Bakı və Naxçıvanda fəlsəfə doktoru imtahanı keçirilib

Baş səhifə

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi tərəfindən Bakı və Naxçıvan şəhərlərində
doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya
təhsilini bitirmiş iddiaçıların xarici dillər üzrə fəlsəfə doktoru
imtahanı keçirilib.

Mərkəzdən Trend-ə bildirilib ki, imtahanın keçirilməsi üçün
ümumilikdə 2 imtahan binası, 3 imtahan rəhbəri, 2 ümumi imtahan
rəhbəri, 19 nəzarətçi, 3 buraxılış rejimi əməkdaşı (mühafizə)
ayrılıb.

Nəticələr “Danışıq bloku” imtahanı keçiriləndən iki həftə sonra
elan olunacaq.




Noyabrın 23-də keçirilən imtahan dinləyib-anlama, oxuyub-anlama,
dildən istifadə (leksik-qrammatik tapşırıqlar) və yazı bloklarından
ibarət olub. Bu imtahanda iştirak etməyən iddiaçılar danışıq bloku
üzrə imtahana buraxılmırlar. Danışıq bloku üzrə imtahan noyabrın
24-də keçiriləcək. İmtahan saat 11:00-da başlayacaq. Bu imtahanda
iştirak edəcək namizədlər “İmtahana buraxılış vərəqəsi”ni buradan
çap edə bilərlər. Danışıq bloku üzrə imtahanda iştirak etməyən
iddiaçılar ilk 4 blok üzrə 30 bal və daha yüksək nəticə göstərsələr
belə, şəhadətnamə ilə təmin olunmayacaqlar.

Həm xarici dil üzrə fəlsəfə doktoru imtahanlarında, həm də
əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə
fəlsəfə doktoru imtahanında namizədlərin və iddiaçıların hər bir
test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv
cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Yazı və
danışıq bloku üzrə tapşırıqlar 10 ballıq şkala üzrə
qiymətləndirilir. Beləliklə, imtahanda toplanıla biləcək maksimal
bal 50-yə bərabərdir. Dinləyib-anlama, oxuyub-anlama, dildən
istifadə (leksik-qrammatik tapşırıqlar), yazı və danışıq blokları
üzrə balların minimum 20 faizini, ümumilikdə isə xarici dil üzrə
fəlsəfə doktoru imtahanından azı 30 bal toplamış iddiaçılar və
əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanından
azı 25 bal toplamış iddiaçılar imtahanın nəticəsinə qoyulan tələbi
ödəmiş hesab edilirlər.

Əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə
fəlsəfə doktoru və danışıq bloku imtahanı dekabrın 1-də
keçiriləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir