
Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı və Azərbaycan Qiymətləndiricilər
Palatası ölkədə bank risklərinin azaldılması və qiymətləndirmə
keyfiyyətinin yüksəldilməsini müzakirə ediblər.
Bu barədə Trend tənzimləyici quruma istinadən xəbər verir.
Belə ki, Mərkəzi Bankın sədr müavini Toğrul Əliyev Azərbaycan
Qiymətləndiricilər Palatasının rəhbərliyini qəbul edib.
Görüş zamanı qiymətləndirmə fəaliyyətinin hüquqi və normativ
çərçivəsinin təkmilləşdirilməsi, “Beynəlxalq Qiymətləndirmə
Standartları 2025” üzrə standartların tətbiqi, ekoloji, sosial və
idarəetmə faktorlarının girov və aktivlərin qiymətləndirilməsinə
inteqrasiyası müzakirə olunub.
Bundan əlavə, elektron platformalar və analitik sistemlərin
inkişafı, bank risklərinin azaldılması və qiymətləndirmə
keyfiyyətinin yüksəldilməsi kimi məsələlər müzakirə mövzuları
sırasında yer alıb.

