Ali Məhkəmədən xarici hökmlərin ölkəmizdə tanınmasına dair mühüm qərar

Baş səhifə

Bakı.Trend:

Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası
xarici hökmün tanınması ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən
edən qərar qəbul edib.

Trend xəbər
verir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb.

Bildirilib ki, Rusiya istintaq oraqanları tərəfindən irəli
sürülmüş ittiham əsasən, şəxs 2007-ci il 11 avqust tarixində
Rusiyanın Rostov vilayətində tanışı Y. Kovalevanın evinə qanunsuz
daxil olaraq oğurluq etməyə cəhd edib. Hadisə zamanı onu görən
qohum A. Nazarenkoya bıçaqla xəsarətlər yetirərək ölümünə səbəb
olub. Rusiya istintaq orqanlarının məlumatına əsasən, hadisə
yerindən götürülmüş barmaq izləri Abdullayevə məxsus olub və o,
ilkin mərhələdə cinayəti etiraf edib.

Rusiya məhkəmələri işi şəxs barəsində qiyabi qaydada araşdıraraq
onu 17 il azadlıqdan məhrumetmə cəzasına məhkum ediblər.
Azərbaycanda həmin hökmün tanınması üçün edilən müraciətə isə
apellyasiya instansiyası tərəfindən imtina verilib.

Sonradan Azərbaycan Respublikasının Ali Məhkəməsinə müraciət
olunub.




Ali Məhkəmə qəbul etdiyi qərarda bildirib ki, xarici dövlətin
qiyabi hökmünün tanınması məsələsinə yanaşmada əsas diqqət müdafiə
hüquqlarının real təminatı və beynəlxalq standartlara uyğunluğun
qiymətləndirilməsinə yönəlməlidir. Məhkəmə vurğulayıb ki, müxtəlif
ölkələrin cinayət-prosessual qanunvericiliklərində qiyabi icraata
fərqli yanaşmalar mövcud olsa da, bu fərqliliklər hökmün
tanınmasından imtina üçün avtomatik əsas ola bilməz. Əsas meyar –
şəxsin müdafiə imkanlarının reallaşdırılması üçün real şəraitin
yaradılıb-yaradılmamasıdır.

Məhkəmənin mövqeyinə görə, müdafiəçinin formal iştirakının təmin
edilməsi müdafiə hüququnun tam təmin edilməsi demək deyil. Müdafiə
fəaliyyəti şəxsin prosessual hüquqlarının aktiv qorunmasını nəzərdə
tutur. Bu baxımdan məhkəmə xüsusilə tərcümə təminatının
olub-olmamasını, müdafiəçinin seçimi ilə bağlı şəffaflığı, ifadə və
etirafların işgəncə və ya digər qanunsuz təsirlərlə əldə
edilib-edilməməsinin araşdırılmasını, məhkəmə prosesini obyektiv
əks etdirən protokolların və audio-video yazıların mövcudluğunu
qiymətləndirməyin vacibliyini qeyd edib. Bu materiallar təqdim
edilmədiyinə görə Ali Məhkəmə müdafiə hüquqlarının real təminatı
barədə obyektiv qiymətləndirmə aparmağın mümkün olmadığı qənaətinə
gəlib.

Məhkəmə həmçinin qiyabi hökmlərin beynəlxalq hüquq
normalarındakı yerini təhlil edərək qeyd edib ki, qiyabi
məhkumetmənin özü hüquq pozuntusu hesab edilmir. Beynəlxalq
sənədlərdə ən mühüm təminatlardan biri şəxsin qiyabi hökmə qarşı
etiraz imkanı və işin onun iştirakı ilə yenidən araşdırılması
hüququnun mövcudluğudur. Bu səbəbdən xarici hökmün tanınması həmin
təminatların mövcudluğu və təqdim olunan sübutların etibarlılığı
prizmasından qiymətləndirilməlidir.

Ali Məhkəmə əlavə edib ki, hökmün Rusiya Federasiyasında
kassasiya qaydasında mübahisələndirilməməsi onun tanınmasından
imtina üçün əsas deyil, çünki hökm artıq apellyasiya
instansiyasından keçərək qanuni qüvvəyə minib. Bununla yanaşı,
məhkəmə qeyd edib ki, tanınma məsələsində əsas araşdırma yükü
apellyasiya instansiyasının üzərinə düşür və bu məhkəmə iş üzrə
tam, qərəzsiz və hərtərəfli məlumat toplamalı idi. Lakin tələb
olunan materiallar Rusiya tərəfindən təqdim olunmadığı halda
apellyasiya məhkəməsinin qərara gəlməsi tələsilmiş addım kimi
qiymətləndirilib.

Göstərilən arqumentləri nəzərə alan Ali Məhkəmə belə nəticəyə
gəlib ki, müdafiə hüquqlarının pozulub-pozulmadığının obyektiv
qiymətləndirilməsi üçün zəruri sübutlar toplanmalı, Rusiyadan
istintaq materiallarının tam həcmi, məhkəmə iclaslarının
protokolları və əgər mövcuddursa, məhkəmə iclaslarının audio-video
yazıları əldə olunmalı, işgəncə iddiaları araşdırılmalı və yalnız
bundan sonra hökmün tanınması və ya tanınmadan imtina barədə
əsaslandırılmış qərar verilməlidir. Bu səbəbdən Ali Məhkəmə
apellyasiya məhkəməsinin qərarını ləğv edərək işi yenidən baxılması
üçün həmin məhkəməyə qaytarıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir