Azərbaycan və Braziliya iqlim maliyyəsinin 1.3 trilyon dollara yüksəldilməsinə dair “Yol Xəritəsi” hazırlayıb

Baş səhifə

Bakı. Trend:

10-22 noyabr tarixlərində Braziliyanın Belem şəhərində BMT-nin
İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin
30-cu Sessiyası (COP30), 6-7 noyabrda isə Sessiyanın Liderlər
Zirvəsi təşkil olunub.

XİN-dən Trend-ə bildirilib
ki, Liderlər Zirvəsində Azərbaycan Respublikasını Milli Məclisin
Sədri Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti təmsil
edib. Milli Məclisin sədri Azərbaycan Respublikası adından bəyanat
səsləndirib və bir sıra ölkələrin rəhbər şəxsləri ilə ikitərəfli
görüşlər keçirib.

COP30-un rəsmi açılış günündə COP-a sədrlik Azərbaycan
Respublikasından Braziliyaya təhvil verilib. COP29-un sədri,
Azərbaycan Respublikası Prezidentinin İqlim məsələləri üzrə
nümayəndəsi Muxtar Babayev COP30-un açılış sessiyasında çıxış
edərək ötən il Bakıda keçirilmiş COP29 çərçivəsində əldə edilmiş
tarixi nəticələr, eləcə də ölkəmizin COP-a sədrlik etdiyi dövr
ərzində həyata keçirdiyi fəaliyyət barədə məlumat verib. M.Babayev
həmçinin COP29-un sədri qismində COP30 çərçivəsində təşkil olunmuş
bir sıra tədbirlərdə iştirak və çıxış edib, digər nümayəndə
heyətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirib.

COP30-un hər iki seqmentində Xarici İşlər Nazirliyinin (XİN)
heyəti də iştirak edib. Konfrans çərçivəsində XİN nümayəndə heyəti
Konfransın yekununda qəbul edilməsi planlaşdırılan qərarların
qəbulu istiqamətində aparılan danışıqlara cəlb edilib və 2 mühüm
qərarla bağlı danışıqların aparılması və həmin sənədlərin
razılaşdırılması Azərbaycana həvalə olunub.

COP30 sədri Andre do Laqo tərəfindən Azərbaycan xarici işlər
nazirinin müavini Yalçın Rəfiyev və Braziliya xarici işlər
nazirinin müavini Mauricio Lyrioya verilmiş COP31-in ev sahibliyinə
namizəd ölkələr olan Türkiyə və Avstraliya arasında danışıqların
aparılması səlahiyyəti çərçivəsində, 12 gün ərzində aparılmış
intensiv danışıqlardan sonra COP31-in ev sahibliyinin Türkiyəyə
verilməsi barədə qərar qəbul edilib.

Bununla yanaşı, COP30 çərçivəsində COP sədri tərəfindən
Azərbaycan və Norveç nümayəndələrinə Paris Sazişinin Qlobal
Qiymətləndirmə İcmalı (Global Stocktake -GST) ilə bağlı sənədlərin
razılaşdırılması prosesinə onun adından rəhbərlik etmək və
dövlətlər arasında danışıqlar aparmaq mandatı verilib. Bu
danışıqlara Azərbaycan tərəfdən rəhbərliyi xarici işlər nazirinin
müavini Yalçın Rəfiyev, Norveç tərəfdən isə iqlim və ətraf mühit
naziri Andreas Bjelland Eriksen edib.

Azərbaycan və Norveç tərəfi bütün danışıq qrupları ilə apardığı
müzakirələrin nəticəsində mümkün qərar layihələrinə dair
tövsiyələrini COP31-in Braziliya Sədrliyinə təqdim edib və bu
müzakirələr müvafiq sənədlər üzrə qərarların qəbuluna töhfə
verib.

XİN heyəti həmçinin COP29 Sədrinin Fəaliyyət Gündəliyi
çərçivəsində irəli sürülmüş sülh və miqrasiya, su, səhiyyə,
şəhərlər və iqlim şəffaflığı mövzularında təşəbbüslərlə bağlı beş
tədbir keçirib. Bundan əlavə, Azərbaycan nümayəndə heyəti yenilənən
enerji, hidrogen və kənd təsərrüfatı təşəbbüsləri ilə bağlı bir
neçə tədbirin keçirilməsinə həm-təşkilatçı qismində dəstək
göstərib.

Bununla yanaşı, COP29 çərçivəsində qəbul edilmiş Bakı Maliyyə
Hədəfi qərarına uyğun olaraq Azərbaycan və Braziliya tərəfi qlobal
iqlim maliyyəsinin 1.3 trilyon ABŞ dollarına yüksəldilməsinə dair
“Bakıdan Belemə Yol Xəritəsi”ni hazırlayaraq COP30 çərçivəsində
təqdim edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir