
Bakı. Trend:
Noyabrın 21-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla
Əliyeva və Arzu Əliyeva Astarada Azərbaycanın Milli Qəhrəmanı
Pəncəli Teymurovun ailəsini ziyarət ediblər.
Trend xəbər verir
ki, görüş zamanı Aprel döyüşlərində şəhid olmuş Pəncəli Teymurovun
xatirəsi ehtiramla yad edilib, onun Vətən uğrunda xidmətləri,
hərbçi kimi yüksək peşəkarlıq, şücaət və mərdlik göstərməsi barədə
danışılıb.
Daha sonra Leyla Əliyeva və Arzu Əliyeva şəhidin xatirəsinin
əbədiləşdirilməsi məqsədilə yaradılan ev-muzeyinə baxış
keçiriblər.
Qeyd edək ki, Xüsusi Təyinatlı Qüvvələrin mənsubu, “Qoca”
ləqəbli əfsanəvi kəşfiyyatçı Pəncəli Nurməhəmməd oğlu Teymurov
1981-ci il martın 24-də Astara rayonunun Əzərüd kəndində anadan
olub. Hərbi xidmətdən sonra 1999-cu ildən Xüsusi Təyinatlı Qüvvələr
yarandığı ildən onun sıralarında xidmətini davam etdirən Pəncəli 17
il Vətənin keşiyində şərəflə dayanıb. Gizir Pəncəli Teymurov
2016-cı il Aprel döyüşləri zamanı arzuladığı zirvəyə – şəhidlik
məqamına ucalıb.
Nümunəvi xidməti ilə sağlığında bir çox medallara və mükafatlara
layiq görülən Pəncəli Teymurov ölümündən sonra 2016-cı ildə “Vətən
uğrunda” medalı ilə təltif olunub. Müzəffər Ali Baş Komandan
Prezident İlham Əliyevin 2025-ci il noyabrın 7-də imzaladığı
Sərəncamla Pəncəli Teymurova Azərbaycanın Milli Qəhrəmanı adı
verilib.

