
Şair, qəzəlxan Arif Buzovnalı Buzovna qəbirstanlığında dəfn edilib.
APA xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri, sənət dostları iştirak ediblər.
Qeyd edək ki, Arif Buzovnalı ilə vida mərasimi Buzovnada yerləşən Məşədi Qərib məscidində keçirilib.
***
10.16
Şair, qəzəlxan Arif Buzovnalı 53 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib.
Bu barədə APA-ya mərhumun yaxınları məlumat verib.
Bildirilib ki, o, bu gün yaşadığı evdə dünyasını dəyişib. Arif Buzovnalı Buzovna qəbirstanlığında dəfn olunacaq.
Qeyd edək ki, Arif Buzovnalı 1972-ci ildə Bakının Buzovna qəsəbəsində anadan olub. 1979–1989-cu illərdə Buzovna qəsəbəsindəki 26 saylı orta məktəbdə təhsil alıb. 1990-cı ildə hərbi xidmətə yollanıb və 1992-ci ildə Sovet ordusunda (sonradan MDB ordusunda) xidmətini başa vurub. 1993-cü ildə Azərbaycan Pedaqoji İnstitutuna qəbul olunsa da, təhsilinə başlamadan könüllü şəkildə Qarabağ cəbhəsinə gedib və atəşkəsə qədər – 1994-cü il 1 mayadək – Əzizbəyov adına Könüllülər Batalyonunda döyüşüb. 1987-ci ildə “Pioner” jurnalına göndərdiyi “Vahidə bənzətmə” şeiri jurnalın konsepsiyasına uyğun olmadığı üçün dərc edilməsə də, həmin şeir 1991-ci ildə “Azərbaycan Gəncləri” qəzetində işıq üzü görüb.

