
Bakı. Trend:
Pakistan Bakıda “Mükəmməllik Mərkəzi”nin yaradılması təşəbbüsünə
dəstək verir.
Trend xəbər
verir ki, bunu Pakistan Televiziyasının rəhbəri Adil Şahzeb D-8
Media Forumu çərçivəsində keçirilən “Strateji kommunikasiya və
böhranın idarə olunması” adlı panel sessiyada çıxışı zamanı
deyib.
O qeyd edib ki, hazırki vəziyyətdə sosial şəbəkələrin əhatə və
təsir dairəsini gözardı etmək olmaz:
“Pakistan və Azərbaycan arasında ortaq dəyərlər çoxdur.
Azərbaycanın dinamik liderliyi ilə D-8 təşkilatının Bakıda “Mükəmməllik Mərkəzi” yaradılacaq. Media sahəsində virtual təmaslar
olduqca vacibdir. Sosial şəbəkələrin təsir dairəsi çox böyükdür.
Səhv məlumatlar doğru xəbərdən azı 10 dəfə sürətlə yayılır və “fake” informasiya silaha çevrilir. Sürətlə dəyişən informasiya
mühiti şəraitində ictimaiyyətlə sistemli kommunikasiya
strategiyasının qurulması zəruridir. Bu baxımdan üzv ölkələr
arasında təcrübə mübadiləsi və birgə metodoloji çərçivələrin
hazırlanması mühüm əhəmiyyət kəsb edir”.
“Bakıda “Mükəmməllik Mərkəzi”nin yaradılması qlobal miqyasda
yaranan təhdidlərin müzakirəsi və həll yolları tapılmasında mühüm
əhəmiyyət kəsb edəcək. Hibrid müharibələr dövründə bu cür mərkəzlər
və əməkdaşlıq olduqca mühümdür”, – deyə o əlavə edib.

