
Almaniyanın Landau şəhərində 29 yaşlı azərbaycanlı miqrantın deportasiyasına qarşı etiraz aksiyası keçirilib.
Modern.az-ın məlumatına görə, 30-dan çox şəxs polis bölməsinin giriş və çıxışlarını yaxınlıqdakı tikinti sahəsindən götürülmüş siqnal işıqları ilə bağlayaraq icazəsiz aksiya təşkil edib.
Polis bildirib ki, etirazçılar deportasiya olunacaq azərbaycanlının şöbəyə gətirilməsindən sonra toplaşıblar. Səlahiyyətlilərin sözlərinə görə, bu, miqrantın sağlamlıq vəziyyətinin uçuş üçün uyğunluğunu yoxlamaq məqsədi daşıyan standart tibbi prosedurdur.
Aksiya iştirakçıları həmin şəxsin azad edilməsini tələb ediblər. Hadisə yerinə əlavə polis qüvvələri cəlb olunub. Təxminən saat 13:15-də etirazçılar tam şəkildə ərazini tərk ediblər. Polis bildirib ki, aksiya zamanı fiziki qarşıdurma qeydə alınmayıb.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır. İstintaq çərçivəsində qanunsuz toplantı, eləcə də polis əməkdaşlarına müqavimət göstərilməsi ehtimalları araşdırılır.
Almaniyanın RHEINPFALZ qəzetinin məlumatına görə, həmin azərbaycanlı ölkədə qalmaq üçün bütün hüquqi imkanları tükədib. Onun müraciətləri bir neçə məhkəmə instansiyasında rədd edilib. Səlahiyyətlilər bildiriblər ki, o, ölkəni könüllü tərk etmək imkanı əldə etsə də, bundan istifadə etməyib. Bu səbəbdən deportasiya prosesi dövlət orqanları tərəfindən icra edilməyə başlanılıb.

