
Bakı. Trend:
Lənkəran şəhər Osman Mirzəyev adına 5 saylı uşaq evi sosial
xidmət müəssisəsinin yerləşdiyi bina Heydər Əliyev Fondu tərəfindən
əsaslı təmir edilib. Noyabrın 21-də uşaq evinin binasının təmirdən
sonra açılışı olub.
Trend xəbər
verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla
Əliyeva və Alena Əliyeva iştirak ediblər.
Bildirilib ki, Lənkəranda 1941-ci ildən fəaliyyət göstərən 5
saylı uşaq evi sosial xidmət müəssisəsinin binası ötən müddət
ərzində köhnəldiyindən istifadəyə yararsız vəziyyətə düşmüşdü.
2024-cü ildə uşaq evi sosial xidmət müəssisəsinin binasının əsaslı
təmir işlərinə başlanılıb.
Bina 1 və 2 mərtəbəli 5 korpusdan ibarətdir. Sosial xidmət
müəssisəsində kiçik və böyük yaş qrupları üzrə 120 uşaq yerləşib.
Binada sinif, informatika, tikiş və xalçaçılıq, rəqs və musiqi
otaqları, emalatxana yaradılıb. Sosial xidmət müəssisəsi zəruri
mebel və avadanlıqlarla, fənn kabinetləri əyani vəsaitlərlə təchiz
edilib.
Burada istirahət və tibb otaqları, qarderob, kitabxana, oxu
zalı, yeməkxana, akt zalı, idman zalı və açıq idman meydançası
yaradılıb. Eləcə də oyun attraksionları ilə təmin olunan meydança
inşa edilib.
Sosial xidmət müəssisəsinin həyətyanı ərazisində abadlıq və
yaşıllaşdırma işləri aparılıb.

