
Bakı. Trend:
Vergi Məcəlləsi və digər normativ-hüquqi aktlarda dəyişikliklər
investisiya və sahibkarlığın təşviqi, büdcə gəlirlərinin
tənzimlənməsi, vergi nəzarətinin təkmilləşdirilməsindən ibarət.
Məqsəd vergi inzibatçılığını sadələşdirmək, biznes mühitini
yaxşılaşdırmaq və qeyri-neft sektorunun inkişafını daha güclü
şəkildə stimullaşdırmaqdır.
Trend xəbər
verir ki, bunu Milli Məclisin deputatı Soltan Məmmədov parlamentin
bugünkü plenar iclasında Vergi Məcəlləsi və bir sıra qanunlarda
dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı
deyib.
Millət vəkili bildirib ki, 2025-ci ilin məlumatlarına əsasən,
vergi-gömrük güzəştləri və azadolmaları 7,7 milyard manat olub. Bu
proqnozlaşdırılan büdcə gəlirlərinin 20 faizini əhatə edir:
“Təklif olunan qanun layihəsi ölkənin iqtisadi inkişafını
sürətləndirmək, kölgə iqtisadiyyatı ilə mübarizə tədbirlərini
gücləndirməyə imkan yaradacaq. Dəyişikliklər vergi nəzarəti
mexanizmlərinin təkmilləşdirilməsi və şəffaflığın artırılmasını
nəzərdə tutulur. Nağdsız əməliyyatların genişləndirilməsi, üfüqi
monitorinq sisteminin tətbiqi və kölgə iqtisadiyyatına qarşı
mübarizənin gücləndirilməsi əsas prioritetlərdir”.
Deputat vurğulayıb ki, təklif olunan dəyişikliklər sırasında
nağdsız əməliyyatların stimullaşdırılması və şəffaflığın təmin
edilməsi də nəzərdə tutulur:
“ƏDV üzrə məcburi qeydiyyat limitinin 400 min manata
qaldırılması və ictimai iaşədə nağdsız dövriyyəyə tətbiq olunan
vergi güzəştləri həm sahibkarlar üçün əlavə imkanlar yaradır, həm
də vətəndaşların mənafelərinə xidmət edir. “ƏDV geri al” sisteminin
uğurlu tətbiqi vergi daxilomlalarının həcminin artmasına təkan
verən amillərdən biridir”.
Parlamentari əlavə edib ki, digər mühüm istiqamət biznesin
dəstəklənməsidir:
“Dövlət-özəl tərəfdaşlığı layihələri, kənd təsərrüfatı, sənaye,
ictimai iaşə və “yaşıl iqtisadiyyat” sahələri üçün yeni vergi
güzəştləri təqdim edilir. Bu, həm yerli investisiyanın artmasına,
həm də idxaldan asılılığın azalmasına xidmət edəcək”.
Soltan Məmmədov əlavə edib ki, layihə büdcə gəlirlərinin daha
dayanıqlı və proqnozlaşdırılan şəkildə formalaşması baxımından
xüsusilə mühüm əhəmiyyət kəsb edir. Azərbaycan iqtisadiyyatının
rəqabət qabiliyyətinin artırılması, vergi sisteminin
təkmilləşdirilməsi daxili bazarı qorumaq və idxaldan asılılığı
azaltmağa əlavə imkanlar yaradacaq. Çünki bu təkliflərin əsas
məqsədi vergi sistemini daha səmərəli, şəffaf və biznes üçün
əlçatan olmasına nail olmaqdır.
Milli Məclisin üzvü qeyd edib ki, icbari tibbi sığortanın uğurlu
tətbiqi üçün qanunvericilikdə davamlı dəyişikliklər zəruridir.
“Təklif olunan dəyişiklik qanunvericiliyin təkmilləşdirilməsi,
sığortalıların dairəsinin və icbari tibbi sığorta üzrə sığorta
haqlarının məbləğlərinin dəqiqləşdirilməsi, eyni zamanda ədalətli
tibbi xidmətin təmin olunmasına imkan yaradır. Təklif olunan qanun
layihəsindəki dəyişiklik eyni zamanda qeyri-formal məşğulluğun
təsir dairəsinə düşən sığortaolunanların müəyyən olunması, həmin
kateqoriyaya daxil olan insanların icbari sığortadan faydalanması
üçün tələb olunan sığorta haqlarının ödənilməsi mexanizmini müəyyən
edir. Qanun dəyişikliyi sığortanın ana xətti olan həmrəklik
prinsipini əsas tutaraq İcbari Tibbi Sığorta Fondunun daha da
genişləndirilməsi və müvafiq olaraq xidmətlər zərfinə daxil olan
tibbi müdaxilələrin sayının artırılmasına xidmət edəcək”, – deyə o
fikrini yekunlaşdırıb.

