
Azərbaycan Mərkəzi Bankı (AMB) QR ödənişlərin kiçik sahibkarlar üçün daha sərfəli olması üçün assosiasiyalarla sıx iş aparır.
Bunu “APA-Economics”ə açıqlamasında AMB-nin sədr müavini Vüsal Xəlilov deyib. O bildirib ki, xüsusilə regionlarda dövriyyəsi aşağı olan kiçik sahibkarlıq subyektləri üçün QR ödənişlər daha əlçatan və xərci aşağı ödəniş mexanizmi ola bilər. Bu baxımdan Mərkəzi Bank QR ödənişlərin ölkə üzrə geniş tətbiqi və sahibkarlar üçün daha sərfəli olması istiqamətində həm maliyyə sektorunda, həm də qeyri-maliyyə sahəsində fəaliyyət göstərən assosiasiyalarla sıx işləyir.
O deyib ki, QR ödənişlər ümumilikdə sahibkarların xərclərini azalda bilər. Amma hazırda xərclərin nə qədər azalacağı barədə tam rəqəm demək çətindir, çünki araşdırmalar hələ başa çatmayıb.
V. Xəlilov əlavə edib ki, QR ödənişlərin genişləndirilməsi ölkə üzrə nağdsız ödənişlərin payını artıracaq və ümumi ödəniş ekosisteminin inkişafına töhfə verəcək.

