
Bakı. Trend:
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri
Konfransının (COP31) 31-ci sessiyasının 2026-cı ilin noyabrında
Türkiyədə təşkil edilməsi nəzərdə tutulub.
Trend xəbər verir
ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yohannesburqda
keçirilən G20 sammitinin sessiyalarından birində çıxışında
bildirib.
Ərdoğan deyib ki, Avstraliya ilə COP31-in birgə təşkili ilə
bağlı əldə olunan razılaşma dünyada konsensus platformalarının
zəiflədiyi bir dövrdə xüsusi əhəmiyyət daşıyır.
Türkiyə lideri sammit iştirakçılarına ölkənin enerji sektorunun
inkişaf planlarından da bəhs edib. O bildirib ki, 2035-ci ilə qədər
Türkiyənin günəş və külək enerjisi gücü dörd dəfə artırılacaq.
Bundan əlavə, 2025-ci ilə qədər ölkənin elektrik enerjisi
istehsalında bərpa olunan enerji mənbələrinin payı 60 faizi
ötəcək.
Prezident həmçinin BMT-nin dəstəyi ilə beynəlxalq səviyyədə
həyata keçirilən Türkiyənin Sıfır Tullantı təşəbbüsünün
əhəmiyyətinə diqqət çəkib.
Qeyd edək ki, daha əvvəl Türkiyə və Avstraliya COP31-in
Antalyada keçirilməsi ilə bağlı razılığa gəlib.

