
Bakı. Trend:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bazar ertəsi, noyabrın
24-də Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı
planlaşdırıldığını açıqlayıb.
Trend xəbər verir ki,
Yohannesburqda keçirilən G20 sammitindən sonra keçirilən mətbuat
konfransında çıxış edən Türkiyə lideri Ukrayna Prezidenti Volodimir
Zelenskinin bu yaxınlarda Ankaraya səfər etdiyini xatırladıb. “Bu
həftə Zelenskini ölkəmizdə qəbul etdik və sabah Putinlə söhbət
edəcəyəm. Ukrayna ilə Rusiya arasında sülh üçün bütün addımları
atmağa hazırıq və bu istiqamətdə səylərin səfərbər olunduğunu elan
etmişik. Ümid edirəm ki, məqsədlərimizə çatacağıq”, – deyən Türkiyə
Prezidenti Kiyevlə Moskva arasında İstanbul sülh prosesinin
bərpasının vacibliyini vurğulayıb.
Türkiyə Prezidenti Qara dəniz Taxıl Dəhlizini xatırladaraq qeyd
edib ki, bu addım “bölgədə sülhə yol açmaq” məqsədi daşıyırdı.
“Təəssüf ki, Taxıl Təşəbbüsünə əməl olunmadı. Mən Putindən sülh
təşəbbüslərinin bərpasını nəzərdən keçirməsini xahiş edəcəyəm.
İnsan itkisinin qarşısını almaq vacibdir”, – deyə Türkiyə lideri
qeyd edib.
Rəcəb Tayyib Ərdoğan, həmçinin əlavə edib ki, Vladimir Putinlə
söhbətindən sonra ABŞ Prezidenti Donald Tramp və Avropa liderləri
ilə Ukrayna ilə bağlı müzakirələr apara bilər.

