
Bakı.Trend:
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin
əməkdaşları narkotik vasitələrin ölkə ərazisində qanunsuz
dövriyyəsinin qarşısını almaq üçün mübarizə tədbirlərini davam
etdirirlər. Paytaxtın Yasamal rayonunda keçirilən əməliyyatla
əvvəllər də analoji cinayətə görə məhkum olunmuş 1991-ci il
təvəllüdlü Vasif İsmayılov saxlanılıb. Onun sərnişin qismində
əyləşdiyi avtomobilə baxış zamanı 10 kiloqram 65 qram marixuana
aşkarlanıb.
Trend xəbər
verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, V.İsmayılov ifadəsində narkotik vasitələri
şəxsiyyəti araşdırılan İran vətəndaşından aldığını və onları
sataraq qazanc əldə etmək niyyətində olduğunu etiraf edib.
Saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi
ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Polis bütün ölkəboyu narkotiklərlə əlaqəli əməliyyat və
nəzarət-profilaktik tədbirləri bundan sonra da qətiyyətlə davam
etdirəcək.

