Deputat: Qanuna dəyişikliklər xidmətlər zərfindəki tibbi xidmətlərin artırılmasına xidmət edəcək

Baş səhifə

Qanuna dəyişikliklər sığortanın ana xətti olan həmrəylik prinsipini əsas tutaraq İcbari Tibbi Sığorta Fondunun daha da genişləndirilməsi və müvafiq olaraq xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin sayının artırılmasına xidmət edəcək.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Vergi Məcəlləsinə və digər normativ-hüquqi aktlarda dəyişiklik edilməsinə dair qanun layihəsinin müzakirəsi zamanı deputat Soltan Məmmədov deyib.

Deputat bildirib ki, Vergi Məcəlləsində və digər normativ-hüquqi aktlarda dəyişiklik edilməsinə dair qanun layihəsi vergi güzəştləri ilə bağlı bir sıra vacib məsələləri əhatə edir: “Bu dəyişikliklərin məqsədi vergi inzibatçılığını sadələşdirmək, biznes mühitini yaxşılaşdırmaq və qeyri-neft sektorunun inkişafını daha güclü şəkildə stimullaşdırmaqdır. Təklif olunan qanun layihəsi ölkənin iqtisadi inkişafını sürətləndirmək, kölgə iqtisadiyyatı ilə mübarizə tədbirlərini gücləndirməyə imkan yaradacaq. Dəyişikliklər eyni zamanda vergi nəzarəti mexanizmlərinin təkmilləşdirilməsi və şəffaflığın artırılmasını nəzərdə tutulur. Nağdsız əməliyyatların genişləndirilməsi, üfüqi monitorinq sisteminin tətbiqi və kölgə iqtisadiyyatına qarşı mübarizənin gücləndirilməsi əsas prioritetlərdir”.

Soltan Məmmədov qeyd edib ki, təklif olunan dəyişikliklər sırasında nağdsız əməliyyatların stimullaşdırılması və şəffaflığın təmin edilməsi də nəzərdə tutulur: “ƏDV üzrə məcburi qeydiyyat limitinin 400 min manata qaldırılması və ictimai iaşədə nağdsız dövriyyəyə tətbiq olunan vergi güzəştləri həm sahibkarlar üçün əlavə imkanlar yaradır, həm də vətəndaşların mənafelərinə xidmət edir. Məlum olduğu kimi, “ƏDV geri al” sisteminin uğurlu tətbiqi vergi daxilomlalarının həcminin artmasına təkan verən amillərdən biridir. Digər mühüm istiqamət biznesin dəstəklənməsidir. Dövlət-özəl tərəfdaşlığı layihələri, kənd təsərrüfatı, sənaye, ictimai iaşə və “yaşıl iqtisadiyyat” sahələri üçün yeni vergi güzəştləri təqdim edilir. Bu, həm yerli investisiyanın artmasına, həm də idxaldan asılılığın azalmasına xidmət edəcək”.

Deputat hesab edir ki, İcbari Tibbi sığortanın uğurlu tətbiqi üçün qanunvericilikdə davamlı dəyişikliklər zəruridir: “Təklif olunan dəyişiklik qanunvericiliyin təkmilləşdirilməsi, sığortalıların dairəsinin və icbari tibbi sığorta üzrə sığorta haqlarının məbləğlərinin dəqiqləşdirilməsi, eyni zamanda ədalətli tibbi xidmətin təmin olunmasına imkan yaradır. Təklif olunan qanun layihəsindəki dəyişiklik eyni zamanda qeyri formal məşğulluğun təsir dairəsinə düşən sığortaolunanların müəyyən olunması, həmin kateqoriyaya daxil olan insanların icbari sığortadan faydalanması üçün tələb olunan sığorta haqlarının ödənilməsi mexanizmini müəyyən edir. Qanun dəyişikliyi sığortanın ana xətti olan həmrəylik prinsipini əsas tutaraq İcbari Tibbi Sığorta Fondunun daha da genişləndirilməsi və müvafiq olaraq xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin sayının artırılmasına xidmət edəcək”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir