
Bakı. Trend:
Orta Dəhliz – sadəcə nəqliyyat marşrutu deyil: o,
innovasiyaları, əməkdaşlığı və iqtisadi artımı stimullaşdırır.
Trend ABŞ-nin
Gürcüstandakı səfirliyinə istinadən xəbər verir ki, bunu ABŞ-nin
Gürcüstandakı müvəqqəti işlər vəkili Alan Pörsell Avropa
İttifaqı-Gürcüstan Biznes Şurası tərəfindən təşkil olunan “Qara
dəniz Platforması” illik konfransında bildirib.
O, Orta Dəhlizdə – Mərkəzi Asiyanı dünya bazarları ilə
birləşdirən əsas ticarət marşrutunda – Gürcüstanın mühüm rolunu
vurğulayıb.
“Pörsell çıxışında ABŞ-nin uzun illərdir Gürcüstanın bu dəhlizin
inkişafı istiqamətindəki səylərini dəstəklədiyini vurğulayıb. Bu
dəstəyə Korporativ İnkişaf Maliyyələşdirmə Korporasiyasının (DFC)
Poti limanının imkanlarının genişləndirilməsi və regional
əlaqəliliyin gücləndirilməsi üçün yeni dəniz limanının tikintisinə
yatırdığı böyük investisiyalar da daxildir”, – deyə məlumatda qeyd
olunub.
Səfirliyin məlumatına əsasən, o, həmçinin energetika,
infrastruktur, rəqəmsal ticarət və logistika kimi sahələrdə Amerika
şirkətlərinin artan marağına diqqət çəkib.
“Pörsell vurğulayıb ki, Orta Dəhliz təkcə nəqliyyat marşrutu
deyil: o, innovasiyaları, əməkdaşlığı və iqtisadi artımı
stimullaşdırır. O, son diplomatik irəliləyişi – xüsusilə Ermənistan
və Azərbaycan arasında əldə olunan razılaşmaları – alqışlayıb və
qeyd edib ki, stabillik yeni iqtisadi imkanlar üçün şərait yaradır,
o cümlədən “Beynəlxalq sülh və rifah üçün Tramp Marşrutu” (TRIPP)
vasitəsilə. Pörsell ABŞ-nin Gürcüstana və Qara dəniz regionuna Qara
dəniz və Transxəzər məkanında əlaqəliliyin, sabitliyin və ümumi
rifahın təşviqi istiqamətində dəstəyini bir daha təsdiqləyib”, –
səfirliyin məlumatında bildirilir.

