
Bakı.Trend:
Ümumdünya Səhiyyə Təşkilatının INFOSAN şəbəkəsindən daxil olan
rəsmi məlumata əsasən, Amerika Birləşmiş Ştatlarında (ABŞ) “ByHeart
Whole Nutrition Infant Formula” adlı uşaq qidasının istehlakı ilə
əlaqədar körpələr arasında botulizm halları qeydə alınıb.
Trend xəbər
verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika
Mərkəzinin məlumatına görə, 2025-ci il 17 noyabr tarixinədək 13
ştat üzrə 23 şübhəli və təsdiqlənmiş yoluxma halı müəyyən edilib və
onlar xəstəxanaya yerləşdirilib. Həmçinin ABŞ-də sözügedən məhsulun
bütün partiyalarının və bütün qablaşdırma formalarının
istifadəsinin dərhal dayandırılması tövsiyə edilib.
Qeyd edək ki, botulizm ağır gedişli, potensial ölümcül xəstəlik
olub, adətən Clostridium botulinum bakteriyası ilə çirklənmiş
qidalarda formalaşan toksinlərin qəbulu nəticəsində yaranır.
Clostridium botulinum bakteriyası oksigensiz mühitdə təhlükəli
botulinum toksinlərini ifraz edir. Xəstəlik qəbizlik, iştahsızlıq,
halsızlıq, zəif emosiya ifadəsi, zəif ağlama və başı şaquli tutma
qabiliyyətinin azalması kimi simptomlarla təzahür edir.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən
aparılan araşdırma nəticəsində “ByHeart Whole Nutrition Infant
Formula” adlı uşaq qidasının ölkəyə idxal edilmədiyi
müəyyənləşdirilib. Lakin məhsulun Amazon.com və digər onlayn
platformalar vasitəsilə şəxsi istehlak məqsədilə sifariş olunması
mümkündür. Bu səbəbdən Agentlik xəbərdarlıq edir ki, ölkə daxilində
fərdi qaydada əldə edilən məhsulların mövcudluğu və istifadəsi
potensial risk yarada bilər.
AQTA tərəfindən mövcud internet informasiya ehtiyatları və digər
kommunikasiya alətləri vasitəsilə məhsulla bağlı aşkar olunmuş və
potensial təhlükələr, habelə bu təhlükələrdən irəli gələn risklər
barədə maraqlı şəxslər məlumatlandırılıb.
INFOSAN tərəfindən əlavə məlumat daxil olduğu təqdirdə,
yenilənmiş məlumat ictimaiyyətə təqdim ediləcəkdir.

