Azərbaycanda Beynəlxalq Telekommunikasiya İttifaqının Regional Akselerasiya Mərkəzi fəaliyyətə başlayıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Beynəlxalq Telekommunikasiya İttifaqının yeni Regional
Akselerasiya Mərkəzi Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və
Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf
Agentliyi (İRİA) ilə BMT-nin rəqəmsal texnologiyalar üzrə
ixtisaslaşmış agentliyi olan Beynəlxalq Telekommunikasiya İttifaqı
(BTİ) arasında strateji əməkdaşlıq çərçivəsində təsis edilib.

Mərkəzin açılış tədbirində Azərbaycan Respublikasının rəqəmsal
inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, BTİ-nin baş katibi Dorin
Boqdan-Martin, BTİ-nin Telekommunikasiya İnkişaf Bürosunun
direktoru Kosmas Lakison Zavazava, eləcə də çoxsaylı yerli və
beynəlxalq dövlət və özəl təşkilatların nümayəndələri iştirak
edib.

MDB regionunda ilk olan BTİ Akselerasiya Mərkəzi startapları,
biznes subyektlərini, dövlət qurumları və təhsil müəssisələrini bir
araya gətirərək innovativ sahibkarlıq potensialını gücləndirmək,
ekosistemdə əməkdaşlığı təşviq etmək və regional səviyyədə rəqəmsal
transformasiyanın sürətlənməsini dəstəkləmək məqsədilə
yaradılıb.

BTİ Akselerasiya Mərkəzi, sürətlə dəyişən rəqəmsal dünyada
təhlükəsiz və etibarlı şəkildə irəliləmək üçün yeni, daha dayanıqlı
və gələcəyə yönəlmiş yanaşmaları inkişaf etdirməyi hədəfləyən 17
innovasiya mərkəzindən ibarət şəbəkənin bir hissəsidir.

Təşəbbüs BTİ-nin “Rəqəmsal İnkişaf üçün İnnovasiya və
Sahibkarlıq Alyansı”nın bir hissəsi olaraq yaradılıb. Alyans həyata
keçirilən texnoloji layihələr vasitəsilə iqtisadi inklüzivlik və
dayanıqlı inkişafı təşviq edir. BTİ Akselerasiya Mərkəzləri dövlət
və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi və innovativ
potensialın real imkanlara çevrilməsi istiqamətində əsas platforma
rolunu oynayır.




Mərkəzin fəaliyyəti ölkənin milli prioritetlərini BTİ-nin qlobal
missiyası ilə uzlaşdıraraq Azərbaycanın regional innovasiya lideri
kimi artan mövqeyini gücləndirəcək. Bu strateji tərəfdaşlıq
regional müstəvidə innovasiya ekosisteminin inkişafına güclü təkan
verəcək.

Açılış tədbirində çıxış edən İRİA-nın sədri Fərid Osmanov
bildirib ki, Mərkəz Azərbaycan və regionun digər ölkələrindən olan
startaplar və innovativ layihələr üçün qovşaq rolunu oynayacaq:

“Mərkəzdə startaplar Beynəlxalq Telekommunikasiya İttifaqının
metodologiyası və standartlarına əsasən tərtib olunan akselerasiya
proqramlarında iştirak edə biləcəklər. Bu, onların qlobal bazarlara
çıxışını sürətləndirəcək, eyni zamanda qabaqcıl dünya təcrübəsi ilə
ölkəmizdə innovasiya mədəniyyəti də inkişaf edəcək”.

Qeyd edək ki, Regional Akselerasiya Mərkəzi Azərbaycan
İnnovasiya Mərkəzinin inzibati binasında fəaliyyət göstərəcək.
Burada tədbir zalları, iclasların və təqdimatların keçirilməsi üçün
otaqlar, eləcə də təlim və kovörkinq sahəsi mövcuddur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir