
Bakı. Trend:
Bir il əvvəl – 2024-cü il 23 noyabr tarixində Prezident İlham
Əliyevin 235 nömrəli Fərmanına əsasən, Naxçıvan Dövlət Energetika
Xidmətinin enerjinin istehsalı və ötürülməsi funksiyaları
“Azərenerji” ASC-yə həvalə edilib.
Trend “Azərenerji” ASC-yə istinadən xəbər verir ki, Fərmanın icrası
məqsədilə ötən bir il ərzində Naxçıvan Muxtar Respublikasında
enerji sisteminin yenilənməsi və müasirləşdirilməsi istiqamətində
genişmiqyaslı tədbirlər həyata keçirilib. Cəmiyyətin balansında
“Naxçıvan Enerji” MMC yaradılıb, yeni struktur formalaşdırılıb və
400-dən çox yerli mütəxəssis işlə təmin olunub.
Bununla yanaşı, “Azərenerji” ASC tərəfindən “Naxçıvan Muxtar
Respublikasının Elektroenergetika Strategiyası” əsasında
“2025–2027-ci illər üzrə Reabilitasiya və Yenidənqurma Tədbirləri”
hazırlanıb. Strategiyanın icrası çərçivəsində Naxçıvan Muxtar
Respublikasının enerji təchizatında mühüm rol oynayan bir neçə
yarımstansiyanın yenidən qurulmasına başlanılıb. Hazırda 110 kV-luq
“Naxçıvan”, 154/110/10 kV-luq “Babək” və 110/35/10 kV-luq
“Çeşməbasar” yarımstansiyalarında tikinti işləri müasir mühəndislik
həlləri və beynəlxalq təhlükəsizlik standartlarına uyğun olaraq
aparılır. Qeyd edək ki, 110/35/10 kV-luq “Naxçıvan” yarımstansiyası
muxtar respublikanın ilk qapalı tipli yarımstansiyası olacaq ki, bu
da enerji infrastrukturunun təhlükəsizliyini və idarəolunma
səviyyəsini əhəmiyyətli dərəcədə artıracaq. Eyni zamanda,
132/110/35/10 kV-luq “Yeni Culfa” yarımstansiyasında istismara
hazırlıq işləri yekun mərhələdədir.
Enerji idarəetməsinin rəqəmsallaşdırılması sahəsində də mühüm
addımlar atılır. “Naxçıvan Enerji” MMC-nin inzibati binası,
Regional Rəqəmsal İdarəetmə və SCADA Mərkəzinin tikintisi sürətlə
davam etdirilir. Layihə çərçivəsində beton işlərinin böyük hissəsi
artıq tamamlanıb, dəmir-armatur örtüklərinin montajı aparılır.
Tikinti qrafikinə uyğun olaraq beton işlərinin bu ilin sonunadək
başa çatdırılması planlaşdırılır.
Bununla paralel olaraq, ötürücü şəbəkənin tam modernləşdirilməsi
istiqamətində genişmiqyaslı yenilənmə işləri həyata keçirilir. Ötən
əsrin 50-ci illərində inşa edilmiş və istismar üçün yararsız
vəziyyətə düşmüş hava elektrik xətlərinin mərhələli şəkildə yenidən
qurulması davam edir. İlk mərhələdə ümumi uzunluğu 69 km olan
ikidövrəli 110 kV-luq “Culfa”, “Ordubad-1” və “Ordubad-2”
xətlərinin yeni infrastrukturu tikilir. Culfa və Ordubad
istiqamətlərində köhnə dayaqlar müasir anker və aralıq dayaqları
ilə əvəzlənir, basdırılmış dayaqlar üzərində hava elektrik verilişi
xətlərinin çəkilişi və izolyasiya-mühafizə sistemlərinin
quraşdırılması intensiv şəkildə aparılır.
Bu layihələr təkcə enerji infrastrukturunun yenilənməsi ilə
məhdudlaşmır, həm də regionun sosial-iqtisadi inkişafına mühüm
töhfə verir. Tikinti meydançalarında 200-ə yaxın yerli sakin işlə
təmin olunub, yüzlərlə mühəndis, texniki işçi, nəzarət və logistika
mütəxəssisi prosesə cəlb edilib. Bu isə həm müvəqqəti, həm də daimi
iş yerlərinin açılması ilə Naxçıvan əhalisinin məşğulluq
imkanlarını genişləndirib.
Enerji təhlükəsizliyinin yüksəldilməsi istiqamətində daha böyük
layihələr də nəzərdə tutulur. “Azərenerji” ASC yaxın illərdə
Naxçıvanda 400/330/110/35/10 kV-luq “Çevirici” yarımstansiyanın
tikintisini planlaşdırır. Bu yarımstansiya vasitəsilə Naxçıvandan
Türkiyəyə ikidövrəli 400 kV-luq elektrik verilişi xəttinin
çəkilməsi, Azərbaycan–Türkiyə–Avropa enerji qovşağının yaradılması
və Cəbrayıl–Naxçıvan–Ağrı xətti üzərindən Avropa enerji bazarlarına
birbaşa çıxış imkanlarının formalaşdırılması nəzərdə tutulur.
Həmçinin Ordubad rayonundan Türkiyə sərhədinə qədər 100 km hissədə
330 kV-luq “Cəbrayıl–Naxçıvan” və 67 km hissədə 400 kV-luq
“Naxçıvan–Türkiyə” xətlərinin trassasının topoqrafik plana alınması
üçün mühəndis geoloji və geodeziya işləri həyata keçirilib.
Bununla yanaşı, 110 kV-luq “Naxçıvan-1”,“Naxçıvan-2”,
“Naxçıvan-3”,“Sementzavod-2” hava xətlərinin yaşayış
məntəqələrindən keçən 5,2 km-lik hissəsi yeraltı kabel xətləri ilə
əvəzlənəcək ki, bu da təhlükəsizliyi artırmaqla yanaşı, şəhər
mühitində infrastrukturun daha səliqəli və dayanıqlı olmasına imkan
verəcək.
Muxtar Respublikanın “Yaşıl enerji” zonası elan olunması
Naxçıvanda aparılan enerji layihələrinə yeni strateji məzmun
qazandırır. Bərpa olunan enerji mənbələrindən səmərəli istifadə
regionun enerji balansında mühüm rol oynayır. Hazırda “Azərenerji”
ASC-nin tərkibində fəaliyyət göstərən “Naxçıvan Enerji” MMC-nin
istismar sahəsində beş su elektrik stansiyası, üç günəş elektrik
stansiyası, bir külək elektrik stansiyası və bir hibrid –
Külək–Günəş Elektrik Stansiyası mövcuddur. Bu infrastrukturun
fəaliyyəti nəticəsində muxtar respublikada istehsal olunan elektrik
enerjisinin təxminən 50 faizi “yaşıl enerji”nin payına düşür.
“Azərenerji” tərəfindən Naxçıvanda həyata keçirilən yenidənqurma
və modernləşdirmə layihələri təkcə mövcud enerji infrastrukturunu
gücləndirmir, həm də muxtar respublikanın gələcək inkişaf
trayektoriyasını müəyyənləşdirir. Bütün bunlar Prezident İlham
Əliyevin müvafiq Fərmanının icrasının real nəticələrinin artıq
aydın şəkildə hiss olunduğunu və Naxçıvanın enerji sektorunun
keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir.

