyin
olunmasıdır.




Müayinələr əsasında vətəndaşlarda quru göz sindromu, allergik
konyunktivit, refraksiya patologiyası, miopik astiqmatizm və digər
xəstəliklər aşkarlanıb. Eyni zamanda, göz xəstəlikləri ilə bağlı
ümumi monitorinqlər aparılıb və əldə edilən nəticələr müzakirə
olunub. Həmçinin, ciddi problemlərlə üzləşən və çətin əməliyyat
tələb olunan pasiyentlərin akademik Zərifə Əliyeva adına Milli
Oftalmologiya Mərkəzinə gəlmələrinə şərait yaradılıb.

Tibbi aksiyada ümumilikdə 160-a yaxın sakin oftalmoloji
müayinədən keçib.

Aksiya zamanı məlumat verilib ki, bəzən göz xəstəliklərinin
simptomları diqqətdən kənarda qala bilər. İlkin mərhələdə göz
patologiyasını müəyyən etmək üçün sakinlərə mütəmadi olaraq ümumi
oftalmoloji müayinələrdən keçmələri tövsiyə olunub.

Daha sonra aksiya iştirakçılarını maraqlandıran suallar
cavablandırılıb.
Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunan
digər ərazilərdə də davamlı olaraq tibbi müayinələrin və
maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir