O bir ildırım idi, tariximizin üfüqündə çaxdı, parladı, keçdi – “Qara qızıl”ın mahir zərgəri

Baş səhifə

Bakı. Trend:

Ulu Tanrı yurdumuzdan heç nəyi əsirgəməyib. Azərbaycan adlı
məmləkətimizə həm yeraltı, həm yerüstü sərvətlərə, həm də onu bütün
dünyada şöhrətləndirən böyük dühalar, şəxsiyyətlər, zəka sahibləri
bəxş edib. O zəka sahibləri ki, Azərbaycan elmini yüksəklərə
qaldırmaqla, dünya elminə öz töhfələrini vermişlər. Elm aləmi bir
qızıl üzükdürsə, onun dəyərli gövhərləri alimlərdir. Belə qüdrətli
alimlərdən biri də elm tarixində qara qızılın mahir zərgəri kimi
tanınan və bəşəriyyətin elm tarixinə adı qızıl hərflərlə yazılmış
böyük Azərbaycan alimi, həmyerlimiz, qüdrətli zəka sahibi, elm
korifeyi, böyük vətənpərvər, gözəl qəlbli insan, akademik Yusif
Məmmədəliyevdir.

Elmdə və həyatda yüksək zirvələr fəth etmiş, elmin şöhrət
zirvəsinin uca pilləsinə güclü istedadı və titanik əməyi ilə
yüksəlmiş dünyaşöhrətli alimimiz akademik Yusif Məmmədəliyevin bu
il 120 illiyinin qeyd olunması bizdə böyük qürur və iftixar hissi
oyadır.

Yusif Heydər oğlu Məmmədəliyev 1905-ci il dekabrın 31-də Ordubad
şəhərində anadan olmuş, yaşıllıqlar diyarı, bağlı-bağatlı Ordubad
təbiəti də onun ilk müəllimi olmuşdur. Uşaqlıqdan incəqəlbli,
həssas və həmişə fikirli görünən Yusif həm ailəsində gözəl tərbiyə
almış, həm də torpağı şeirlə yoğrulan və böyük ədəbiyyatçıları ilə
məşhur olan Ordubad mühitində ədəbiyyata və elmə xüsusi həvəs
göstərmişdir. Dil öyrənməkdə xüsusi istedadı var idi. O uşaq
yaşlarında vaxtsız həlak olan qardaşı İlyasdan fars, ərəb, türk
dillərini, sonradan isə ingilis dilini də mükəmməl şəkildə öyrənib
elmi məclislərdə bu dildə sərbəst çıxışlar etmişdi. Yusif
Məmmədəliyev rus və alman dillərinə də yiyələnmişdir. Məhz
uşaqlıqdan hər şeyə belə canlı maraq göstərməsi sayəsində Yusif
Məmmədəliyev gələcəkdə ensiklopedik bilikli alim olmuşdur.

1918-ci ilin iyun ayında Ordubada daşnakların basqını xəbərini
eşidən Hacı Heydər kişi ailəsini böyük itki (oğlu İlyas Arazı
keçərkən suda boğulur) və xeyli çətinlikdən sonra Təbrizə gətirir
və iki ilə yaxın müddətdə orada yaşamalı olurlar.


Təbrizdə bu zaman Azərbaycanın qəhrəman oğlu Şeyx Məhəmməd
Xiyabaninin rəhbərliyi ilə demokratik inqilab baş verir, gənc Yusif
də alovlu vətənpərvərin çıxışlarını dəfələrlə dinləyərək xalqın
azadlıq istəyinə hədsiz sevinirdi. Lakin mürtəce şah rejiminin
qanlı cinayətləri, inqilabın amansızlıqla yatırılması gənc Yusifi
çox mütəəssir edir. Bundan sonra onların ailəsi 1920-ci ildə
yenidən Ordubada köçür.

Və doğma Ordubadda ilk addımlarını atır. Yerli inqilab
komitəsinin xahişi ilə Y.Məmmədəliyev müəllim təyin edilir, ömrünün
axırınadək müəllim amallı, müəllim vəzifəli qalır. Həm öz
yaşıdlarına, həm də yaşlı adamlara dərs deyir. Sevinci də olur,
yersiz dedi-qodular da. Ordubadda ilk qadın məktəbini də
Y.Məmmədəliyev açır. 1923-cü ildə Bakıya gələn Yusif ədəbiyyatçı
olmaq arzusu ilə Azərbaycan Pedaqoji İnstitutunun Dil-ədəbiyyat
fakültəsinə daxil olmaq istəyir, lakin kimyaya həvəsi və ona edilən
tövsiyələri nəzərə alaraq kimyaçı sənətini seçir. Hələ tələbə ikən
fərqləndiyinə görə, 1924-cü ildə Azərbaycan ziyalılarının I
qurultayına nümayəndə seçilir və böyük məruzə ilə çıxış edir.
1926-cı ildə Pedaqoji İnstitutu bitirdikdən sonra Gəncəyə təyinat
alır. O, dərs dediyi uşaqlara kimyanı böyük həvəslə tədris edər və
onlara belə nəsihət edərdi: “Özünüz də axtarın, araşdırın, təbiətdə
açılmamış sirlər çoxdur. Daş-qaşla deyil, yalnız elmlə üstünlük
əldə edə bilər, xalqımıza çox xeyir verərsiniz!”

Axtarış həvəsi, öyrənmək ehtirası Yusif Məmmədəliyevi 1929-cu
ildə Moskva Dövlət Universitetinin Kimya fakültəsinə gətirir.
Məşhur alim, akademik N.D.Zelinskinin tələbəsi olur. O gənc Yusifin
istedadını görür, onu elmi işlə məşğul olmağa sövq edir. 1931-ci
ildə MDU-nu bitirib Moskvanın kimya zavodlarının birində mühəndis
işləyən Y.Məmmədəliyevin ürəyi isə daim vətəni Azərbaycanda idi.
1932-ci ildə o, indiki Azərbaycan Dövlət Aqrar Universitetinə
kafedra müdiri təyin olunur.

Bir il sonra isə Bakıda indiki Neft-Kimya Prosesləri
İnstitutunda işə başlayır ki, burada laborantlıqdan, kiçik elmi
işçidən akademikliyə qədər şərəfli yol keçir.

1938-ci ildə MDU onun neft qazlarının tədqiqi sahəsindəki
sanballı işlərini görə, dissertasiyaya müdafiə etmədən ona kimya
elmləri namizədi alimlik dərəcəsi vermişdi.

Y.Məmmədəliyevin əsas elmi işləri neftin və neft qazlarının
katalitik emalı sahəsindədir. O, müxtəlif karbohidrogenlərin
katalizator iştirakı ilə xlorlaşdırılma və bromlaşdırılmasının yeni
üsullarını təklif etmiş, neft qazlarını, xüsusilə də metanı əvəllər
stasionar katalizator üzərində, sonralar isə qaynar təbəqədə
xlorlaşdırmaqla karbon tetra xlorid, metil xlorid və s. qiymətli
məhsullar alınması yollarını göstərmişdir. Aromatik, parafin və
sikloparafin karbohidrogenlərini doymamış karbohidrogenlərlə
katalitik alkilləşdirilmə sahəsindəki tədqiqatı aviasiya
yanacaqlarının yüksəkkeyfiyyətli komponentlərinin sənaye miqyasında
sintezinə imkan vermişdir.

Y.Məmmədəliyev benzolu apropilenlə alkilləşdirmək yolu ilə
izopropilbenzolun sintezi üsulunu işləyib hazırlamış, bu da İkinci
Dünya müharibəsində aviasiyanın yüksək oktanlı yanacaqla təmin
olunmasına kömək etmişdir.

Yusif Məmmədəliyev Bakı neftinin benzin fraksiyasının katalitik
aromatikləşdirilməsi, yuyucu maddələr və silisium-üzvi birləşmələr
alınması, piroliz məhsullarından plastik kütlə istehsalı və
Naftalan neftinin təsir mexanizminin öyrənilməsi sahələrində də
mühüm işlər görmüşdür.

Xüsusilə Böyük Vətən müharibəsi dövründə Y.Məmmədəliyevin
xidmətləri misilsizdir. Müharibənin başlanğıcında müdafiənin nəhəng
tələbatlarını ödəmək tapşırığı Yusif Məmmədəliyevə həvalə olunur.
Top mərmiləri və minaların hazırlanmasında partlayıcı maddələrin
əsas komponenti olan toluol hasilatı prosesini ilk dəfə
müəyyənləşdirib istehsalatda tətbiq etdirir.

Y.Məmmədəliyev sovet kimyaçıları sırasında ilk olaraq Dövlət
Müdafiə Komitəsinin daha bir sifarişini qısa müddətdə yerinə
yetirərək yüksək oktanlı benzin istehsalını təmin etdi. Bakıda
bunun üçün dəyəri 12 milyon manat olan zavod tikildi.

1941–1944-cü illərdə Bakı neft ayıranları cəbhəyə 12 milyon 42
min ton yüksəkkeyfiyyətli benzin verdilər. Bu elmi rəşadətə görə
Yusif Məmmədəliyev o dövr üçün yüksək mükafat olan “Lenin” ordeninə
layiq görüldü. Y.Məmmədəliyevin elmi kəşfləri və ixtiraları
alimlərini heyrətə gətirmişdi.

Akademik N.İ.Şuykin Yusif Məmmədəliyevi kimyada yeni istiqamət
“Alkilləşmənin kralı” adlandırırdı. Böyük xidmətlərinə görə 1942-ci
ildə kimya elmləri doktoru və professor adını almışdır.

Y.Məmmədəliyev həm də istedadlı elm təşkilatçısı idi. Fitri
təşkilatçılıq qabiliyyətinə malik idi. Y.Məmmədəliyevin istər
akademiyamızın, istərsə də onun bir çox müəssisə və tədqiqat
institutlarının açılmasında misilsiz xidmətləri olmuşdur.

Məlumdur ki, Azərbaycanda akademiya qonşu respublikalara
nisbətən gec – 1945-ci ildə açılmışdı. Bu da qabaqcıl ziyalıları
Üzeyir Hacıbəyovu, Səməd Vurğunu, Y.Məmmədəliyevi, Mir Əsədulla
Mirqasımovu, Mirzə İbrahimovu və bir çoxlarını narahat edirdi.
Moskvadan akademikliyə namizəd olan kadrları və müxtəlif
elmi-tədqiqat institutularını yoxlamaq üçün böyük bir komissiya
gəlir. Nəhayət, sorğu-sual meydanına bəstəboy Yusif Məmmədəliyev
girir. Bir neçə saat davam edən sorğu-sual və müzakirələrdən sonra
SSRİ EA-nın prezidenti Komarov elan edir ki, təkcə Yusif
Məmmədəliyev kimi bir alimi olan respublikada akademiya açılmağa
dəyər.

Beləliklə, Azərbaycanda Elmlər Akademiyası fəaliyyətə başladı.
Y.Məmmədəliyev kimya sahəsində ilk akademik seçildi. Əslində o özü
“canlı akademiya” idi. Həmin ildə böyük alim Neft İnstitutunu
təşkil etdi və ilk direktoru oldu. 1947-ci ildə Azərbaycan EA-nın
prezidenti seçildi. Onun elmi fəaliyyətində yeni daha məsuliyyətli
və məhsuldar dövr başladı. Prezident olduğu 6 il ərzində (1947–1951
və 1958–1961) 20-dən çox azərbaycanlı alim Lenin və SSRİ dövlət
mükafatına layiq görüldü.

1948-ci ildə onun təşəbbüsü ilə “Bilik” cəmiyyəti təşkil
edilmişdir. 1948–1950, 1958–1961-ci illərdə cəmiyyətin Rəyasət
heyətinin sədri olmuşdur. Y.Məmmədəliyev 1951-1954-cü illərdə
EA-nın fizika, kimya və neft üzrə akademik katibi işləmiş,
1954-58-ci illərdə ADU-nun rektoru olmuşdur.

Yüksəkixtisaslı elmi kadrlar hazırlanmasında böyük xidməti
olmuşdur. O SSRİ, ABŞ, İtaliya, Fransa, İngiltərə, Polşa,
Monqolustan və b. ölkələrdə elmi qurultay, simpozium və
konqreslərdə respublikamızı dəfələrlə təmsil etmişdir. Onun
ADU-dakı nümunəvi fəaliyyəti dövlət tərəfindən yüksək
qiymətləndirilərək “Qırmızı əmək bayrağı” və “Şərəf nişanı”
ordenlərinə layiq görülmüşdür. Bir çox elmi müəssisələrin və
SSRİ-də ilk olaraq Sumqayıt Sintetik Kauçuk zavodunun tikilməsi
məhz Y.Məmmədəliyevin adı ilə bağlıdır.

Y.Məmmədəliyev elmin, mədəniyyətin bütün sahələrinə böyük diqqət
və qayğı göstərmişdir. Onun Şamaxı Astrofizika Rəsədxanasını açmaq
ideyası da maraqla qarşılanmışdı. Rəsədxananın avadanlığının bir
çoxu isə böyük məbləğdə pulla xaricdən alınmalı idi. 1959-cu ildə
Y.Məmmədəliyevin Almaniyaya rəsədxana üçün sifariş etdiyi böyük
teleskop (diametri 2 m) Moskvaya gətirilir. Bundan xəbər tutan
Ermənistan EA-nın prezidenti Moskvadakı A.Mikoyanla danışır ki, bu
teleskop Ermənistandakı Byurakan Rəsədxanasına, oradakı köhnə
teleskop isə Azərbaycana verilsin. Ermənilərin Moskvadakı böyük
hamisi Mikoyan belə etməyə çalışır.




Bunu bilən SSRİ EA-nın prezidenti A.Nesmeyanov Y.Məmmədəliyevə
vəziyyət haqqında teleqram göndərir. Yusif Məmmədəliyev iclas
apararkən teleqramı alır. Tez iclası müavini M.Topçubaşova tapşırıb
özü Moskvaya uçur. 3 gün sonra həmin teleskop qatarla Bakıya
çatdırılır. Onu yaxından tanıyanların çoxu qeyd edir ki, Yusif
Heydər oğlunun müstəsna dərəcədə hazırcavablığı və hipnozedici
qabiliyyəti var idi. Görünür ki, bu keyfiyyətləri olduğu üçün
teleskopu ambarsumyanlardan qopara bilmişdir. Sonradan onun böyük
uzaqgörənliyi ilə Şamaxı Astrofizika Rəsədxanası (hətta yerini də
özü müəyyən etmişdi) elm xəzinəsinə xeyli yeniliklər verdi.

İndi Ayda “Nyuton”, “Keldış”, “Vinoqradov” kraterləri ilə yanaşı
həmin rəsədxananın alimi Nadir İbrahimovun şərəfinə “İbrahimov”
krateri də var.

Ədəbiyyatımıza, incəsənətimizə, görkəmli elm adamlarına və
şairlərimizə qayğı ilə yanaşan Y.Məmmədəliyevin təşəbbüsü ilə
əlyazmaların qorunması üçün Əlyazmalar Fondu yaradılmışdır.

Y.Məmmədəliyev böyük vətənpərvər alim idi. Hara getmişsə,
Azərbaycan vətəndaşı olması ilə fəxr etmiş, Azərbaycanın elmini
ləyaqətlə təmsil edərək Azərbaycanın adını yüksəklərə qaldırmışdır.
Vətəni, qədim Bakını, ümumiyyətlə, Azərbaycanı gülüstana çevirmək,
gözəlliyini artırmaq onun arzusu idi. Doğma Ordubadın, onun
təbiətinin vurğunu idi. Hər dəfə gələndə nə qədər kövrək hisslər
keçirərdi. Böyük alimin hətta Bakının su probleminə həsr edilmiş
elmi sessiyanın təşəbbüsçüsü və təşkilatçısı olmuşdur.

Y.Məmmədəliyev 1952-ci ildən Respublika Sülhü Müdafiə
Komitəsinin Rəyasət Heyətinin üzvü idi. Humanist amallı alim bu
təşkilatda xeyli səmərəli fəaliyyət göstərmişdir. Sülhün carçısı
kimi o, atom və nüvə silahlarının təhlükəsini qabaqcadan görərək
nüvə enerjisinin ancaq sülh məqsədləri üçün bəşəriyyətin xeyrinə
istifadə olunmasını təbliğ edirdi.

Y.Məmmədəliyev mədəniyyətimizin vurğunu və yorulmaz təbliğatçısı
idi. İncə zövqə və həssas qəlbə malik olan Yusif hələ kiçik
yaşlarından ədəbiyyata meyil göstərər, Firdovsinin, Xaqaninin,
Nizaminin, Sədinin, Füzulinin, Cavidin, Sabirin və başqalarının
şeirlərini oxumaqdan yorulmazdı. Özü də ara-sıra şeirlər yazardı.
Dünya ədəbiyyatında humanist ideyalar carçısı Nizami Gəncəvinin
“Xəmsə”si, Sədi Şirazinin hikmətlərlə dolu “Gülüstan” və “Bustan”ı,
Firdovsinin “Şahnamə”si onun ilham mənbəyi idi. Mirzə Sadıq
Ordubadi, Mirzə Məmməd Ordubadi, İbrahim Ordubadi, Hacağa Fəqir
Ordubadi, Məmməd Səid Ordubadi, Məhəmməd Tağı Sidqi və s. görkəmli
şair və yazıçılar yetişdirmiş, Ordubad topağının yazıçılar ittifaqı
rolunu oynayan Ordubad şəhərində fəaliyyət göstərən
“Əncüməni-şüəra” məclisi Y.Məmmədəliyevin formalaşmasına və
inkişafına güclü təkan vermişdir.

1955-ci ildə onun ədəbiyyatımıza böyük qayğısını və məhəbbətini
ifadə edərək Xalq şairi Səməd Vurğun ADU-da çıxış edərək
təvazökarlıqla demişdir: “Kaş ədəbiyyatımızı, onun tarixini və
problemlərini Yusif Məmmədəliyev kimi biləydim”.

Dilimizə sonsuz qayğı bəsləyir və deyirdi: “Öz dilini
incəliklərinədək bilməyənlərdən əsl xalq ziyalısı ola bilməz”.

Bir dəfə ABŞ-dən gəlmiş alim Nizami muzeyi ilə tanış olarkən
əməkdaşdan bir eksponatını altındakı farsca yazını oxuyub ingilis
dilinə tərcümə etməyi xahiş edir. Həmin əməkdaşın çətinlik
çəkdiyini görən Yusif Məmmədəliyev dərhal irəli gəlib yazını oxuyub
ingilis dilinə tərcümə etmişdir. Bu zaman Amerika alimi təəccübünü
gizlətmədən EA prezidentinin ensiklopedik biliyinə heyran olduğunu
bildirmişdi.

Astronomiya ilə bağlı Yusif Məmmədəliyevlə görkəmli alim,
akademiklərin toplaşdığı bir məclisdə (İrəvanda) astronom
Ambarsumyan arasında yarım saat davam edən sual-cavab hamını heyran
qoyur. Sonda akademik SSRİ EA-nın prezidenti təəccübünü gizlədə
bilməyərək “Bu kimyaçı alim astronomiyanın müasir problemlərini
belə dərindən haradan bilir?” sualına akademik yarızarafat,
yarıgerçək belə cavab verir: “Vaxtilə ehtiyac məcbur etdiyi üçün
bir az öyrənmişəm”.

Y.Məmmədəliyev həm də elm tarixşünası idi. Bir çox tarixi
həqiqətlərə söykənən proqnozlar vermiş və bunlar da özünü sonradan
doğrultmuşdur.

Y.Məmmədəliyev muğamlarımızın divanəsi idi. Musiqimizin, aşıq
musiqisinin, incəsənətimziin və təbiətimizin vurğunu idi.
Şəxsiyyətə pərəstiş dövrü illərinin ağır nəticələri az qala onu da
tutacaqdı. Dəfələrlə M.Bağırovla üzləşmə təhlükəsi olub. Öz
dostları arasında tez-tez deyərdi ki, üç dəfə (1937, 1948, 1950-ci
illərdə) real ölümün pəncəsindən çıxmışdır.

Y.Məmmədəliyev böyük xeyirxah insan idi. Xeyirxahlıq günəşi hər
kəsin daxilində olur. Bu isə o deməkdir ki, Günəş öz nurunu hamıya
eyni dərəcədə payladığı kimi humanist insanlar da öz
xeyirxahlıqlarını eyni dərəcədə insanlardan əsirgəmirlər. Onun ən
gözəl keyfiyyəti insanlara məhəbbət idi. Xasiyyətində, davranışında
ən böyük gözəlliyi hikmətlə dolu sadəliyi, təvazökarlığı idi.
Y.Məmmədəliyev gözəl ailə başçısı, səmimi, mehriban və qayğıkeş ata
idi. O, övladlarını (3 qızı var idi) milli ruhda tərbiyə edər,
gözəl nəsihətlər verərdi. Sonradan qızı Sevda Məmmədəliyeva
filologiya elmləri doktoru kimi atasının alimlik yolunu davam
etdirmişdi.

Y.Məmmədəliyev istər rektor işləyəndə, istərsə də akademiyanın
prezidenti olanda yolu Moskvaya, Leninqrada, Kiyevə düşəndə orada
təhsil alan azərbaycanlı tələbələrlə görüşər, ehtiyaclarını öyrənib
maddi və mənəvi kömək göstərərdi. Onunla çiyin-çiyinə işləmiş
akademik M.Topçubaşov onu insanlıq möcüzəsi adlandıraraq deyirdi: “Yusif mənim üçün insanlıq, vətəndaşlıq və alimlik ölçüsüdür”.

“Xeyir işlər görməyə tələsin!” – Şərq mütəfəkkirinin bu kəlamı
alimin həyat məramı idi. Akademik A.Mirzəcanzadə yüksək insani
keyfiyyətlərini qiymətləndirərək deyirdi: “Əgər haçansa insanın
xeyirxahlığını ölçmək üçün fiziki vahid tətbiq etmək lazım gələrsə,
onu “1YM” – Yusif Məmmədəliyevin insialları ilə adlandırmaq
lazımdır”.

Yusif Məmmədəliyevin 90 illiyinə həsr olunmuş yubiley
təntənəsində böyük nitqlə çıxış edən ölməz liderimiz Heydər Əliyev
akademikin həyat və fəaliyyətinin geniş təhlilini verib, alim,
maarifçi, ensiklopedist, ictimai xadim, böyük vətəndaş və gözəl
insan olan Yusif Məmmədəliyevin Azərbaycan elminin, dövlətçiliyinin
püxtələşməsinə, inkişafına göstərdiyi misilsiz töhfəni və görkəmli
xidmətlərini vurğulayıb, həmişə yüksək qiymətləndirmişdir.

Görkəmli alim, akademik Y.Məmmədəliyev öz kəşflərinə və böyük
elmi rəşadətinə görə “Nobel” mükafatına təqdim olunacaqdı. Yenə də
işdə “erməni barmağı” göründü. 1957-ci ilin dekabr ayının 29-da,
səhər saat 10-da MK-nın Siyasi Bürosunun tam tərkibli iclasında
N.S.Xruşşov üçüncü məsələ olaraq Y.Məmmədəliyevin elmi kəşfinə
keçən kimi bütün büro üzvləri, MK üzvləri və namizədlər fəallıq
göstərdilər, onun elmi işini “Əsrin hadisəsi” adlandırdılar. Ona
dair sənədlərin Nobel Mükafatları Komitəsinə təqdim olunması
qərarına bir neçə dəqiqə qalmış yenə də hər şey başqa yön aldı.
Birdən iclasın ünvanına gəlmiş qəfil məktub üzə çıxdı. Bu məktubu
MK katibliyi təqdim etmişdi. Məktubda Sovet Ordusu Arxa Təchizat
İdarəsinin rəisi marşal Baqramyan və tank qoşunları generalı
Babacanyan alimin misilsiz elmi nailiyyətlərini sözdə guya təqdir
etsələr də, hərbi sirləri özündə ehtiva etdiyinə görə sənədlərin
Stokholma göndərilməməsini məsləhət görürdülər.

Təmiz su çəlləyinə atılmış bu bir damcı qətran deyilmiş müsbət
fikirləri bulandırdı. Gerçəkləşməyə doğru gedən ovqat dəyişdirindən
adətən az danışmağı sevən DTK sədri A.Şepilovun məktubun məzmununa
etirazlarına baxmayaraq ədalətin təntənəsi alınmadı. Axırda büro
üzvü Mikoyan yarım saatlıq şeytani çıxışında hayk generallarınınm
təşvişinə haqq qazandıraraq sözdə böyük kimyaçını bol-bol
tərifləyib hərbçilərinin fikrinə şərik olduğunu bildirdi. Bununla
da xalqımızın zəkaları tarixində layiq olduğu ilk Nobel mükafatı
imkanı da düşmənlərimiz tərəfindən heçliyə gömüldü. Mikoyan ikinci
dəfə daha bir yaşıl yarpağımızı gəmirdi. Bakı isə gizli-aşkar
susurdu. Bütün bunlara baxmayaraq dünya bu gözəl alimi tanıyır və
yüksək qiymətləndirir. YUNESKO-nun 2005-ci ili “Yusif Məmmədəliyev
ili” elan etməsi də ona olan böyük qiymətdir. Bizim bu gün də adı
Aristotel, Eynşteyn, Nils Bor və Norbert Vinerlə yanaşı tutulan
dünya elmində kompüter sahəsində yeni ab-hava yaratmış professor
Ələsgər Lütfizadə, 1960-cı ildə lazer texnologiyasını ilk olaraq
kəşf etmiş professor Əli Cavan, 1970-ci ildə ultrasəslə canlı
bioloji toxumaların (sümüklərin) qaynağı, kəsilməsi və
birləşdirilməsi sahəsində kəşflər etmiş professor Elyaz Babayev və
başqaları dünya alimləri içərisində öz sözlərini demiş, Azərbaycanı
yüksəklərə qaldırmışlar.

Prezident İlham Əliyevin 28 fevral 2005-ci il tarixli Sərəncamı
ilə böyük alim, akademik Yusif Məmmədəliyevin 100 illik və 5 iyul
2025-ci il tarixli Sərəncamı ilə onun 120 illik yubileyinin qeyd
olunması bir daha xalqımızın və dövlətimizin öz elminə və
alimlərinə olan diqqət, qayğı və məhəbbətinin təzahürüdür.

Ölməz o adamdır ki, öləndən sonra Vətən üçün böyük və faydalı
yadigarları ilə qalır. Məhəmməd Peyğəmbər deyirdi ki, elmlə məşğul
olan, öyrənən və elmi başqalarına öyrədən mərhəmətli alim, bilikli
insan daim parlayan nurlu aləmə işıq saçan ulduza bənzəyir. Ən
böyük, ən şərəfli, ən ləyaqətli adam elmi ilə əməli tam vəhdət
təşkil edən alimdir: “Alimlər dünyada və axirətdə ümmətimin
çırağıdırlar”.

Böyük alim, cəfakeş insan olan Yusif Məmmədəliyev 1961-ci il 15
dekabrda 56 yaşında Bakı şəhərində vəfat edib. Onun vəfatı
Azərbaycan elmi üçün, xalqımız üçün böyük itki idi. O bir ildırım
idi. Tariximizin üfüqündə çaxdı, parladı, keçdi… Keçdi deməyə
adamın dili də gəlmir. Əslində Yusif Məmmədəliyev ruhən bu gün də,
sabah da bizim xatirimizdə, beynimizdə, qəlbimizdə yaşayır və
yaşayacaqdır. Yusif Məmmədəliyevin ölməz əsərləri dünya elminə
işığını saçdığı üçün adını və xatirəsini bütün elm dünyası da
yaşadır və yaşadacaqdıq. Bizim onun adı ilə dünyanın ən mədəni
xalqları sırasında durmağa haqqımız var. Bu haqqı bizə böyük
alimimiz Yusif Məmmədəliyev vermişdir. O bizim əbədi
iftixarımızdır. Biz bu gün onu böyük ehtiramla yada salır, onun
xatirəsi qarşısında baş əyir və deyirik: “Qəbrin nurla dolsun, ey
böyük insan!”

Əyyar SƏFƏROV,
Ordubad rayon Əndəmic kənd tam orta məktəbinin
direktoru

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir