
Bakı. Trend:
Azərbaycanın iqtisadi müstəqilliyi beynəlxalq aləmdə onun siyasi
mövqeyinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayır. Ölkəmizin
malik olduğu enerji resurslarından səmərəli istifadə etməsi
regional inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji
təhlükəsizliyinin təminatçısına çevrilməsini şərtləndirir.
Azərbaycanın dövrün çağırışlarını yüksək səviyyədə yerinə yetirməsi
ölkəmizin həm iqtisadi, həm də siyasi müstəqilliyinin təmin
edilməsində əhəmiyyətli rol oynayır. Daim malik olduğu təbii
resurslara görə dünyanın diqqətində olan Azərbaycanın bu
ehtiyatlardan səmərəli istifadə etmək məqsədilə iştirakçısı və
təşəbbüsçüsü olduğu enerji layihələrini uğurla həyata keçirməsi
yeni körpülərin qurulmasında, əməkdaşlıq əlaqələrinin
coğrafiyasının genişlənməsində öz sözünü deyir.
Ümummilli Lider Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft
amilinə xüsusi önəm verməsi bu günümüzə və gələcəyimizə xidmət edən
mühüm addımlardan biri oldu. Öncə regional çərçivədə qurulan
əməkdaşlıq zaman keçdikdə coğrafiyasını genişləndirdi, beynəlxalq
miqyas aldı. Cənub Qaz Dəhlizi, onun əsas tərkib hissəsi olan TANAP
və TAP layihələri bu gün dünyanın enerji təhlükəsizliyinin
təminatında mühüm rol oynayır. Ulu Öndər Heydər Əliyevin müəllifi
olduğu neft strategiyasının əsas tərkib hissəsi olan “Əsrin
müqaviləsi”nin davamı olaraq imzalanmış “Yeni əsrin müqaviləsi” bu
gün Azərbaycana beynəlxalq arenada iqtisadi və siyasi dividendlər
qazandırır. İqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla
həyata keçirilməsi qeyri-neft sektorunun uğurlu inkişafına yol
açır.
Artıq bugünün çağırışı yaşıl enerjiyə keçiddir. Bu baxımdan ötən
ilin noyabrında Bakıda keçirilən COP29 tədbiri Azərbaycanın bütün
imkanlarının təqdimatında əhəmiyyətli rol oynadı. Ötən ilin
diplomatik uğuru olan COP29 iqlim konfransına ev sahibliyimizi,
eyni zamanda, Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsini
xatırlasaq bu gün ölkəmizin beynəlxalq münasibətlər sistemində
yerini və rolunu aydın şəkildə görə bilərik. “Yaşıl dünya naminə
həmrəylik ili”nə təsadüf edən bu mühüm hadisələr Azərbaycanın
beynəlxalq nüfuzunun təqdimatı oldu. Azərbaycanın COP29 iqlim
konfransına yüksək səviyyədə ev sahibliyi bu sahədə zəngin
təcrübəyə malik olduğunu nümayiş etdirdi. Qısa müddətdə Azərbaycan
COP-un rahat və yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi
hazırlıqları həyata keçirməyə nail oldu.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə Trend-ə açıqlamasında
bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, Bakıda keçirilən COP29
tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşdü. 80 dövlət və
hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının
qatıldığı COP29-un yüksək səviyyədə təşkili və əldə olunan
nəticələr qonaqlar tərəfindən yüksək dəyərləndirildi. COP29-a
hazırlıq dövründə genişmiqyaslı və planlaşdırılmış böhtan və
qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycan iqlim danışıqlarında
tarixi nəticələr əldə etməyə müvəffəq oldu. “Yaşıl dünya naminə
həmrəylik!” şüarını rəhbər tutan Azərbaycan bitərəf vasitəçi kimi
çıxış edərək danışıqların qərəzsiz aparılması üçün bütün imkanları
yaratdı. Bütün proses boyu Azərbaycan inkişaf etməkdə olan
ölkələrin, xüsusilə kiçik ada dövlətlərinin və ən az inkişaf etmiş
dövlətlərin ehtiyaclarını nəzərə alan nəticə əldə etməyə çağırış
etdi. Azərbaycan, həmçinin müstəmləkə idarəçiliyi ilə daha da
ağırlaşan ekoloji problemlərdən əziyyət çəkən xalqlar və regionlar
ilə həmrəylik nümayiş etdirdi. Eyni zamanda, Azərbaycan inkişaf
etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülərin qurulması
üçün səylərini əsirgəmədi və bunun nəticəsində dünya tarixi Bakı
nailiyyətinə şahid oldu. COP29-da İtki və Zərər Fondu tam işlək
vəziyyətə gətirildi. Ən əsası, Bakı iqlim konfransı 2035-ci ilə
qədər inkişaf etməkdə olan ölkələrə 300 milyard ABŞ dolları təmin
etmək üçün qarşıya yeni qlobal məqsəd qoyan Yeni Kollektiv Kəmiyyət
Məqsədini qəbul etdi. Şübhəsiz, bu razılaşma inkişaf etməkdə olan
ölkələrə iqlim dəyişmələrinin fəsadları ilə mübarizədə kömək
edəcək. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Bakı nailiyyəti
çoxtərəfliliyin təntənəsi, iqlim diplomatiyasında dönüş nöqtəsi
oldu.
Vüqar Rəhimzadə vurğulayıb ki, COP29 ilə Braziliyada keçirilən
COP30 arasında müqayisəli təhlil aparsaq tamamilə fərqli bir
mənzərənin şahidi olarıq. Möhtəşəmliyi, yüksək təşkilatçılığı,
iştirakçıların say tərkibi, qəbul olunan qərarları ilə tarixə
yazılan COP29-u heç bir baxımdan yadda qalmayacaq, ardıcıl problem
yaşayan COP 30-u müqayisə etmək belə mümkün deyil. Bu gün
Azərbaycanın ev sahibliyi ilə Braziliyanın ev sahibliyi arasında
fərq diqqətdən kənarda qalmır. Braziliya iqlim konfransına hazırlıq
prosesi zamanı COP30-un təyin olunmuş prezidenti, braziliyalı səfir
Andre Korrea do Lago mətbuata müsahibəsində “Ötən il noyabrda
Azərbaycan COP29-a ev sahibliyi etdi. Azərbaycanın bu prosesdəki
rolunu necə qiymətləndirirsiniz” sualını cavablandırarkən
bildirmişdir ki, bu, həqiqətən də çox məhsuldar və uğurlu bir il
idi. Azərbaycanın nümayəndə heyətində, hökumətində və işgüzar
dairələrində çoxlu dəyərli tərəfdaşlar qazandıq. Bakı COP-u konkret
hədəflərlə yadda qaldı. Həmçinin COP29 bir sıra hədəflərə nail
oldu. Hazırda da Azərbaycanla sıx əməkdaşlıq edirik, çünki ölkəniz
hələ də Sədrlik funksiyasını yerinə yetirir. COP-un təşkili
sahəsində Azərbaycan hansı istiqamətlərdə Braziliyaya dəstəyinə
gəldikdə isə COP30-un prezidenti qeyd etmişdir ki, Azərbaycan bu
prosesdə çox böyük dəstək göstərir.
Millət vəkili bildirib ki, ötən ilin mühüm uğurlarından biri də
ölkəmizin dekabrın 19-da D-8 təşkilatına üzv qəbul olunması oldu.
D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı 1997-ci ildə, inkişaf etməkdə
olan səkkiz ölkə tərəfindən qurulub. Bu təşkilatın məqsədi üzv
ölkələr arasında iqtisadi, ticarət, maliyyə və texnoloji
əməkdaşlığı inkişaf etdirmək, sosial və mədəni əlaqələri
gücləndirməkdir. Misirin paytaxtı Qahirə şəhərində inkişaf etməkdə
olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI
Sammitində ölkəmiz yekdilliklə D-8 təşkilatının üzvü seçildi.
Azərbaycanın quruma üzvlüyü uğurlu siyasətinin, beynəlxalq
münasibətlər sistemində möhkəmlənən mövqeyinin, söz sahibliyinin
nəticəsi kimi dəyərləndirildi. Təşkilatın məqsəd və məramını nəzərə
alsaq Azərbaycanın bu quruma üzvlüyünün məhz dünyanı Azərbaycana
toplayan COP29 tədbirindən sonrakı dövrə təsadüf etməsi özündə
bütün məqamları ehtiva etdi. Prezident İlham Əliyevin qətiyyətli və
uğurlu xarici siyasətinin məntiqi nəticəsi olan D-8-ə üzvlüyümüz
təşkilat yarandığı gündən ilk genişlənmə kimi əlamətdar oldu.
Bu baxımdan Bakıda “Dialoqun, əməkdaşlığın və regional
həmrəyliyin təşviq edilməsi” mövzusunda D-8 Media Forumunun
keçirilməsi böyük əhəmiyyət kəsb edir. D-8 Media Forumu olduqca
böyük əhəmiyyət kəsb edən bir platformadır. Forum ölkələrimiz
arasında mövcud olan dostluğun, əməkdaşlığın və qarşılıqlı etimadın
bariz təzahürüdür. Dövlət başçısı İlham Əliyev D-8 Media Forumunun
iştirakçılarına müraciətində də bildirdi ki, əlamətdar haldır ki,
otuz ilə yaxın müddət ərzində fəaliyyət göstərən bu təşkilat ilk
dəfə olaraq genişlənmə ilə əlaqədar qərar qəbul etmişdir. Bu,
ölkəmizə olan beynəlxalq etimadın göstəricisi, təşkilata üzv olan
hər bir ölkə ilə möhkəm dostluq və əməkdaşlıq münasibətlərimizin,
birliyimizin və həmrəyliyimizin təzahürü idi. 1,2 milyard əhalini
əhatə edən və böyük iqtisadi potensiala malik D-8 təşkilatına üzv
olan dövlətlər ortaq dini-mədəni dəyərləri bölüşürlər. Bu gün artıq
üç qitəni əhatə edən D-8 platforması dayanıqlı iqtisadi artım,
rəqəmsal transformasiya, süni intellekt, qlobal iqlim dəyişmələri
ilə mübarizə və enerji təhlükəsizliyi kimi mühüm sahələrdə inkişafı
irəli aparmaq üçün geniş imkanlara malikdir. Hazırda media mühiti
sürətli transformasiyaya məruz qalır. D-8 Media Forumunun əsas
vəzifələrindən biri – doğru, qərəzsiz, obyektiv və məsuliyyətli
informasiya mühitinin qurulması üçün üzv ölkələrin media qurumları
arasında etibarlı əməkdaşlığın formalaşdırılmasıdır.
Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycanın D-8-ə üzvlüyə qəbul
edilməsindən ötən bir ilə yaxın müddət ərzində ölkəmizin təşəbbüsü
ilə Bakı şəhərində D-8 ölkələrinin QHT-lərinin ilk dəfə görüşü
təşkil olundu, D-8 Həftəsi çərçivəsində “D-8 Yüksəksəviyyəli İqlim
və Şəhərsalma Dialoq”u baş tutdu. Dövlət başçısı İlham Əliyev
müraciətində bu əminliyi də ifadə edir ki, Azərbaycan bundan sonra
da təsisat çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsinə öz
töhfəsini verməyə davam edəcək.
Milli Məclisin deputatı bu ümumiləşdirməni aparıb ki,
Azərbaycanın xarici siyasətinin dəyişməz prinsipləri onun daim yeni
tərəfdaşlar qazanmasında əhəmiyyətli rol oynayır.

