
Bakı. Trend:
Media Mükəmməlliyi Mərkəzi Azərbaycan Prezidenti İlham Əliyevin
tövsiyəsi və təşəbbüsü ilə yaradılır və məqsəd D-8 ölkələrində
dezinformasiya və saxta xəbərlərlə mübarizə aparmaq, media
sahəsində ixtisas artırmaq, kadr hazırlığı prosesini təşkil etmək
və bu sahədə layihələr həyata keçirməkdir.
Trend xəbər
verir ki, bunu bu gün Medianın İnkişafı Agentliyinin İcraçı
direktoru Əhməd İsmayılov Bakıda keçirilən D-8 Media Forumu
çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Forumun keçirilməsində məqsəd D-8 İqtisadi
Əməkdaşlıq Təşkilatının üzv dövlətlərinin media subyektlərinin
beynəlxalq və regional əməkdaşlığını inkişaf etdirmək,
dezinformasiya və rəqəmsal mühitdə əməkdaşlığı təkmilləşdirmək və
qarşılıqlı əməkdaşlıq platforması yaratmaqdır.
“Forumda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Media Mükəmməlliyi
Mərkəzinin yaradılması istiqamətində strateji plan müzakirə olunur.
Hazırda Mərkəzin strateji planı Forum iştirakçılarına təqdim
edilib. Günün sonuna qədər media ekspertlərimiz və D-8 ölkələrindən
olan dövlət rəsmilərinin tövsiyələri həmin Media Mükəmməlliyi
Mərkəzinin gələcək strateji planına daxil ediləcək”, – deyə o əlavə
edib.

