
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı
şəhəri Binəqədi rayonu, Mehdiabad qəsəbəsində yerləşən çoxmərtəbəli
yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Trend xəbər verir
ki, bu barədə FHN məlumat yayıb.
Dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin
Binəqədi rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Hadisə yerində vəziyyət qiymətləndirilərkən yanğının yeddimərtəbəli
binanın 2-ci mərtəbəsində yerləşən mənzildə baş verdiyi müəyyən
edilib.
FHN-in operativ müdaxiləsi sayəsində yanğın genişlənmədən qısa
müddətdə söndürülüb. Yanğın nəticəsində ümumi sahəsi 61 kv.m olan
ikiotaqlı mənzilin 1 otağının ev əşyaları 10 kv.m sahədə yanıb.
Mənzilin böyük hissəsi və qonşu mənzillər yanğından qorunub.
Yanğın zamanı FHN-in qüvvələri təhlükəsizlik tədbirləri
çərçivəsində 1-i azyaşlı olmaqla 5 nəfər bina sakinini təxliyə
edib.

