
Bakı. Trend:
Rusiya tərəfi Azərbaycanın Kiyevdəki səfirliyinin binasına dəyən
ziyana görə təəssüfünü bildirib.
Trend Rusiya
Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, bu barədə bu gün
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin ilə
Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Rəhman
Mustafayev arasında keçirilən görüş zamanı bildirilib.
“Söhbət zamanı qeyd olunub ki, 14 noyabr tarixində Azərbaycanın
Kiyevdəki diplomatik nümayəndəliyinin binalarına, əmlakına və
ərazisinə vurulan zərərlə bağlı Azərbaycan tərəfinin müraciəti
Rusiya tərəfinin aidiyyəti qurumları tərəfindən diqqətlə
araşdırılıb. Rusiya tərəfi baş verənlərlə bağlı səmimi təəssüfünü
ifadə edir”, – deyə Rusiya XİN-in məlumatında qeyd olunur.
Xatırladaq ki, 2025-ci il noyabrın 14-də Rusiya Federasiyasının
Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri
Mixail Yevdokimov Azərbaycan Xarici İşlər Nazirliyinə
çağırılıb.
Ukraynanın paytaxtı Kiyevə endirilən raket-bomba zərbəsi
nəticəsində 14 noyabr saat 01:00 radələrində “İskəndər” tipli
raketlərdən birinin Azərbaycanın Kiyevdəki səfirliyinin ərazisinə
düşməsi ilə bağlı kəskin etiraz ifadə olunub və səfirə müvafiq nota
təqdim edilib.
Qeyd olunub ki, son partlayış nəticəsində səfirliyin ərazisini
əhatə edən hasarın bir hissəsi tamamilə dağılıb, konstruksiyalar,
xidməti nəqliyyat vasitələri, inzibati bina və konsulluq şöbəsi
zədələnib, diplomatik nümayəndəliyin ərazisinə ciddi ziyan dəyib.
Xoşbəxtlikdən, hücum nəticəsində itki olmayıb.
Vurğulanıb ki, beynəlxalq hüququn norma və prinsiplərinə zidd
olan bu kimi raket hücumları daha əvvəl də baş verib.

