
Bakı.Trend:
“Faciə çox sürətlə baş verdi. Qonşular hadisəni bilib aşağı
düşürdülər. Həmin anda nə baş verdiyini bilmədik, düşündük ki, alov
ətrafı bürüyəcək”.
Bu fikirləri Trend-ə açıqlamasında dünən axşam saatlarında Bakı
şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində yanğın baş verən
çoxmərtəbəli yaşayış binasının sakini, jurnalist Heydər Mirzə
deyib.
O, qeyd edib ki, evi binanın 12-ci mərtəbəsində yerləşir:
“Hadisə baş verəndə 5-ci mərtəbəyədək özümüz düşdük, daha sonra
tüstüdən heç yeri görə bilmədik. Sonra geriyə – yuxarı
qayıtdıq”.
Sakin bildirib ki, evin qapısını yaş dəsmallarla izolyasiya
ediblər.
“Yanğının mənbəyi restoran olub. 2010-cu ildən binada yaşayıram.
“Loft” restoranı 2 il öncə burada açılıb. Restoran sahini binaya
məxsus qarajın yarısını mənimsəyərək restoran və stomatoloji mərkəz
təşkil edib. Yanğın təhlükəsindən əlavə, hər gün 5-ci mərtəbəyə
qədər səs-küy, musiqi gəlir”.
H.Mirzə vurğulayıb ki, bir ay öncə isə restoran hibrid
maşınların elektrik doldurma dayanacağını quraşdıraraq generatoru
zirzəmidə yerləşdirib.
“3 gün əvvəl binanın baş ustası yanıq qoxusu ilə bağlı restorana
müraciət etdikdə adamı döyüblər”.

