
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Radiotezliklər İdarəsi Naxçıvan şəhərində avtonom radiomonitorinq stansiyasının qurulması və istifadəyə verilməsini uğurla tamamlayıb.
APA xəbər verir ki, layihə çərçivəsində günəş panelli avtonom enerji sistemi üzərində qurulmuş, proqram təminatı əsaslı SDR radioqəbuledici və onun komplektləşdiricilərindən ibarət müasir radiomonitorinq stansiyasının layihələndirilməsi və montajı icra edilib.
Stansiya vasitəsilə ilk dəfə olaraq məsafədən olmaqla real vaxt rejimində Naxçıvan şəhərində yerli və kənar radioyayımlara nəzarət imkanı əldə edilib.
Radiomonitorinq stansiyası tamamilə günəş enerjisi ilə fasiləsiz fəaliyyət göstərməklə 7/24 rejimdə qeyd edilən ərazidə radiotezlik spektrinə daha çevik şəkildə nəzarətin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

